Diqqət və qayğının real nəticəsi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilana səfərləri işğaldan azad edilmiş ərazilərimizin dirçəliş salnaməsində daha bir parlaq səhifə kimi yadda qalır. Yağı düşmən tərəfindən viran qoyulmuş yurd yerlərinin müasir şəhər və kəndlərə çevrilməsi, yolların, infrastrukturun, sosial obyektlərin bərpası, yenidən qurulması yeni perspektivlər vəd edir.
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdə ölkə başçısının nitqi aydın təsəvvür yaradır ki, “Böyük Qayıdış” proqramı hər tərəfli olaraq əhalinin rahat yaşamına, bölgənin öz-özünü təmininə və iqtisadiyyata əsaslı dividendlər qazandıracaq. İlk olaraq, Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Kənddə sakinlərin rahat yaşaması və sosial məsələlərin həlli çərçivəsində hər biri 80 yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib. Həmçinin, Şükürbəyli kəndində 35/10 kV-luq elektrik yarımstansiyası inşa edilib, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, həmçinin internet və “İP TV” şəbəkələri yaradılıb.
Əlbəttə, Şükürbəylidə görülən işlər də daxil olmaqla, Cəbrayılın iqtisadi siması göz qamaşdırır. Ölkə başçısının dediyi kimi, azad edilmiş ərazilərdə 2 sənayə zonası planlaşdırılıb ki, bunun 1-i Cəbrayıldadır. Burada yerləşən Araz Vadisi İqtisadi Zonası hazırda Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinin əsas dayaqlarından biri kimi qiymətləndirilir. İranla sərhədə və regionun əsas nəqliyyat marşrutlarına - Zəngəzur Dəhlizinə yaxın yerləşməsi bu sənaye parkını gələcək beynəlxalq logistika və ticarət qovşağına çevirir. Gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq. Parkın vəd etdiyi əsas istiqamətlərdən biri minlərlə yeni iş yerinin yaradılmasıdır. Tikinti materialları, logistika, xidmət, kənd təsərrüfatı texnikası, emal və yüngül sənaye sahələrinin inkişafı bölgədə davamlı məşğulluq formalaşdırmağa hesablanıb. Ümumiyyətlə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 20 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib. Bu ilin mart ayına qədər Parka 43,8 milyon manatdan çox investisiya yatırılıb və 100-ə yaxın iş yeri yaradılıb.
Cəbrayılın bir digər müsbət xüsusiyyəti bərpa olunan enerji mənbələri ilə bağlıdır. Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüş zamanı bildirdi ki, Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir: “Üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq.”
Prezident İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında oldu. Ümumiyyətlə, “Şəfəq” AİŞ, SOCAR və bp arasında imzalanan Səhmdar Sazişi ilə Cəbrayıl rayonunda yaradılmış 240 MVt gücündə Elektrik Stansiyası layihəsidir. Layihə üzrə təxminən 200 milyon dollardan çox investisiya yatırılıb. Bu layihə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi layihəsi və ən böyük xarici investisiya layihəsidir. Qeyd edək ki, “Şəfəq” GES-in illik istehsalı təxminən 500 milyon kilovat/saat olacaq və bu, karbon emissiyasını azaldaraq, enerji qənaətinə kömək edəcək. “Şəfəq” GES, Cəbrayıl rayonunun elektrik şəbəkəsinə enerji ötürəcək , eyni zamanda Səngəçal terminalının enerji ehtiyaclarını bərpa olunan enerjidən təmin edəcək. Layihə, Azərbaycanın yaşıl enerji sektorunu inkişaf etdirmək və ekoloji davamlılığı artırmaq məqsədi daşıyır. Bu stansiya, həmçinin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verəcək.
Cəbrayılın xoş simasına paralel olaraq Zəngilanda da əhəmiyyətli işlər görülmüşdür. Ölkə başçısının və birinci xanımın buraya səfəri əlamətdarlığı ilə seçilir. İlk olaraq, şəhərdə inşa olunan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı Böyük Qayıdış proqramının daha bir mühüm mərhələsinin icrası baxımından önəmlidir. Vaxtilə işğalın izlərini daşıyan bu torpaqlarda indi müasir urbanizasiya modeli formalaşır, yeni həyatın ritmi qurulur. Xatırladaq ki, 2022-ci ildə kompleksin təməlqoyma mərasimində də dövlət başçısı və birinci xanım iştirak etmişdilər.
Bununla yanaşı, beynəlxalq hava limanının və konqres mərkəzinin fəaliyyəti, həmçinin Ağıllı kənd modeli ilə başlayan məskunlaşma prosesi rayonun yalnız bərpa olunmadığını, eyni zamanda müasir inkişaf xəttinə daxil olduğunu göstərir. Zəngilanın strateji mövqeyi onu həm nəqliyyat, həm də idarəetmə baxımından bölgənin gələcək dayaqlarından birinə çevirir.
Burada həyata keçirilən ən diqqətçəkən layihələrdən biri “Dost Aqropark”dır. Zəngilanda yerləşən sözügedən park həm də qardaşlıq simvoludur. Belə ki, buranın təməlini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci il oktyabrın 26-da qoyublar. Bu təsərrüfat layihəsi azad edilmiş ərazilərdə yaradılan ilk kənd təsərrüfatı müəssisəsi kimi çıxış edir. “Dost Aqropark” 10 min baş cins mal-qara hədəfinə yaxınlaşır və təxminən 6 min hektara yaxın sahədə iş aparılır. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyir. Kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulur. Aqropark burada 500 nəfərə iş imkanı yaradır.
Zəngilanla bağlı daha bir yenilik və perspektiv ölkə başçısı tərəfindən səsləndirildi. Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü zamanı bildirdi ki, yaxın gələcəkdə - bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq: “Necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər. Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik.” Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının bəhrəsi olaraq sözügedən lahiyələrin icrası artıq öz reallaşacağı tarixi gözləyir.
Ümumiyyətlə, Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması istiqamətində fəaliyyətini yüksək templə davam etdirir. Cari ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr üzrə 386,2 milyon manat vəsait istifadə olunub. Bu məbləğ illik nəzərdə tutulan vəsaitin 11 faizinə bərabərdir və əsasən sifarişçi təşkilatların təqdim etdiyi kassa sifariş sənədləri əsasında icra edilib. Daha dəqiq yanaşsaq, “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası üçün 3,5 milyard manat vəsait nəzərdə tutulub. Bütövlükdə isə 2020–2026-cı illər ərzində bu ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Ayrılan resursların böyük hissəsi infrastrukturun qurulmasına yönəldilib ki, bu da regionun uzunmüddətli iqtisadi potensialının formalaşdırılmasına hesablanıb.
Bir məqamı da xatırldaq ki, dövlətimiz artıq növbəti mərhələ üçün də strateji planlaşdırmaya başlayıb. Prezidentin sərəncamına əsasən, 2027–2030-cu illəri əhatə edəcək “Böyük Qayıdışa dair II Dövlət Proqramı” hazırlanır. Bu proqram çərçivəsində yüz minlərlə vətəndaşın doğma torpaqlarına qayıdışı nəzərdə tutulur.
Nurlan ABDALOV
XQ

