İrəvanın KTMT demarşı Belarusdan necə görünür?

post-img

Politoloq Aleksey Zermant Nikol Paşinyanın bütün məsuliyyəti öz boynundan atmağa çalışdığını vurğulayıb


Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin liderlərinin zirvə görüşündə iştirak üçün Belarusun paytaxtı Minskə getməmək qərarına toplantıya evsahibliyini gerçəkləşdirən ölkə necə reaksiya verdi? Ermənistanın KTMT-dən çıxması nə dərəcədə realdır? Ümumən, hazırkı şəraitdə KTMT faydalıdırmı? Ermənistanın VERELQ Analitik İnformasiya Mərkəzi bu və digər suallara cavab tapmaq üçün belaruslu politoloq, “Şimali Avrasiya” İnteqrasiya Araşdırmaları Mərkəzinin direktoru Aleksey Zermanta suallarla müraciət edib. “XQ” siyasi ekspertlə həmin müsahibəni təqdim edir. 

– Nikol Paşinyanın Minskə KTMT-yə üzv ölkələrin liderlərinin sammitinə getməmək qərarına Belarus necə reaksiya verdi?

– Bəli, Nikol Paşinyanın KTMT sammitinə getməmək qərarına rəsmi reaksiya Prezident Aleksandr Lukaşenko tərəfindən səsləndirildi. O, Ermənistanın baş nazirini qərarlarına balanslı yanaşmağa, ənənəvi müttəfiqlərlə əlaqələri pozmamağa və öz qərarlarını yenidən nəzərdən keçirməyə və onların nəticələrini düşünməyə çağırdı.

Amma, ümumilikdə, təbii ki, burada yaxşı heç nə yoxdur. Çünki (İrəvanın davranışında – red.) inteqrasiya birliklərimizə – 
KTMT-yə, Avrasiya İttifaqına marağın zəifləməsi və Qərbə meylin artması əlamətlərini görürük. Bunu, kifayət qədər, mübahisəli, qeyri-müəyyən görüşlərdə təsdiqləyir. Məsələn, Paşinyanla (Belarusun – red.) qondarma “prezident” (Svetlana – red.) Tixanovskaya arasında keçirilən görüş. Bu, ümumiyyətlə, qeyri-dost addım kimi qiymətləndirilir. Lakin A.Lukaşenko diplomatik və təmkinli reaksiya verir. O, dostcasına olmayan jestlərə baxmayaraq, Paşinyanla ünsiyyətini davam etdirir. Etdirir ki, Ermənistan lideri və erməni elitası düzəldilməsi mümkünsüz səhvlərə yol verməsin, müttəfiqləri ilə münasibətləri kəsməsin.

– Sizcə, Nikol Paşinyanın qərarının arxasında nə dayanır? Onun yalnız KTMT müttəfiqlərinin Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə təcavüzünə siyasi qiymət verməkdən imtina etməsindən narazılığı?

– Paşinyan və ətrafının niyə belə addımlar atmasının hansısa daxili motivasiyasını mühakimə etmək çətindir. Deyirlər ki, KTMT Ermənistana kömək etməyib, biz Qərbə üz tutacağıq, Fransadan silah alacağıq, ingilislərlə danışacağıq, Ermənistanın hərbi təhlükəsizliyinin təmin olunmasında amerikalıların dəstəyinə ümid edəcəyik.

Yəqin ki, bunun bir məqsədi var. Baxmayaraq ki, bəlkə də bu, Paşinyanın özünün dərin inamıdır. Axı, onun qeyri-hökumət təşkilatları strukturlarında yetişdiyi aydındır. Digər məsələ Qərbin maliyyə mənbələri ilə bağlıdır. Bəlkə də Ermənistanın Qarabağda məğlub olmasından və KTMT-nin mövcud müstəvidə köməyinin olmamasından istifadə edir. Bəlkə də fürsətdən yararlanaraq, çoxdan hazırladığı proqramı həyata keçirir. Məsələni istisna etmək olmaz və belə düşünmək üçün kifayət qədər dəlillər var. 

Əgər biz sadəcə, bir növ, çoxvektorlu siyasətdən danışırdıqsa, bu, bir şeydir, nümayişkaranə jestlər isə başqa bir şey. Axı, ortada Paşinyanın həyat yoldaşı ilə Zelenskinin həyat yoldaşı arasında görüş, Tixanovskaya ilə görüş, həmçinin Qərb dövlətlərinin kəşfiyyat xidmətləri vasitəsilə çoxsaylı təmaslar başlamalar var. Və bütün bunlar ümumi götürdükdə, təbii ki, Ermənistanın Paşinyanın hakimiyyəti altında nəinki KTMT-dən və Rusiyadan Qərbə doğru meyllənməsindən, aşkar dönüşündən xəbər verir.

– Ermənistanın KTMT-dən çıxması nə dərəcədə realdır?

– Məncə, hüquqi formal çıxış yolu mümkündür. Bu dünyada qeyri-mümkün heç nə yoxdur. Xüsusən, Ukrayna hadisələrinə baxsanız... Əvvəllər belə bir müharibənin olacağını təsəvvür edə bilməzdik. Ona görə hər şey mümkündür. 

Digər məqam Ermənistan üçün bunun necə nəticələnməsidir. Mənə elə gəlir ki, belə bir addım erməni cəmiyyətini təhlükəsizlik və daxili sabitlik baxımından sadəcə parçalayacaq və sarsıdacaq.

Ermənistanın təhlükəsizlik baxımından Qərb dövlətlərinin timsalında özünə bir əvəzləyici tapacağına şübhə edirəm. Yəni, belə bir addım ərazi bütövlüyünü və suverenliyini itirmək təhlükəsi ilə üzləşən ölkənin təhlükəsizliyinə öldürücü təsir göstərə bilər.

– İndiki reallıqlarda KTMT nə dərəcədə bacarıqlıdır? Bu, əsl hərbi-siyasi blokdur, yoxsa bəzi ekspertlərin dediyi kimi, Rusiya silahlarını daha ucuz qiymətə almaq üçün maraqlar klubudur?

– Aydındır ki, Ermənistan tərəfinin KTMT-yə qarşı şikayətləri var və düşünürəm ki, yalnız Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə hücumlarından söhbət getsə, ölkəyə qismən haqq qazandırmaq olardı. Başqa bir məsələ budur: başa düşmək lazımdır ki, məsələn, KTMT müttəfiqləri Qarabağ uğrunda Ermənistanın əvəzinə döyüşmək məcburiyyətində deyildilər. Ancaq bu iki məsələ, prinsipcə, bir-birinə bağlı idi. Yəni, KTMT tam işə qarışsa və Azərbaycana cavab verməyə başlasa, bu, genişmiqyaslı münaqişənin başlanğıcı demək olardı. Açığı, KTMT müttəfiqləri bundan yayınmaq istəyirdilər. Üstəlik, onlar dəfələrlə Ermənistan tərəfinə Qarabağ probleminin həlli variantlarını təklif edirdilər. Bütün bunlara məhəl qoyulmadı və Azərbaycan bu problemi öz gücü ilə həll etdi. Və burada, bəli, aydındır ki, Ermənistanda, KTMT-də və digər müttəfiqlərdə vəziyyətin fərqli anlayışı var. 

Hesab edirəm ki, KTMT-nin təhlükəsizlik funksiyasını qiymətləndirməmək olmaz. Qazaxıstanda baş verənlər bunu göstərdi. Bəli, yəqin ki, müxtəlif ölkələrin qurumda müxtəlif inteqrasiya və iştirak dərəcələri və çəkiləri var. Amma biz hamımız başa düşürük ki, Rusiya əsas oyunçudur və mən Ermənistanın təhlükəsizliyini təmin etmək baxımından hansısa ölkənin onu əvəzləyəcəyinə şübhəylə yanaşıram. Bunu başa düşmək lazımdır.

Odur ki, hazırda Ermənistanda KTMT ilə bağlı geniş yayılmış bütün şübhələrlə yanaşı, Belarusdan aydın görünür ki, Paşinyan daha çox, məsuliyyəti özündən, ümumiyyətlə, rəhbərlik etdiyi hökumətdən uzaqlaşdırmaq istəyir. O, beş illik hakimiyyəti dövründə Qarabağda hadisələrin bir az fərqli cərəyan etməsi üçün heç nə etməyib. İndi o, bütün məsuliyyəti, faktiki olaraq, Rusiyanın, KTMT-nin üzərinə atıb və bununla da siyasi statusunu qoruyub saxlamağa çalışır. Biz də bunu çox gözəl başa düşürük. Paşinyan siyasi məsuliyyətdən boyun qaçıranda, ondan yayınanda, onu başqasının üzərinə atanda, bu, kənardan heç də xoş görünmür. Amma əsas odur ki,  o, belə bir siyasətdə ölümcül addım atmasın, bütün əlaqələri qırmasın. Əks halda bu, həqiqətən də, erməni xalqı və Ermənistan dövləti üçün daha böyük sarsıntılar yaradacaq. 

Üstəlik, biz başa düşürük ki, Qərb Ermənistandan regiona xaos gətirmək, Rusiya və İrana problem yaratmaq aləti kimi istifadə edə bilər. Yalnız ümid edə bilərik ki, həm Ermənistan rəhbərliyi, həm də erməni xalqı bunu başa düşür, həm Paşinyanın, həm də onun hökumətinin müttəfiqlərlə münasibətlərini korlamasına imkan verməyəcək.

Hazırladı: 
R.ƏVƏZ
XQ

 

Müsahibə