ABŞ Senatının qərəzli mövqeyi qəbuledilməzdir

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi. Birinci məsələnin ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar olduğunu bildirən sədr dedi ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etmişdir. Lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan, təəssüf ki, bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olmuşdur. 

Təəssüf ki, Ermənistan sülh naminə çalışmaq əvəzinə hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa ça­lışır, ölkəmizə qarşı kampaniyada bütün imkanlardan istifadə edir. Bu məsələ ilə əlaqədar Azərbaycana qarşı bir sıra qey­ri-obyektiv və ədalətsiz qətnamələr qəbul edilmişdir. Bu ədalətsizliyə ABŞ-nin də qoşulduğu təəssüf hissi doğurur.

Noyabrın 15-də ABŞ Senatı “2023-cü il erməniləri müdafiə aktı” adlı sənədi qəbul etmişdir. Elə həmin gün Nümayən­dələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində dinləmələr də keçirilmişdir. Senatın aktında bölgə­dən könüllü getmiş erməni sakinlərin zorla köçürüldüyü iddia edilir. Bu, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı­nın və digər beynəlxalq təşkilatların rəy­lərinə tamamilə ziddir.

Sonra parlamentin komitə sədrləri və deputatlar ABŞ Senatının ölkəmizə qarşı yönəldilmiş bu ədalətsiz aktı barədə fikir­lərini bildirdilər. Deputat Kamilə Əliyevə Milli Məclisin bəyanatını səsləndirdi və sənəd yekdilliklə qəbul edildi.

Milli Məclisin İqtisadi siyasət, səna­ye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdəki növbəti məsələni– “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi­ni ikinci oxunuşda təqdim etdi. Deputatlar bir sıra təkliflərlə çıxış etdilər. 

Maliyyə naziri Samir Şərifov deputat­ların rəy və təkliflərinə münasibət bildirdik­dən sonra 2024-cü ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda qəbul edildi.

 

Əliqismət BƏDƏLOV
XQ

Siyasət