Heydər Əliyev və türk dünyası

post-img

Ümummilli lider, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, möhkəmləndirilməsində, daxili və xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsində misilsiz rolu olmuşdur. Ulu öndərin müəyyən etdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın xarici ölkələr, xüsusilə türk dövlətləri ilə dostluq və qardaşlıq münasibətləri yeni məcrada uğurla inkişaf etdirilmişdir.

Tarixdən məlumdur ki, müəyyən ­dövrlərdə türk dövlətləri arasında əlaqələr subyektiv səbəblərdən qırılmışdır. Ələlxüsus da sovet dönəmində müəyyən dövrləri nəzərə almasaq, Türkiyə ilə münasibət, demək olar ki, olmamışdır. Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə münasibətlər isə İttifaq tərkibində sovet respublikaları olduğuna görə saxlanılmışdır.

SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqil türk dövləti kimi dünya ictimaiyyəti tərəfindən tanınsa da, beynəlxalq aləmdə nüfuz qazana bilməmişdi. Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu. Prezident Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı. 

Ulu öndərin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. Səfər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli siyasi, ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutan bir sıra mühüm sənədlər imzalandı. Bütün bunlar Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yeni təməl üzərində qurulmasında və bütövlükdə türk dünyası qarşısında tarixi xidməti idi. 

1996-cı il mayın 27-də “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”nin, 1997-ci ildə Qırğızıstanla ticarət-iqtisadi əməkdaşlığa dair sazişin, həmin ilin iyun ayında Qazaxıstana rəsmi səfər zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında bəyannamə və Qazaxıstan neftinin beynəlxalq bazarlara daşınmasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə qarşılıqlı faydalı əməkdaşlıq quruldu. 

Türkmənistan Respublikası ilə də münasibətlərin möhkəmlənməsinə xüsusi diqqət yetirən  Ulu öndər 1994-cü ilin oktyabr ayında bu ölkəyə də rəsmi səfər etdi. Türkmənistan Prezidenti Saparmurad Niyazov da 1996-cı ilin mart ayında Bakıda rəsmi səfərdə oldu.  Bu səfərlərin nəticəsində ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra vacib sənədlər imzalandı və mühüm məsələlərə dair ümumi razılaşma əldə olundu. Sonrakı illərdə digər sahələrdə də əlaqələr tənzimləndi və münasibətlərin yeni təməl üzərində inkişafı üçün zəmin yarandı. 

Bütün bunlar onu göstərir ki, türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin xüsusi tarixi rolu danılmazdır. Heydər Əliyev Azərbaycan Respublikasının türk dövlətləri ilə qarşılıqlı münasibətlərinin çoxtərəfli əsasda (TÜRKSOY, türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları, türk dövlət başçılarının zirvə görüşləri) həyata keçirilməsində müstəsna rol oynamış, hərtərəfli əlaqələrin qurulub inkişaf etdirilməsi üçün bütün imkanları səfərbər etmişdir. 

Ulu öndərin yorulmaz siyasi fəaliyyəti nəticəsində beynəlxalq diplomatik-siyasi münasibətlərin inkişafında mühüm addımlar atılmış, bu münasibətlər yeni təməl üzərində qurulmuş, ticarət-iqtisadi, elmi-texniki, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə sənədlər imzalanmışdır. Heydər Əliyevin 1998-ci ilin fevral ayında Türkiyəyə səfəri isə dövlətlərarası əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edirdi. 

Həmin ilin sentyabr ayında TRASEKA proqramı çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak edən Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşündə Ulu öndər türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmışdır. Hər iki ölkə prezidenti türk dünyası arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyindən bəhs edərək türk dövlətlərinin problemlərini müzakirə etmişlər.

 Prezident Heydər Əliyev türk dünyasının möhkəmlənib inkişaf etməsi ilə bağlı qeyd etmişdir: “Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”. 

“Biz bir millət, iki dövlətik” şüarını rəhbər tutan Ulu öndər türk dövlətləri arasında beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verdiyini öz siyasi fəaliyyəti ilə sübut etmişdir. Dövlətlərarası qarşılıqlı münasibətlərin ən mühüm məsələləri Türkiyə dövlət və hökumət nümayəndə heyətlərinin Azərbaycana səfərləri zamanı geniş müzakirə edilmişdir. Ulu öndər Türkiyə ilə diplomatik-siyasi münasibətlərin möhkəmləndirilməsinə Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi baxmışdır. 

Ölkəyə rəhbərlik etdiyi dövrdə daim  türk dövlətləri ilə səmimi münasibətlər yaradan, türk dünyası arasında birliyin təmin olunmasına  xüsusi önəm verən Ulu öndər Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair yaradılmış beynəlxalq konsorsiumda da Türkiyənin fəal iştirakına çalışırdı. Böyük rəhbər Xəzər dənizinə türk dövlətlərini birləşdirən amil kimi baxır və enerji ehtiyatları sahəsində onların əməkdaşlığını yüksək qiymətləndirirdi. O, hesab edirdi ki, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan–Türkiyə münasibətlərinə bir sıra siyasi üstünlüklər verir. 1998-ci il oktyabrın 29-da Ankarada Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə dair bəyannamənin imzalanması Heydər Əliyevin türk dünyası qarşısında mühüm tarixi xidmətidir. 

1999-cu ildə Ümummilli lider ­Heydər Əliyevə sülh uğrunda apardığı mübarizəyə görə “Beynəlxalq Atatürk Sülh Mükafatı” təqdim olunmuşdur. Ulu öndər özü də dövlətçilik fəaliyyətində türk dünyasının böyük öndəri Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə yüksək dəyər verir, onun irsinin öyrənilməsi və təbliğini vacib hesab edirdi. Bu məqsədlə də 2001-ci ildə Bakıda Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. 

Türk dünyası dövlətləri ilə qurulan beynəlxalq əlaqələrin elmi-nəzəri, tarixi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini daima vurğulayan Ulu öndər türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat TÜRKSOY-un fəaliyyətinə də xüsusi qayğı göstərmişdir. 

Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələr də yüksək səviyyədə inkişaf etdirilmişdir.

Hazırda Ulu öndərin bu siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və onun Türk Dünyası Dövlətlərinin birliyi, qardaşlığı və həmrəyliyi uğrunda gərgin və yorulmaz fəaliyyəti öz bəhrəsini verməkdədir. Prezident özü bu barədə Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında bildirmişdir: “Türk dünyası böyük dünyadır. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bugünümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”.

Ulu öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan ­İlham Əliyev Azərbaycanı inamla zəfərlərə doğru  apardı və indi də aparmaqdadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan–Türkiyə qardaşlığı, Türk dünyasının birliyi, həmrəyliyi ilə bağlı fikirləri möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyətində təsdiqini tapmaqda və bütün sahələrdə öz töhfəsini verməkdədir. 

 

Sultanəli QURBANOV,
YAP Səbail “Ü.Hacıbəyli–68” ərazi təşkilatının sədri

 

Siyasət