Çanaq Ermənistanın başında çatlayacaq

post-img

Deyəsən, İrəvan “müttəfiqlər”inin ona qurduqları silahlanma oyununun fərqində deyil

Az sonra məlum olacaq ki, Ermənistan qərbli və şərqli “bacı və qardaşlarından” aldığı çoxsaylı hərbi texnika və avadanlığı idarə edəcək qədər insan resursuna malik deyil. Axı, son illər mənfi demoqrafiyanın müşahidə edildiyi Hayastan əhalisinin bir qismi, xüsusilə də gənclər ölkəni kütləvi şəkildə tərk edərək xaricə üz tuturlar. 

Ordusuna yetərincə çağırışçı top­laya bilməyən İrəvan yeni hərbi tex­nologiyanın “sirlərini” öyrənməli kon­tingenti haradan tapacaq? 2020-ci ilin noyabrından etibarən Fransadan, Hin­distandan müxtəlif təyinatlı silah-sur­sat alan Paşinyan hökuməti bununla iki ölkə arasında hərbi-siyasi balansı öz xeyrinə dəyişmək kimi xam xəyalla­ra qapılıb. Bəs son üç ildə azı üç dəfə Azərbaycandan hərbi məğlubiyyətini dadan Ermənistanın intensiv silahlan­ma siyasəti yürütməsinin səbəbi və məqsədi nədir? Əvvəlcə səbəbi nəzər­dən keçirək. 

Keçən həftə ATƏT Parlament As­sambleyasının İrəvanda keçirilən payız sessiyasında çıxışında Nikol Paşinyan Bakının irəli sürdüyü “Qərbi Azərbay­can konsepsiyası”nın arxasında yeni eskalasiya təhlükəsi gördüyünü iddia edib. Yəni, baş nazir demək istəyir ki, Bakı otuz beş il əvvəl doğma yurdla­rından qovulmuş azərbaycanlıları ge­riyə – Qərbi Zəngəzura qaytarmaqdan ötrü guya Ermənistana hərbi təcavüz etməyə hazırlaşır. O, “tutarlı və inan­dırıcı” bəhanə kimi düşündüyü bu de­zinformasiyanın Avropadakı, eləcə də okeanın o tayındakı tərəfdaşlarının di­lindən səsləndirilməsinə də nail olub. Bundan məqsədi isə başlatdığı piar tex­nologiyanın vasitəsilə xarici aktorların Azərbaycana siyasi təzyiqlərini artırma­larına nail olmaq və bunun müqabilində sülh danışıqlarında Bakıdan hansısa güzəşti qoparmaqdır. Silahlanma ilə dəstəklənən, “Azərbaycan Ermənista­nın cənub bölgəsinə hərbi təcavüzə ha­zırlaşır” səpkili feyk-ajiotaj məhz həmin məqsədə çatmağa hesablanıb.

Hindistan bazarı boş görüb

İkinci Qarabağ müharibəsindən son­ra Rusiya hərbi texnikasının effektivliyinə şübhələrini dəfələrlə bəyan edən rəsmi İrəvanın alternativ silah tədarükçülərindən biri də Hindistandır. Cənubi Qafqaza silah ixracı bazarında Rusiyanın yerini tutmağa can atan Dehlinin marağının gəlir əldə et­mək olduğu aydındır. Yerli “Idrw” nəşrinin yazdığına görə, Hindistanın “Bharat For­ge” müdafiə şirkəti indi də Ermənistana özüyeriyən “MarG” qaubitsalarını çatdır­mağı planlayır. Artilleriya sistemlərinin is­tehsalı üzrə ixtisaslaşmış bu şirkət rezin təkərli həmin qaubitsaları bu yaxınlarda sərgidə nümayiş etdiribmiş. Nəşr onu da qeyd edir ki, bu layihə Hindistana özü­nün milli müdafiə avadanlığını beynəlxalq partnyorlara ixrac etmək səyləri istiqamə­tində vacib addım sayılır: “Ermənistanla hərbi-texniki sövdələşmə iki ölkə arasında artan strateji tərəfdaşlığa əsaslanır. Hin­distan Ermənistana müdafiə texnikasının əsas tədarükçüsü rolunu oynamaqdadır. 2020-ci ildə İrəvan Hindistandan Swathi üçün mobil radar qurğuları alıb. Keçən il oxşar müqavilənin dəyəri 245 milyon ABŞ dolları həcmində olub. Bir il əvvəl “Pinaka” çoxlüləli raket qurğuları, tank əleyhinə ra­ketlər və müxtəlif növ silah-sursatın satın alınması üzrə razılıq əldə edilmişdi”. 

• QEYD: 155 millimetrlik lüləyə, 39 yivli mərmiyə malik, 4x4 aparıcı təkər­lərlə 30 dərəcə bucaq altında yoxuşu aşmağa qadir MArG 155 artilleriya sis­teminin Hindistanın hərbi arsenalında olması barədə ilk informasiya KİV-də cari ilin martında peyda olub. 

Bir qədər əvvəl Rusiyaya yaxın media seqmentləri belə bir məlumat yaymışdılar ki, Ermənistan ABŞ-ın birbaşa yardımı ilə Ukraynaya “Toçka-U” raket komplekslərini çatdırmağa razılaşıbmış. Bu barədə mə­lumat Müharibəni Öyrənmə İnstitutunun (ISW) hesabatında yer almışdı. Düzdür, müəlliflər informasiyanı təsdiqləyəcək sü­butun olmadığını da nəzərə çatdırmışdı­lar. Fəqət, necə deyərlər, od olmasa tüstü çıxmaz. Həm də Moskva ilə münasibətləri gərginliyin yuxarı həddinə çatmış İrəvanın belə bir addımı atacağı təəccüblü sayılma­malıdır. Həmin mənbə, həmçinin Ermənis­tanın Kollektiv Təhlükəsizlik Müqaviləsin­dən (KTMT) çıxmağa hazırlaşdığını da təsdiqlənmiş informasiya kimi vermişdi.

İrəvanın havaya sovurduğu pullar

Yeri gəlmişkən onu da oxucuların nəzərinə çatdıraq ki, 2020-ci il müharibə­sindən sonra Rusiya Ermənistana 20 illik kredit şərti ilə 1 milyard 400 milyon dollar dəyərində silah və sursat təklif edib. 400 milyon dollar məbləğində ilkin müqavilə imzalanmağa hazır idi. Bir milyard dollarlıq müqavilənin iki ölkə hökumətləri və maliy­yə nazirlikləri tərəfindən təsdiqlənməsinə bir neçə gün qalmış İrəvan birdən-birə sövdələşmədən imtina edib. Bunun əvə­zində Hindistandakı özəl hərbi şirkətlərlə müqavilələr bağlayaraq, onların hesabına 500 milyon dollar maliyə vəsaiti köçürüb. Ödədiyi məbləğin qarşılığında isə hələlik silahların 5-10 faizini alıb. Bir qədər əvvəl isə KİV İrəvanın Dehli ilə pilotsuz uçan aparatlarla (PUA) mübarizə sistemlərinin – ZADS-ların (Zen Anti-Drone System) alınmasına dair saziş imzaladığı üzə çıxa­rıb. 41,5 milyon ABŞ dolları həcmində olan müqaviləni Hindistan tərəfdən Zen Tech­nologies şirkətinin imzaladığı bildirilir. Hə­min şirkət PUA-lardan müdafiə qurğuları ilə yanaşı, onunla işləyəcək operatorların təlimini də həyata keçirəcək. Yerli rəsmi saytlar ZADS sisteminin Hindistan HHM tərəfindən uğurla sınaqdan çıxarıldığını və özünün effektivliyini təsdiqlədyini yazıblar. 

Beləliklə, iqtisadi infrastrukturu “can üstə” olan Hayastan ordusuna silah alın­masına milyardlar xərcləməkdədir. Əlbət­tə ki, Fransa və Hindistanla (indi də ABŞ Ermənistanın “militarizasiya kampaniya­sına” qoşulmağa hazırlaşır –red.) məlum hərbi-texniki sövdələşmələrə Paşinyan hakimiyyəti özbaşına getmir. Bunu etməyə onu kənar sponsorlar təhrik edirlər. İrəvan onların çaldığına oynamağa məhkumdur. Çünki musiqini onlar sifariş verirlər. Bu “simfoniyanın həlledici partiturası” Fran­saya məxsusdur. Afrikada mahnısı oxun­muş, qatarı yola salınmış Paris Ermənista­nın simasında Qafqazda yeni koloniyalar axtarışındadır.

Qafqaz Afrika deyil, müsye Makron! 

İntəhası, “qara qitə”dən fərqli olaraq, bizim bölgəmizdə Fransanın oyun mey­dançası tanınmayacaq. Çünki Cənubi Qafqazda artıq bunu Emmanuel Makro­nun üzünə açıq şəkildə bəyan etməkdən çəkinməyən güc var. 

Dünən Bakıda öz işinə başlayan Qo­şulmama Hərəkatının “Qadınların hüquq­larının inkişaf etdirilməsi və səlahiyyətlə­rinin artırılması” mövzusunda konfransın iştirakçılarına müraciətində ölkəmizin QH-ya sədrliyi dövründə dekolonizasiya gün­dəliyinə xüsusi diqqət ayırdığını bildirən Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyev kolonializmin qadınların hüquqlarına mənfi təsir göstərdiyini xüsusi vurğulayıb: “Biz bəzi ölkələrin, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələ­bini səsləndirmişik”. 

Bəli, Afrikadan qovulmuş Fransa hazırda Ermənistanı silahlandırmaq­la neokolonializmin “Qafqaz variantını” sınaqdan çıxarmağa girişib. Görünür, İrəvan hələlik bunun fərqində deyil. Ermənistan 29,8 min kvadratkilometrlik bütün ərazisini cəbbəxanaya döndərsə belə, Azərbaycanla hərbi müstəvidə heç nəyə nail ola bilməyəcək. Rəsmi İrəvanın özünün etiraf etdiyi kimi, Azərbaycanın hərbi büdcəsi onların sahəyə ayırdıqları vəsaitdən üç dəfə çoxdur. Heç kəsə gizli deyil ki, Azərbaycan öz ordusu üçün dün­yanın qabaqcıl ölkələrindən ən müasir, NATO standartlarına uyğun texnika və silah-sursat alır. Ermənistanın gücü isə Fransanın Ukraynadan geri qaytarılan, orada bir işə yaramayan, avtomat silahın gülləsinin dəlib keçdiyi “zirehli transport­yorları”, bir də Hindistanın yöndəmsiz və geridə qalmış özüyeriyən qaubitsalarını almağa çatır. Çanağın öz başlarında çat­layacağının fərqinə varmayan Paşinyan hərəsi bir tanka bərabər Azərbaycan xü­susi təyinatlılarının, komandolarının qar­şısına bu silahlarlamı çıxmağa hazırlaşır? 

Asif NƏRİMANLI, 
siyasi şərhçi

Fransanın Ermənistanı si­lahlandırması ermənilərin müda­fiəsinə yox, Cənubi Qafqazdakı maraqlarını təmin etməyə hesab­lanıb. Hazırda rəsmi Paris Ermə­nistana müdafiə xarakterli silahlar verir, hücum silahlarını isə Hindis­tan üzərindən təmin edir. Bu silah­landırmanın konkret hədəfləri var. Qərb cəbhəsi Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq niyyətin­dədir və bunu Ermənistan üzə­rindən edir. Rəsmi İrəvana böyük vədlər verilib və belə görünür ki, ermənilər 100 il öncə Osmanlıya qarşı etdikləri xəyanəti bu gün Ru­siyaya qarşı edirlər. Moskva bunu bağışlamayacaq, artıq iqtisadi müstəvidə müəyyən addımlar atılır. Prosesin inkişafında Kreml həm siyasi, həm iqtisadi təzyiqlə­ri artıracaq. O baxımdan, Ermə­nistanın silahlandırılmasının, ilk növbədə, bu ölkənin özünə qarşı mənfi fəsadları olacaq.

Bununla yanaşı, silahlanan Ermənistanın Azərbaycana qarşı təxribata sövq ediləcəyi də istisna deyil. İrəvana KTMT-dən çıxmaq, Rusiyadan uzaqlaşmaq üçün bə­hanə lazımdır. Sərhəddə təxribat törətməklə yeni eskalasiya ya­rada, daha sonra Rusiyanın və KTMT-nin müdafiə öhdəliklərini yerinə yetirmədiyini irəli sürə bilər. Bu ssenaridə də Ermənistanı ağır zərbələr gözləyir. Çünki Azər­baycana qarşı istənilən təxribata cavab ağır olacaq. Ordumuzun potensialı, eləcə də sərhədboyu ərazilərdə strateji mövqelərin bi­zim nəzarətimizdə olması müm­kün təxribatların qarşısını almağa və adekvat cavab verməyə tam imkan verir. Ermənistan belə təx­ribatlar zamanı həmişə ağır itkilər verib, növbəti cəhdində eyni aqi­bətlə üzləşəcək.

Proseslər göstərir ki, İrəvan­dan bölgədə plasdarm kimi istifa­də etmək niyyətindədirlər. Bu isə Ermənistanın mövcudluğunu sual altına salır.

Fərhad MƏMMƏDOV, 
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq

Ermənistanın dörd ölkə ilə quru sərhədi var, Türkiyə və Azər­baycanla sərhədlər bağlı olduğu üçün geriyə İran və Gürcüstan qa­lır. Hindistandan alınan silahların, hərbi texnikanın İran, Fransa və digər Avropa ölkələrindən göndə­rilənlərin isə Gürcüstan üzərindən daşınması müzakirə edilirdi. Daşı­nan silah və hərbi texnika mütləq şəkildə reqlamentləşdirilməlidir. Yəni Ermənistan ilə Fransa ara­sında müvafiq saziş olmalı və bu, eyni zamanda rəsmi Tiflisə də təqdim edilməlidir. Prosesin həyata keçirilməsi üçün isə Gür­cüstan Müdafiə Nazirliyinin xüsusi icazəsi lazımdır. O ki qaldı Azər­baycanla münasibətlərə, fikrimcə, bu məsələ ikitərəfli münasibətlərə ciddi təsir göstərməyəcək. Xarici İşlər Nazirliyinin də sözügedən faktla bağlı verdiyi rəsmi açıqla­mada Gürcüstanın adı çəkilmir. 

Rəsmi Tbilisi 44 günlük mü­haribə dövründə hər iki tərəfə öz ərazisindən silah daşınmasına icazə verməyəcəyini bəyan etmiş­di. Bu da anlaşılan idi. Doğrudur, Azərbaycanla Ermənistan arasın­da sülh müqaviləsi imzalanmasa da, aktiv hərbi əməliyyatlar get­mədiyi üçün daşınmaya sülh döv­ründə həyata keçirilən saziş şərti kimi baxılır. Digər tərəfdən indiki məqamda Azərbaycan Gürcüsta­nı Ermənistanla danışıqlar üçün ən məqbul məkan hesab edir. Bü­tün sadaladıqlarımızın fonunda, əlbəttə, rəsmi İrəvanın silahlan­ması qəbuledilməzdir. Amma ak­tiv müharibə fazasında olmadığı­mız üçün hələlik bunun qarşısını almaq çox çətindir.

 

İmran BƏDİRXANLI 

XQ





Siyasət