Bu günlər ölkəmizin bütün bölgələrində dahi şəxsiyyət, ömrünü Azərbaycanın müstəqilliyinə və onun qorunmasına həsr etmiş Ulu Öndərin doğum gününə həsr olunmuş çoxsaylı tədbirlər təşkil edilir. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən RQMM-nin direktoru Famil Məmmədov bildirib ki, hər il ölkəmizdə Ümummilli Liderin anadan olduğu gün təntənə ilə geniş qeyd olunur: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ağır çətinliklərlə üzləşib. Ancaq Heydər Əliyev uzaqgörən siyasəti nəticəsində bütün maneələri aradan qaldırdı və Azərbaycanın gündən-günə inkişaf etməsinin təməlini qoydu. Ona görə də hər birimiz tariximizin bu şanlı səhifələrini öyrənməli və bugünkü Azərbaycanın yaradıcısını xoş hisslərlə xatırlamalıyıq. Böyük xoşbəxtlikdir ki, Ulu Öndərin ideyalarını bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla həyata keçirirlər”.
RQMM-dən verilən məlumatda bildirilir ki, F.Məmmədov çıxışında , həmçinin qeyd edib ki, Ulu Öndər fəaliyyəti dövründə hər bir sahə kimi, səhiyyəyə də xüsusi diqqət yetirib. Odur ki, Heydər Əliyevin ölkəmizin səhiyyə sferasını əhatə edən köklü islahatların həyata keçirilməsində rolu və müstəsna xidmətləri tibb işçiləri tərəfindən böyük minnətdarlıqla xatırlanır.
Sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat yolundan bəhs edən videoçarxı izləyiblər.
Digər çıxış edənlər də dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti, onun rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf yolundan bəhs ediblər. Vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaş cəmiyyəti, qanunun aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilir, eyni zamanda davamlı sosial islahatlar icra edilir.
Zərifə BƏŞİRQIZI
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti




