Şimal–Cənub Dəhlizinin illik gəliri 20 milyard dollara çatacaq

post-img

İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Dövlət Şirkətinin icraçı direktoru Xeyrulla Xademi mediaya müsahibəsində Rəşt–Astara dəmir yolunun tikintisinin davam etdirilməsi istiqamətində Rusiya ilə aparılan danışıqlarda texniki məsələlərin 70 faizinın razılaşdırıldığını, ilin sonuna kimi isə digər məsələlərlə bağlı razılıq əldə olunacağını bildirib.

X.Xademinin sözlərinə görə, yolun tikintisinin maliyyələşmə qrafiki, yük daşıma imkanının artırılması, stansiyaların inşası, is­tismar qaydaları haqqında Rusiya ilə razılıq əldə olunaraq sənəd imzalanıb.

Xatırladaq ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt–Astara yolu Qəzvin–Rəşt–Astara (İran) –Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Asiya ilə Avro­panı nəqliyyat baxımından birləşdirəcək bu dəhlizin formalaşma­sı nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bən­dər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qa­tarla Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə ölkəmizin ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq.

İranın Prezident Administrasiyasının rəhbərinin müavini Məhəm­məd Cəmşidi İSNA İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd edib ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin gətirə­cəyi gəlir neft satışından əldə olunan gəlirə bərabər olacaq. Onun sözlərinə görə, bu dəhlizin illik gəliri 20 milyard dollara çatacaq. 

İranın “Jam-e Jam” qəzeti isə adıçəkilən dəhlizi “ticarətin qızıl yolu” adlandıraraq 162 kilometrlik Rəşt-Astara yolunun Rusiya ilə Hindistan arasında yükdaşımaları asanlaşdıracağını proqnozlaş­dırır. Ona görə də Rusiyanın bu yolun tikintisinə 1,6 milyard avro həcmində sərmayə yatırması da təsadüfi xarakter daşımır. 

XQ

İqtisadiyyat