Vaşinqtonun “Ermənistanı müdafiə” oyunu

post-img

Ədalətsizliyin “907-ci sifəti” Azərbaycana təzyiq cəhdi və avantürizm nümünəsidir

ABŞ Senatı noyabrın 15-də “Ermənistanı Müdafiə Aktı” deyilən sənəd qəbul edib. Sənədin qərəzi onun anti-Azərbaycan mahiyyəti daşımasındadır. Sual olunur: əgər Ermənistan müdafiə olunmalıdırsa, nə üçün bu, Azərbaycana əks məsələ kimi özünü göstərməlidir? Belə çıxır ki, birinci ikincidən qorunmalıdır (?). Ortada ironik durum var.

Bəli, “Ermənistanın Azərbaycandan qorunması” son ayların  beynəlxalq “müzakirə trendinə” çevrilmiş məsələdir. Sanki, ölkəmiz hədd-hüdud bilməyən, loru dildə desək, kimə gəldi diş qıcayan dövlət strukturuna malik məmləkətdir. Avropa ilə yanaşı, ABŞ da beynəlxalq ictimai rəydə məhz bu görüntünü formalaşdırmaq yolu tutur.

Ermənistanın müdafiəyə çoxmu ehtiyac var? Bəlkə də var. Amma niyə və nə üçün? Heç kəs soruşmur ki, ölkə bütün oyun qaydalarına zidd davranır, özünün ərazi iddiasından daşınmır, Qarabağ avantürasını diri tutmağa çalışır. Bəli, Amerika erməni cəmiyyətinin damarına işləmiş tipik xəstəliyi nəzərə almır. Nəzərə almır ki, bu xəstəlik təkcə Azərbaycana deyil, regiona zərər vura biləcək mənfur xislətlidir. Bir ölkənin ki, əsas qanunlarında beynəlxalq hüquq prinsiplərinə zidd olaraq ərazi iddiası əksini tapa, onu müdafiə etmək bu qədərmi vacibdir? Sual ritorikdir. Çünki ABŞ hər bir halda məsələnin “vacibliyi” qənaətindədir. Onun öz “paramentrləri” var. Bu nəticəyə gələrkən isə haqqı və ədaləti deyil, imperialist maraqlarını düşünür. 

***

Bəli, Ermənistan kimi işğalçı mahiyyətə malik ölkəni müdafiə etmək qədər iyrənc, miskin və aciz nə isə təsəvvürə gətirmək çox çətindir, heç mümkün də deyil. Amma nəzərə alsaq ki, Birləşmiş Ştatların yaranış özəyində iyrənciliklərlə dolu qəddarlıqlar dayanmışdı, indiki duruma təəccüblənməmək lazımdır. Axı, Amerikanın aborigen əhalisinin – hinduların qanlarına qəltan edilmələri, bu əhaliyə qarşı insanlıq tarixinin ən böyük soyqırımlarının yaşadılması bugünkü ABŞ dövlətçiliyinin vicdanındakı qara ləkədir. Elə bir ləkədir ki, nəinki silinəcəyinə ümid var, eyni zamanda görünür, ölkənin hazırkı idarəçilik məktəbi həmin ləkəni yaradanların “mirasına” sahiblənməyi ideoloji kurs, mövcudiyyət faktoru kimi görməkdədirlər. 

Qeyd edək ki, Senat ABŞ Konqresinin yuxarı palatasıdır. Aşağı palata isə Nümayəndələr Palatası sayılır. Bu palatanın da Azərbaycana münasibətini Qarabağla bağlı bir neçə gün əvvəlki müzakirələr xüsusunda yaxşı gördük. Belə təsəvvür yarandı ki, bölgə müstəvisindəki hərəkət və davranışlar Ermənistanı müdafiə məqsədi daşıyırmış. Sanki, Qarabağ Azərbaycanın deyil, Ermənistanınmış və Bakı bu il sentyabrın 19-u və 20-də keçirdiyi antiterror tədbirləri ilə İrəvana məxsus ərazini işğal etdi. İşğala görə isə cəza olmalıymış. Həqiqətən də ortada son dərəcə miskin mənzərə var. Vaşinqton beynəlxalq hüququ bu cür ayaqlar altına alır. Məhz Ermənistana görə! 

Beləliklə, onu deyə bilərik ki, Konqresin yuxarı palatası olan Senat ermənipərəstlik yarışında aşağı palatanı – Nümayəndələr Palatasını geridə qoymağa girişib. İkincidə dinləmələr keçirilir, birinci dərhal qanun layihəsi qəbul edir. İndi bu layihəni aşağı palata da təsdiqləməlidir ki, məsələ ölkə Prezidentinin masasının üzərinə çıxsın. Birləşmiş Ştatlardakı hazırkı “erməni sevdasının” yüksək dozasına əsasən əminliklə söyləmək mümkündür ki, qanun layihəsi dövlət başçısına yol tapacaq. 

***

Senatın “Ermənistanı Müdafiə Aktı” adlandırılmış sənədi Ermənistanın silahlandırılmasını nəzərdə tutur. Layihənin mənfur tərəfi də elə budur. Deməli, Vaşinqton erməni avantürizimi yaşatmaq üçün ciddi şəkildə hərəkətə keçib və deməli Ağ Ev Cənubi Qafqazda sülhü təhdid yolu seçib. Mövcud xüsusdakı ən böyük ədalətsizliyə diqqət yetirərkən, əslində tarixi ədalətsizliyin yenidən işə salınması məntiqini görürük. İzah edək necə?

Məsələ burasındadır ki, 1992-ci ildə qəbul edilmiş Azadlığa Dəstək Aktına 907-ci Düzəliş ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımını qadağan edirdi. Həmin vaxt ABŞ-dakı erməni lobbi və diaspor təşkilatları belə bir layihənin təsdiqlənməsinə nail olmuşdular. Bəs, bu düzəlişin meydana çıxma səbəbi nə idi? Belə ki, 907-ci düzəliş, guya, “Azərbaycan tərəfindən Qarabağın “işğalı” və Ermənistana qarşı blokadanı dayandırmaq” məqsədilə ərsəyə gəlmişdi. O zaman “təşəbbüs” senator Con Makkeyn, daha sonra isə senator Con Kerri və konqresmen Veyn Ovens tərəfindən irəli sürülmüşdü. Həmin vaxt senator Riçard Luqar düzəlişin qəbulunun əleyhinə çıxmışdı. Lakin buna baxmayaraq, sənəd ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə olunmuşdu. 

Təsəvvür edin, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridir, torpaqlarımıza qəsb edir, soyqırımı törədir, buna qarşılıq ölkəmiz işğalçı kimi təqdim olunurdu və qeyd etdiyimiz kimi, ona Vaşinqtonun dövlət yardımı qadağan edilirdi. Demək istədiyimiz də budur ki, 907-ci düzəlişinin özünün mayasında böyük ədalətsizlik dayanır. Və hazırda ABŞ-da həmin ədalətsizliyi yenidən gündəmə gətirmək istəyənlər baş qaldırıblar. Daha doğrusu, onlar məsələni artıq gündəmə gətiriblər. Necə deyərlər, eyni dalğa, eyni koordinat. 

***

Haqqında söz açdığımız “Ermənistanı Müdafiə Aktı” Prezident Cozef Bayden tərəfindən təsdiqlənəcəyi halda, Azadlığa Dəstək Aktına 907-ci düzəliş kimi mənfur məsələ yenidən qüvvəyə minəcək. Bu yerdə onu da bildirmək lazımdır ki, 2001-ci ildə ABŞ Senatı ölkənin dövlət başçısına hər il düzəlişin qüvvəsini dayandırmaq səlahiyyətini vermişdi. Həmin ildən vaxtaşırı olaraq Birləşmiş Ştatların prezidentləri bunu həyata keçirirdilər. Sözügedən səlahiyyət isə Azərbaycanın Vaşinqtonun terrorizmlə mübarizəsinə fəal dəstək göstərməsi səbəbindən gündəmə gəlmişdi. Görünür, hazırda ABŞ üçün beynəlxalq terrorizm oyunu bitib və onun yerini erməni avantürası tutmağa başlayıb. Ona görə də deməliyik ki, Bayden “Ermənistanı Müdafiə Aktı”nı imzalayacağı halda, bununla eyni zamanda 907-ci düzəlişin qüvvəsini dayandırmaq hüququnun əlindən çıxmasını təsdiqləmiş olacaq. 

***

Sonda bir məqamı da vurğulayaq ki, “Ermənistanı Müdafiə Aktı” adlandırılmış qanun layihəsinin ilhamverici müəllifi 2023-cü ilin sentyabrında Ermənistanda səfərdə olan ABŞ nümayəndə heyətinə rəhbərlik etmiş senator Herri Pitersdir. Onunla yanaşı, senatorlar Robert Keysi, Bill Kessidi, Cin Şeyhin, Con Kennedi, Co Rikets, Marko Rubio və Kris Van Hollen də sənədin həmmüəllifləri sırasında yer alırlar. Adları çəkilən şəxslərin hər biri Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatları ilə sıx əlaqədədir. 

 

Ə.RÜSTƏMOV
XQ

 

Siyasət