Sahibkarlığın ÜDM-də payı 83,5 faizə çatıb
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi layihələr nəticəsində respublikamızda iqtisadiyyatın dayanıqlığı gücləndirilir, sahibkarlığın təşviqi və biznes mühitinin təkmilləşdirilməsi ilə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşunun həcmi artırılır, bununla ölkənin neft amilindən asılılığı azaldılır.
Büdcəyə vergi və gömrük daxilolmalarını ifadə edən göstəricilərin davamlı olaraq yüksəlməsi də, əsasən, ölkədə özəl bölmənin dinamik inkişafı, sahibkarlar üçün biznes mühitinin təkmilləşdirilməsi, leqal fəaliyyətin gücləndirilməsi, vergiödəyiciləri ilə təmassız münasibətlər və rəqəmsal xidmətlərin əhatəsinin genişləndirilməsi ilə bağlıdır. 2023-cü ilin yanvar–oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları həcminin 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 14 milyard 593 milyon manat təşkil etməsi, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz artaraq 8 milyard 387 milyon manata çatması da məhz yuxarıda vurğulanan tədbirlərin məntiqi nəticəsidir.
Burada bir məqamı da xüsusi vurğulamaq istərdik. Vergi daxilolmaları həcminin yüksəlməsində “kölgə iqtisadiyyatı”nın getdikcə “ağarması” nəticəsində fərdi sahibkarların sayının davamlı artması mühüm rol oynayıb. Respublikada biznes mühitinin təkmilləşdirilməsi, biznesin leqal fəaliyyətinin genişlənməsi də iş adamlarının fəaliyyətini canlandırıb. Bu, eyni zamanda özəl sektorun əhatə dairəsini genişləndirib. Belə bir fikri konkret rəqəmlə ifadə etsək, deyə bilərik ki, bu il oktyabrın 1-nə respublikamızda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,7 faiz çox – 752 min olub. Dövlət Vergi Xidmətinin məlumatına görə, həmin göstəricinin 44,3 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydə alınıb. Bu isə ilin əvvəlinə nisbətən 11 faiz çoxdur. Hesabat dövründə fəal obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6,8 faiz artaraq 202,1 minə çatıb.
Onu da deyək ki, məşğulluğun, qeyri-neft ixracının artırılması və digər strateji məsələlərdə son illər ərzində inkişafı diqqətdə saxlanılan özəl sektor önəmli rol oynayır. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər sahibkarlığın inkişafını sürətləndirir. Bunun nəticəsi olaraq ölkədə biznes fəaliyyəti davamlı şəkildə geniş miqyas alır. Hazırda respublikada sahibkarlıq fəaliyyəti göstərən iş adamlarının sayının 683 mini keçməsi, özəl bölmənin ÜDM-də payının isə 83,5 faiz təşkil etməsi qeyd olunan fikrin bariz ifadəsidir.
Burada bir məqamı da vurğulamaq yerinə düşərdi. Ötən illər ərzində ölkədə özəl sektorun inkişafında Sahibkarlığın İnkişafı Fondu mühüm rol oynayıb. Bu qurum 2003–2022-ci illərdə sahibkarlıq subyektlərinin 42 min 703 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,83 milyard manat güzəştli kredit ayırıb. Bunun hesabına 178 mindən çox yeni iş yeri yaranıb. Xatırladaq ki, Bakı və Abşeron iqtisadi rayonu istisna olmaqla, ayrılmış güzəştli kreditlərin 62,2 faizi regionların, 50,7 faizi kənd təsərrüfatının, 49,3 faizi isə sənayenin müxtəlif sahələrinin payına düşüb.
Yeri gəlmişkən, özəl sektorun inkişafı, eyni zamanda sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması üçün bir sıra hallar istisna olmaqla, yoxlamalar 2015-ci ildən bu ilin sonunadək dayandırılıb.
Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6 faizi mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektləridir. Bu subyektlərin iqtisadiyyatda rolunun artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, dövlət xidmətlərinə əlçatanlığını təmin edilməsi istiqamətində müxtəlif dəstək mexanizmləri həyata keçirilir. Bir sıra şəhər və rayonlarda sahibkarlara yerində xidmət göstərən “KOB dostu” ofislərinin, biznes biliklərinin artırılmasında mühüm rol oynayan KOB inkişaf mərkəzlərinin yaradılması və sərgilərə çıxışa dəstək mexanizmlərinin tətbiqi bunun bariz ifadəsidir. Eyni zamanda sənaye zonalarında sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması, səmərəli işin təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi, 4-cü Sənaye İnqilabının elementlərinin tətbiqi, qlobal dəyər zəncirinə inteqrasiya, klasterləşmə, sənayenin rəqəmsal transformasiyası kimi məsələlər də özəl sektorun inkişafını sürətləndirir.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun mediaya bildirdiyinə görə, özəl sektorun inkişafında lisenziyalar və icazələrin alınması sahibkarlıq fəaliyyətində əsas şərtlərdəndir. Bu prosesi sadələşdirmək üçün adıçəkilən nazirlik tərəfindən, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, sahibkarlara lisenziyaların “ASAN xidmət” mərkəzləri və “KOB evləri” vasitəsilə təqdim olunması həyata keçirilir. Həmçinin lisenziya və icazələr elektron qaydada “Lisenziyalar və icazələr” portalı vasitəsilə verilir.
Biznes mühitinin yaxşılaşdırılması üçün davamlı islahatların nəticəsi beynəlxalq hesabatlarda da qeyd olunur. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi” hesabatında ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşır. Hesabata əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yer alır, həmçinin Cənubi Qafqaz regionunda ilk sırada dayanır. Bu hesabatda “biznesin dinamikliyi” üzrə Azərbaycan 8 pillə irəliləyərək dünya sıralamasında 23-cü yerdə qərarlaşıb ki, bununla ölkəmizin biznes mühitinin inkişafı istiqamətində apardığı intensiv islahatlar bir daha təsdiqini tapır.
V.BAYRAMOV
XQ