Dünən Gülüstan Sarayında Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2023”ün açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və iştirakçılar sərgi ilə tanış olublar.
Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin, aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forum Ulu öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1997-ci il yanvarın 30-da keçirilmiş beşillik yubiley tədbirində söylədiyi proqram xarakterli nitqindən hazırlanmış video-çarxın nümayişi ilə başlayıb.
Açılış mərasimində Prezidentin köməkçisi Şahmar Mövsümov çıxış edib. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.
XQ