Azərbaycan “yaşıl gücü”nü sürətlə yüksəldir

post-img

Ölkəmiz bərpaolunan enerji ilə bağlı hədəfinə 3 il tez çatacaq

Energetika naziri Pərviz Şahbazov ikinci “Qlobal Cənubun səsi” Sammiti çərçivəsində keçirilən sessiyada onlayn formatda çıxışı zamanı 2027-ci ilədək 1870 MVt həcmində “yaşıl güc”lərin ölkəmizin enerji sisteminə inteqrasiyası nəticəsində bərpaolunan enerji payının elektrik enerjisinə kapital qoyuluşunda 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağının proqnozlaşdırıldığını bildirib.

Nazir bu göstəricinin 2030-cu ilə 30 faizlik hədəfin artıqlaması ilə yerinə ye­tirilməsi demək olduğunu vurğulayıb. P.Şahbazovun sözlərinə görə, rəsmi Bakı beynəlxalq enerji şirkətləri ilə qarşıdakı onillikdə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə 10 QVt-dək “yaşıl enerji” layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq edir.

Energetika naziri çıxışında daha sonra bər­paolunan enerji mənbələrinin dayanıqlı inki­şafdakı rolu və karbon emissiyalarının azaldıl­masının zəruriliyi kontekstində enerji keçidinin çağırışları və imkanlarını da diqqətə çatdırıb. O qeyd edib ki, enerji keçidi ölkələrinin inkişafı, enerji təhlükəsizliyinin səviyyəsi, investisiyala­rın qeyri-bərabər paylanması kimi bir çox amil­lərdən asılılığı vahid formula malik olmasa da, ədalətli, əlverişli və inklüziv keçid hamının ortaq marağıdır.

Sammitdə yuxarıda vurğulananlarla bəra­bər, regional və Avropa miqyasında enerji təchi­zatında strateji rol oynayan Azərbaycanın enerji keçidinə balanslı yanaşmanın tərəfdarı olduğu və bu baxımdan ölkəmizin ənənəvi, həmçinin bərpaolunan enerji mənbələrini vəhdətdə inki­şaf etdirdiyi diqqətə çatdırılıb. Eyni zamanda bu siyasətin enerji təchizatında dayanıqlığı, enerji resurslarına olan ehtiyacları qarşılamağı və “ya­şıl plan”ların icrasını gerçəkləşdirmək baxımın­dan mühüm önəm daşıdığı vurğulanıb. 

P.Şahbazov Azərbaycanın enerji ixracı və regional əməkdaşlıq sahəsində strateji prioritet­lərindən də bəhs edərək bildirib ki, “Xəzər-Qara dəniz-Avropa” və Azərbaycan–Türkiyə–Avropa dəhlizlərini yaratmaq və şaxələndirilən mar­şrutlarla 5 QVt-dan çox “yaşıl enerji” ixrac et­mək respublikamız qarşısında duran strateji prioritetlərdən biridir. Bu dəhlizlər Mərkəzi Asiya ölkələrindən də “yaşıl enerji”nin nəqli imkanları­nı vəd edir.

Xatırladaq ki, Azərbaycanın dənizdə külək enerjisi potensialı 157 QVt həcmində hesab­lanıb. Bu potensialın icrası məqsədilə xarici investorlarla müqavilələr də imzalanıb. Azər­baycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfin­dən ötən il təqdim edilən Yol Xəritəsində 2040-cı ilədək ölkəmiz nəzərdə tutulan infrastrukturu inkişaf etdirməklə, eyni zamanda investisiya qoyuluşu sayəsində dəniz küləyindən 7 qiqa­vatlıq enerji hasilatını reallaşdıra bilər. Bununla da respublikamız dekarbonlaşma kimi qarşıya qoyulan vəzifənin həllində mühüm rol oynayar. 

Proqnozlaşdırmaya görə, Azərbaycan­da 2040-cı ilədək 1,5 qiqavat qoyuluş gücünü gerçəkləşdirəcək və dekarbonlaşdırılmış enerji istehsalının 7 faizini reallaşdıracaq. Həmçinin bu dövrdə dəniz külək energetikasının qoyuluş gücü 7,2 qiqavata çatdırılaraq enerji təchizatı­nın 37 faizi təmin olunacaq. 

Göründüyü kimi, respublikamızda iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin bö­yük potensialı var. Belə ki, ölkəmizin quruda 27 giqavat enerji potensialı (günəş və külək ener­jisi), dənizdə isə 157 giqavat enerji potensialı mövcuddur. Bu enerjinin əldə olunması, isteh­salı və ixracı isə böyük layihələr, habelə investi­siyalar tələb edir. 

Prezident İlham Əliyev çıxışlarının birində ölkəmizin bərpaolunan enerji potensialından bəhs edərkən deyib: “İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpaolunan enerji sahəsin­də məşhur olan bir neçə əsas beynəlxalq şirkət­lə müqavilə və anlaşma memorandumları imza­lamışıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradıl­ması plandadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var”.

Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan enerji mənbələ­rinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prio­ritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.

Yeri gəlmişkən, bu il ərzində ölkə üzrə elekt­rik enerjisinin istehsalı ilə bağlı göstəricilərə də nəzər salmaq istərdik. Energetika Nazirliyindən verilən məlumata görə, cari ilin 10 ayında res­publikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 278,5 milyon ki­lovat-saat, yəni 1,2 faiz artaraq 24 milyard 33 milyon kilovat-saat olub. Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiya­larında (İES) 22 milyard 214 milyon kilovat-sa­ata, su elektrik stansiyalarında (SES) 1 milyard 529 milyon kilovat-saata, digər mənbələr üzrə isə 289,7 milyon kilovat-saata çatdırılıb. Bu dövrdə külək elektrik stansiyalarında (KES) 49,1 milyon kilovat-saat, günəş elektrik stansi­yalarında (GES) 58,6 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 182 milyon kilovat-saat elektrik enerjisi is­tehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin is­tehsalı “Azərenerji” ASC üzrə 21 milyard 675 milyon kilovat-saat (İES-lərdə 20 milyard 242 milyon kilovat-saat, SES-lərdə 1 milyard 432 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Ener­getika Xidməti üzrə 402,6 milyon kilovat-saat (İES-lərdə 264,7 milyon kilovat-saat, SES-lərdə 84 milyon kilovat-saat, Günəş ES-də 53,9 mil­yon kilovat-saat), “Azərişıq” ASC üzrə KES-lər­də 37,8 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 918 milyon kilo­vat-saat təşkil edib.

2023-cü ilin yanvar–oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 milyard 357 milyon kilovat-saat, idxalı isə 190,1 milyon kilovat-saat olub.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 494 milyon kilovat-saat təşkil edib. Bu ayda elektrik enerjisinin idxalı 10,5 milyon ki­lovat-saat, ixrac isə 519,4 milyon kilovat-saat təşkil edib.

 

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat