Sülh Ermənistanın qapısını döyür

post-img

Bakı Yaxın Şərqin ən “uzunömürlü” münaqişəsinin həlli modelini ortaya qoyub

Son üç ildə hərbi və diplomatik cəbhədə bir-birinin ardınca məğlubiyyətə uğrayan Ermənistan bundan dərs almaq, Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə, yenə müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasından boyun qaçırır. 

2023-cü il sentyabrın 11-də Azərbaycan tərəfi İrəvandan tezliklə cavab almaq ümidi ilə sülh sazişinin 5-ci dəfə düzəliş edilmiş variantını qarşı tərəfə təqdim edib. Fəqət, üstündən iki ay keçməsinə baxmayaraq, ortalıqda heç bir razılıq yoxdur. Bəs, Ermənistan sazişi imzalamaqdan ötrü hansı arqumentləri irəli sürür? İrəvan, ilk növbədə, suverenlik ritorikasına köklənir. Yəni, ərazisindən keçəcək kommunikasiyada nəzarət-buraxılış qaydalarının öz qanunvericiliyinə uyğun tətbiqinə çalışır. Amma bu, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə ziddir.

Vətən müharibəsindən sonra Cənubi Qafqazda baş verən proseslər isə onu deməyə əsas verir ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi təkbaşına verilən qərar deyil.  Bu məsələdə ölkənin tutduğu destruktiv mövqe bölgədə geosiyasi maraqlarını güdən kənar aktorların İrəvana göstərdiyi təsirlə birbaşa bağlıdır. Görünür, Qərbin bəzi dairələri, okeanın o tayındakı erməni havadarları regionda sülhün, sabitliyin bərqərar olmasını, etibarlı qonşuluq və əməkdaşlıq mühitinin qərarlaşmasını istəmirlər. Onlar davamlı gərginliyin saxlanmasında maraqlıdırlar. Nəticədə dəstəkçilərinin güclənən anti-Azərbaycan fəaliyyətindən cürətlənən Hayastanın siyasi rəhbərliyi son vaxtlar üçtərəfli Bəyanatın bəndlərini nəinki təftiş edir, həm də həmin müddəaların inkarına girişir. Tərəflər arasında sülhün əldə olunması ilə bağlı əsas maneələrdən biri də məhz budur. Göründüyü kimi, qapısının kandarına kimi gəlmiş sülh sazişini imzalamaqdan ötrü Ermənistan hakimiyyətinin siyasi iradəsi yetərli deyil. Əvəzində ölkəni silahlandırmağa, onu Rusiyaya qarşı qoymağa cəhd göstərən Fransa, ABŞ kimi dövlətlərin canfəşanlığını müşahidə edirik.  

Gündəlikdə münasibətlərin normallaşması dayanır

“Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var”. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib. H.Hacıyev Xankəndidəki qanunsuz rejim tərk-silah edilib Azərbaycan ərazisindən çıxarıldıqdan sonra Ermənistanla Azərbaycan arasında sülh sazişini bağlamaq üçün heç bir əngəlin qalmadığını, hazırda iki ölkə arasında ədavət və düşmənçilik fəslini dəyişdirmək və Bakının təklif etdiyi beş fundamental prinsip əsasında davamlı sülh yaratmaq naminə tarixi fürsətin yarandığını diqqətə çatdırıb. 

Prezidentin köməkçisi rəsmi Bakının Avrasiya xəritəsində ən “uzunömürlü” münaqişələrdən birinin həlli üçün model yaratdığını qeyd edib. O, jurnalistlərin diqqətinə ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyətini, onun missiyasının Ermənistanın Azərbaycana qarşı işğal siyasətini qorumaq və davam etdirməkdən ibarət olduğunu çatdırıb. “Artıq işğal və ədalətsizlik dönəmi geridə qalıb. Ona görə də Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var. Ancaq istənilən sülh öhdəliyi hər iki tərəfin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini tələb edir. Ermənistan da öz rolunu oynamalı, pozitivlik və xoşməramlılıq nümayiş etdirməlidir”, – deyən H.Hacıyev Azərbaycanın Ermənistanla bağlı gələcək siyasətinə də toxunub: “Biz regionda ədalət prinsiplərinə söykənən, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyan və bir-birimizə qarşı bütün ərazi iddialarına son qoyaraq yeni regional təhlükəsizlik arxitekturasını qurmaq istərdik. Sülh və regional təhlükəsizlik Brüsseldə deyil, Parisdə deyil, Vaşinqtonda deyil, Moskvada və ya başqa yerdə deyil. Sülh bölgənin özündədir”.

Rəsmi Bakı iki ölkə arasında sülh sazişinin imzalanması, münasibətlərin nizamlanması ilə bağlı yeni təkliflər zərfini İrəvana təqdim edib. Yəni, Azərbaycan tərəfi hər iki istiqamətdə məsələnin tezliklə həllində maraqlıdır. Prezident İlham Əliyev də Azərbaycanın sülhə və normallaşmaya hazır olduğunu dəfələrlə bildirib. Düzdür, Ermənistan tərəfi cavab verməsə də, təkliflər zərfini aldığını etiraf edib. Həmçinin, bu layihəyə müsbət yanaşdığını bildirib. Ən önəmli məsələ Azərbaycan və Ermənistan liderlərinin sülh və normallaşmaya pozitiv münasibətidir.

Azərbaycanla münasibətlərin normallaşdırılması çərçivəsində gərgin diplomatik işin davam etdiyini söyləyən Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının üzvü Gevorq Papoyan bu məsələdə İrəvanın mövqeyinin beynəlxalq tərəfdaşlar tərəfindən “tam başa düşüldüyünü” açıqlayıb. Onun sözlərinə görə,  mövcud durum tərəflərə sülh müqaviləsini imzalamağa imkanı verir. Amma Papoyan bu xüsusda “təbii ki, maneələr var. Yoxsa müqavilə bu gün imzalana bilərdi”, – deyə fikir bildirməyi də yaddan çıxarmayıb.

İrəvandan fərqli olaraq, Bakının dəqiq siyasi kursa malik olduğunu deyən erməni politoloq Arqişti Kiviryan yerli mediaya müsahibəsində qeyd edib ki, hazırda Ermənistan hakimiyətinin apardığı siyasət ölkəni təhlükə altına atır. “Bu siyasəti onların diplomatik cəhətdən savadsızlığını şərtləndirir. Gələcəkdə hüquq-mühafizə orqanları bununla məşğul olmalıdır” – vurğulayan Kiviryanın fikrincə, Ermənistan iqtidarının apardığı siyasətin ölkəni mütləq fəlakətə sürükləyəcəyini anlamaqdan ötrü dərin ağıla malik olmaq lazım deyil: “Bu adamların siyasi səriştəsizliyi Ermənistanı bölgədə tək qoyub və hazırda onun regional müttəfiqi yoxdur”.

Tədricən Ermənistan cəmiyyətində sağlam düşüncəyə malik, reallıq hissini itirməmiş insanların səsi eşidilməyə başlayır. Bu, təqdiredici haldır. Amma hələlik belələri azlıqdadır.   

Xristian təəssübkeşliyi aşkar göz önündədir

Son vaxtlar Avropa İttifaqının emissarlarının İrəvana və Tbilisiyə çoxsaylı səfərləri müşahidə edilməkdədir. Mediada Aİ-nin Gürcüstanı quruma üzv qəbul etməyə hazırlaşdığı barədə məlumatlar dolaşır. Hətta Tbilisi və İrəvanın Aİ-yə eyni vaxtda  qəbul ediləcəyinə dair vahid planın olduğunu söyləyənlər də var. Bəli, Gürcüstanın bu təşkilata üzvlüyə yolunu açmaq üçün açıq cəhdlər edilir. Yəqin növbəti mərhələdə eyni proses Ermənistan üçün də başlayacaq. Göründüyü kimi, həm Brüssel, həm də Vaşinqton platformalarında sülh müqaviləsinin imzalanması yönündə tələskənliyin, tərəflərə edilən təzyiqlərin əsas səbəblərindən biri bu imiş. Artıq heç kəsə sirr deyil ki, Qərbin məqsədi Cənubi Qafqazın iki xristian ölkəsini – Gürcüstan və Ermənistanı Aİ-yə üzv etməkdir. Bu yanaşmanın məhz dini amil üzərindən aparıldığı şübhə doğurmur. İntəhası, ortada fərqli problemlər mövcuddur. Gürcüstan-Rusiya münasibətlərində məlum ziddiyyətlər hələ də qalmaqdadır. Bu isə Tbiliyə təzyiq vasitələrindən biridir. Elə Ermənistanın özünün də Moskva ilə münasibətləri heç də hamar müstəvidə deyil. Rusiyanın Gümrüdəki hərbi bazasının hərəkətə gətirilməyəcəyinə və burada yeni Ukrayna ssenarisinin oynanılmayacağına kim təminat verə bilər? Yeri gəlmişkən, deyəsən, Kreml artıq haqqında söz açdığımız prosesə start verib. Onun Paşinyanı hakimiyyəti qəsb etməkdə günahlandırması hadisələrin eynilə Ukraynadakı kimi cərəyan edə biləcəyinə dəlalət edir. Qərbin Ermənistanı gücləndirmək istəyinə, onu kütləvi şəkildə silahlandırmaq səylərınə də məhz bu kontekstdən yanaşmaq lazımdır. 

ABŞ-ın bölgə ölkələrinə münasibətdə son davranışlarına gəldikdə isə onun rəsmi Bakı ilə çox vacib məsələlərdə uzun illər qarşılıqlı əməkdaşlığını unudaraq, Cənubi Qafqazda söz sahibinə çevrilən Azərbaycanla qarşıdurma yolunu seçdiyi birmənalıdır. Bu qarşıdurmada kimin uduzacağını yaxın tarix göstərəcək. 

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkləzinin rəhbəri, politoloq

Qərb düşünür ki, əgər Ermənistana daxil olsa, o, üzünü tamamilə Rusiyadan çevirəcək. Amma Paşinyan bəyan edib ki, hələ ki, Rusiyaya bağlı heç bir qurumdan çıxmırıq. Buraya, ilk növbədə, KTMT və Avrasiya İqtisadi İttifaqı daxildir. Avropa mətbuatı bu yaxınlarda sanksiyaya düşən malların Ermənistandan Rusiyaya ötürüldüyü barədə məlumatlar dərc etmişdi. Amma bu məsələdə  erməni lobbisi amili, eləcə də digər faktorlar nəzərə alınmalıdır. 

Fəqət, Ağ Evin Türk dünyası ilə əlaqələri pozduğunun da şahidi oluruq. Birləşmiş Ştatlar bunun faydasını görməyəcək. Azərbaycan üçün 907-ci düzəlişin yenidən qüvvəyə minməsinin elə bir ciddi fəsadları yoxdur. Onsuz da həmin düzəliş 1992-ci ildən 2000-ci ilədək qüvvədə qalmışdı və Azərbaycan nə onda, nə də ondan sonrakı müddətdə Amerikadan heç bir ədəd də hərbi texnika almayıb, belə bir yardımdan asılılığı yoxdur. Bu səbəbdən 907-ci düzəlişin qüvvəsini dayandırmasının ləğvi qərarının Azərbaycana heç bir təsiri olmayacaq. 

Başlıca məqam budur ki, hazırda Cənubi Qafqaz uğrunda siyasi mübarizə gedir. ABŞ da, Rusiya da həmin mübarizədə Ermənistan kimi kiçik dövlətlərdən istifadə edir. Azərbaycanı belə bir alətə çevirə bilmədiklərindən, təzyiqləri artırmaq yolu tutublar.

 

İmran BƏDİRXANLI
XQ

 



Siyasət