Azərbaycan XİN-in bəyanatı: ABŞ-ın “kovboy” tərzinə sərt yanaşma

post-img

Yaxud ölkəmizin qətiyyətli və prinsipial xəttinə sözardı

ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilmiş Qarabağ dinləmələri, eləcə də orada ölkənin Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər dəhşətdir. 

Bəşəriyyət neçə əsrdir inkişaf yolu keçir, bunun müqabilində özünü demokratiyanın, insan hüquq və azadlıqlarının beşiyi sayan Birləşmiş Ştatların ali qanunverici orqanında tam bir müstəmləkəçilik ab-havası hökm sürür. Sanki Konqresin müzakirə zalındakı oturacaqlarda əyləşənlər konqresmenlər yox, Amerika “kovboy” filmlərindəki mənfi personajlardır. Bu tipajların bircə qarşılarına tapança qoymaqları və ayaqlarını masanın üstünə aşırmaları qalıb... 

Beləliklə, “kovboylar” O’Brayna avantürist suallar verir, Ermənistanı müdafiə müstəvisində Azərbaycana və Türkiyəyə yönəlik sərsəm fikirlər səsləndirir, Dövlət Departamentinin “Zorroya” dönmüş rəsmisi isə onlara cavab verir, eyni zamanda, təmsil etdiyi dövlətin Cənubi Qafqaz regionu ilə bağlı ermənipərəst, beynəlxalq hüququ heçə sayan, ikili standartlara əsaslanmış mövqeyini ortaya qoyurdu. Ümumən, həmin gün ABŞ-ın qanunvericilik tarixində bəlkə də ən miskin mənzərə yaşanırdı. 

Demək olmaz ki, 2023-cü ildə Karen Donfridin istefasından sonra Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə təyin edilmiş O’Brayn özfəaliyyətlə məşğuldur. Çünki son zamanlar ABŞ başda olmaqla, kollektiv Qərb Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi baxımından “erməni sevdasını” işə salması ilə seçilir. Mövcud tendensiyanın ən müxtəlif təzahürləri diqqətdən yayınmır. Görünür, Birləşmiş Ştatların hakimiyyət komandası elə sanır ki, Azərbaycanla təhdid dili ilə danışanda istəklərinə nail ola biləcəklər. Elə bu səbəbdən də Azərbaycanın Xarici İşlər Nazirliyi ölkəmizin Konqresdə keçirilmiş dinləmələrə sərt, qətiyyətli və dolğun məzmunlu mövqeyini ifadə edən bəyanat yaydı. Bəyanatı bir neçə cəhətdən xarakterizə etmək mümkündür.

Birincisi, ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasındakı Qarabağ dinləmələri Azərbaycan–Amerika münasibətlərinə zərbədir. Həm də ona görə zərbədir ki, orada Birləşmiş Ştatlar Bakı–İrəvan münasibətlərinin tənzimlənməsi üzrə tərəfə, indiki halda tam ədalətsiz tərəfə çevrilməkdədir. Halbuki, Vaşinqtonun ölkəmizlə qarşılıqlı əməkdaşlıq dairəsi onun Ermənistanla münasibətlərinin çərçivəsindən qat-qat genişdir. Geniş olmaqla yanaşı, eyni zamanda, kifayət qədər mütərəqqi əsaslara malikdir. Bu əməkdaşlıqda ABŞ-ın Cənubi Qafqaz maraqları daha çox nəzərə alınır. Yəni, İrəvanın mövcud istiqamətdə təklif edəcəyi daha tutarlı heç nə yoxdur. Ona görə Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərdə nəyi itirəcəyinin fərqinə varmalıdır. Əlbəttə, fərqinə varmayıb, birbaşa ermənipərəst mövqe tutursa, bu onun daxili işidir. 

İkincisi, ölkəmizin baş xarici siyasət idarəsinin bəyanatı Azərbaycanın əvvəlki illərdə ABŞ-a müxtəlif sferalarda göstərdiyi dəstəyin təsviri baxımından əhəmiyyətlidir. Belə ki, ölkəmiz Birləşmiş Ştatların bütün regional təşəbbüslərində, xüsusən də beynəlxalq terrorizmlə mübarizədə yaxından iştirak edib. Nəinki iştirak edib, eyni zamanda, təşəbbüslərə özünün töhfəsini də verib. Əgər, Ağ Ev administrasiyası bunu nəzərə almaq istəmirsə, buyurub özünün ona heç bir fayda gətirməyəcək kursunu davam etdirməyində olsun.

Üçüncüsü, istər konqresmen-kovboyların yanaşması, istərsə də O’Braynın mövqeyi onu deməyə əsas verir ki, ABŞ Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi müstəvisində, ümumən, dünya üzrə ədalətli vasitəçi olmaq baxımından tam yararsızdır. Vaşinqton əməlləri ilə göstərir ki, hər an beynəlxalq hüququn norma və prinsiplərini heçə saya, mövcud istiqamətdə manipulyasiyalara yol verə bilər. Nəzərə alaq ki, O’Braynın bildirdikləri, xüsusən də onun Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yeni şərtlər qondarması bunu deməyə əsas verməkdədir. Hesab edirik ki, Azərbaycan XİN-in bəyanatı həm də belə neqativ təmayülə qarşı son dərəcə tutarlı cavab, ciddi xatırlatmadır. 

Dördüncüsü, ölkəmizin baş diplomatiya idarəsi ABŞ-ı regiondan uzaq ölkə kimi dəyərləndirir. Bu dəyərləndirmə ona görə gündəmə gəlir ki, Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi mühüm məqamdır. Ölkəmiz mövcud istiqamətdəki təhdidləri görür. Ümumən, Bakı Vaşinqtonun böyüklük faktorunu nəzərə aldıqca, bu böyüklük demarş dəstxətinə, birtərəfli yanaşmaya köklənir ki, nəticədə haqqında söz açdığımız təhlükəsizliyin pozulmasına dair ehtimallar ön plana çıxmağa başlayır. 

Beşincisi, Azərbaycan ABŞ-a regional təhlükəsizliyin başlıca komponentinin əməkdaşlıq olduğunu xatırladır. Əməkdaşlıq isə bərabərtərəfli olmalı, səmimiyyətə əsaslanmalı, hər bir dövlətin üzərinə götürdüyü öhdəliklərə sadiqlik ruhunu rəhbər tutmalıdır. Bu baxımdan Azərbaycanın və Türkiyənin irəli sürdüyü “3+3” regional platforması mövcuddur. Yeri gəlmişkən, Ermənistanın da təmsil olunduğu mövcud formatda, başlıca rolu Rusiya və İran da oynamaqdadır. 

Türkiyə ilə bağlı hər şey aydındır. Ankara özünü təsdiqləmiş və qəbul olunmuş regional aktordur. Rusiya və İrana gəldikdə isə, hazırda ABŞ-la ziddiyyətlər içərisində olan bu ölkələri heç bir halda bölgənin coğrafiyasından silmək mümkün deyil. Nəinki mümkün deyil, eyni zamanda, buna əsas da yoxdur. Hazırkı dövrdə onlarla birgə Cənubi Qafqazın dinc, birgəyaşam məkanı olmasına çalışılmalıdır. Azərbaycanın istədiyi budur. ABŞ isə Ermənistan üzərindən mövcud trayektoriyanı, balanslı yanaşmanı heçə saymazdan gəlmək niyyətindədir. Məsələ tam şəkildə yolverilməzdir. 

Altıncısı, Azərbaycan XİN ABŞ-ın diqqətinə bilavasitə Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayındığını çatdırır. Məsələnin xüsusi vurğulanması son dərəcə vacibdir. Əgər Birləşmiş Ştatların departament rəsmisi O’Braynın şəxsində qarşıdakı iki həftə ərzində Azərbaycanla məsləhətləşmələrdən danışırsa və buna əsasən Vaşinqtonun konkret mövqeyinin, hərəkət və davranış amplitudasının formalaşacağına işarə edirsə, mütləq qaydada bu amili nəzərə almalıdır. Söhbət 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan gedir. O bəyanatdan ki, 44 günlük müharibəyə son qoymuşdu. O bəyanat ki, Ermənistanın kapitulyasiya aktı idi və orada ölkənin baş naziri Nikol Paşinyanın imzası var. Birləşmiş Ştatlar bir anlığa düşünsün ki, əgər həmin sənəd və imza olmasaydı, bugünkü ərköyünləşmiş Ermənistandan hansısa əsər-əlamət qalardımı? Əsla qalmazdı! Daha bir sual: Birləşmiş Ştatlar üç il əvvəl İrəvanı müdaifə edə bildimi? Əlbəttə ki, yox!

Ağ Ev administrasiyası heç bir halda unutmamalıdır ki, 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında yaşananlar, o cümlədən, Qarabağ müstəvisində baş verənlər Paşinyan və komandasının qeyri-konstruktiv, Cənubi Qafqazda sülhün yaranmasına zidd mövqeyinin nəticəsidir. Və eyni zamanda bu yarıtmaz mövqeyin nəticəsidir ki, rəsmi İrəvan haqqında söz açdığımız üçtərəfli Bəyanata məhəl qoymur, Nikol balaca uşaq kimi davranaraq, öz imzasına hörmətsizlik yolu tutur. Bu gün Birləşmiş Ştatlar “uşağın” əlindən tutub ona yeritməyə girişibsə, məsələyə can yandırırsa, ona yolda düzgün getməyi öyrətməlidir. Düşünməlidir ki, üçtərəfli Bəyanata əsasən Ermənistanın məğlub ölkə kimi üzərinə götürdüyü konkret öhdəliklər var. Paşinyan və komandası həmin öhdəliklərə əməl etməlidir. 

Yeddincisi, ölkəmizin baş diplomatiya idarəsinin bəyanatında ifadəsini tapmış ən başlıca məqam ABŞ-ın açıq demarşına cavabdır. Cavab bundan ibarətdir ki, Azərbaycan qonşu ölkələrlə, habelə İranla hansı səviyyədə əlaqələr qurur, necə münasibət saxlayır, nə kimi razılaşmalar əldə edir, bu, müstəsna suveren hüquq məsələsidir. Ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirən yolun İrandan keçməsi istiqamətindəki razılıq da həmçinin. 

Mövcud xüsusda vurğulanmalı bir vacib element də var. Azərbaycan torpaqları otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmışdı və o zaman ölkəmizin İranla 132 kilometrlik sərhəd zolağı da yox idi. Həmin dönəmdə Azərbaycan vətəndaşları Naxçıvanla quru əlaqəsini məhz İran vasitəsilə gerçəkləşdirirdilər. Görəsən, o illərdə ABŞ hara baxırdı? Cavab verək: ölkə ATƏT-in artıq canını tapşırmış Minsk qrupunda təmsilçilik edərək işğalın leqallaşmasına çalışır, vaxt uzadırdı. Daha bir sual: nə üçün işğal illərində Vaşinqton regiondakı başlıca tərəfdaşı kimi qiymətləndirdiyi Azərbaycanın vətəndaşlarının İran kimi “əbədi düşmənlə” əlaqə kontekstində Naxçıvana gedib-gəldiyinin fərqinə varmadı? Göründüyü kimi, ortada aşkar riyakarlıq faktı var. Çünki indi Ermənistanı bəsləmək, erməni avantürizmi üçün “yaşıl işıq” yandırmaq əsas götürülüb.

Bəli, Azərbaycan yenə də Naxçıvana gedən yolun İrandan keçməsini istəyir. Həm də ona görə istəyir ki, bir qədər əvvəl də bildirdiyimiz kimi, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, həmin yolda təhlükəsizlik təminatını özü gerçəkləşdirməyə çalışır. Heç bir inam və etibar qazanmayan Paşinyan iqtidarı belə bir vacib məsələdə söz sahibinə çevrilmək cəhdinə baş vurur. Nikol üçtərəfli Bəyanatdakı imzasına hörmətsiz yanaşdığının fərqinə qətiyyən varmır. ABŞ üçün bunu görmək çoxmu çətindir? Əlbəttə yox!. Ancaq O’Braynlar və ona bənzərlər Naxçıvana gedən yolla bağlı hökm çıxarır və yolun Ermənistandan keçməsinin qaçılmazlığından danışır, əmr  dilində danışmağa üstünlük verir. Əlbəttə, belələri bizim üçün heç kimdirlər! Azərbaycan XİN bəyanatında məhz bu məqamı vurğuladı. Özü də tam qətiyyətlə!

Səkkizincisi, əvvəldə də qeyd etdik ki, Konqresdəki müzakirələr və ona oxşar ermənipərəst tədbirlər müstəvisində itirən tərəf ABŞ olacaq. Azərbaycan XİN bu məqamı da diqqətə çatdırır. Ölkəmizin baş diplomatiya idarəsi bildirir ki, belə bir şəraitdə ABŞ-dan Azərbaycana yüksək səviyyəli səfərlər yersizdir. O cümlədən, Azərbaycandan ABŞ-a səfərlər də. Buna görə rəsmi Bakı noyabrın 20-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda keçirilməsi nəzərdə tutulan görüşündən imtina edir. Deməli, Birləşmiş Ştatlar özünün qeyri-konstruktiv yanaşması, birtərəfli mövqeyi ilə Bakı və İrəvan arasındakı vasitəçilik missiyasını itirmiş vəziyyətə düşür. Beləliklə də ABŞ özü olmağı yox, aşkar ermənipərəst xətt yeridən Fransaya çevrilməyi daha üstün tutur.

 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət