Azərbaycan ədəbi irsinin misilsiz himayədarı

post-img

Bunu əsaslandırmaq üçün tədqiqata və ya uzağa getməyə ehtiyac olmadı 

 

Hər böyük dühanın xəzinəsindən Sadə bir inci də dövlətdir bizə.

Səməd VURĞUN

 

“Nur” nura qarışanda, həqiqətən, maraqlı məqam yaranırmış. Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə qələmə almaq istədiyimiz bu yazının təməlində də  məhz iki nur dayanır. Onların biri Heydər Əliyev dühasının nuru, digəri isə  “Nur” şəhərinin yubileyi ərəfəsində eşitdiklərimiz oldu. Fikrimizi bir az da aydınlaşdıraq. Bölgə müxbirimiz İlqar Həsənov danışır ki, Mingəçevirə şəhər statusu verilməsinin 75 illiyi münasibətilə ( həmin əlamətdar gün noyabrın 11-də qeyd olunacaq – İ.M.) hazırlamaq istədiymiz yazının qəhrəmanlarının böyük əksəriyyəti “Şəhərimizin bu səviyyəyə çatmasında Ulu öndər Heydər Əliyevin möhtəşəm xidmətləri olmuşdur” və ya “Mingəçeviri SSRİ məkanında Səməd Vurğunun “Muğan” poeması tanıtmışdır” qənaətini bölüşmək istədilər. 

Bu barədə redaksiyada da bir neçə dəfə söhbət düşdü və elə İlqar Həsənovun təşəbbüsü ilə Ulu öndərin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə açılmış ev muzeylərindən birinə getmək qərarına gəldik. Təbii ki, ilk ünvan “Muğan” poemasının müəllifinin evi olmalıydı.

Muzeyin direktoru,  böyük şairin nəticəsi, onun təxəllüsünü də, soyadını da yaşadan Vurğun Vəkilov bizi məhz bu ocağın tarixi ənənələrinə layiq qonaqpərvərliklə qarşıladı. Xatırladaq ki, Vurğun Vəkilov şair və ya ədəbiyyatçı olmasa da, öz nəslinə, şəcərəsinə Avropa miqyasında şöhrət qazandırmış gənclərimizdəndir. 

Belə ki,  bu istedadlı gəncin – tanınmış pianoçunun  adı  2009-cu ildə Prezidentin sərəncamına əsasən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış, xüsusi təqaüdə layiq görülmüşdür. O, hələ Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VII sinifində oxuyarkən  İtaliyanın Pesaro şəhərində keçirilmiş VIII “Citta di Pesaro” Beynəlxalq müsabiqəsinin qalibi olmuşdu. Həmin müsabiqəyə İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrin gənc musiqiçiləri qatılmışdılar. Vurğun Vəkilov “B” kateqoriyasında 12-16 yaşlı piano ifaçıları arasında fərqlənərək birinci yeri qazanmışdı. 

11 il  Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldıqdan sonra Bakı Musiqi Akademiyasına daxil olmuş, orada  professor Oqtay Abasquliyevin təşəbbüsüylə Fransaya müsabiqəyə yollanmış və  laureat adını qazanmışdır. Laueratlar əlavə olaraq 1 il Fransanın nüfuzlu musiqi məktəbində ödənişsiz oxumaq şansı əldə edirdilər. Həmin şans isə gənc istedada 4 il Fransada oxumaq imkanı yaratmışdır. O, indi Avropanın sayılıb-seçilən pianoçularındandır. Gənc direktor bizimlə söhbətinin əvvəlindəcə xatırlatdı ki, şəcərəmizdə çoxlu musiqiçilər olub. Elə babam Səməd Vurğun da saz və tar başda olmaqla bir neçə  musiqi alətində ifa edirdi. 

Direktora ilk sualım böyük bir girişdən ibarət oldu: “Biz tələbə olanda dörd yoldaş bu muzeyə gəlmişdik. Eksponatların hamısına baxmaq istədik və ona görə də saat 1-də başlayacaq dərsə gecikdik. Dekan müavini bizi məzəmmət edəndə dedim ki, ziyarətə getmişdik. O, “Gəncəyə, İmamzadəyə, yoxsa Ətağanın məzarına? “ – deyərək,  bizi bəhanə gətirməkdə ittiham etmək istədi. Dedim, yox,  Səməd Vurğunun ev muzeyinə. Dekan müavini 180 dərəcəli  bucaq altında dəyişdi:  “Doğrusu, mən də getmək istəyirəm. Vaxt tapmıram. Amma, mütləq gedəcəm. Orada nə isə bir yenilik varmı?” Dostlarımdan biri dedi: “Səməd Vurğun çoxdan dünyasını dəyişib, orada nə yenilik ola bilər ki?” Dekan müavini sualını izah etdi: “Səməd Vurğunu SSRİ məkanından kənarda da tanıyanlar çoxdur. Kimsə yeni eksponat göndərər, haradansa çap olunmamış şeiri tapılar, dostlarının evindən hədiyyə gələ bilər, hansısa dövlət sənədi imzalanmış olar və sairə”. 

Bütün bunları xatırladandan sonra direktora dedim: – Əminəm ki , sualım sizə aydın oldu. 

 – Siz tələbə olanda bu muzeyin eksponatlarının sayı yəqin ki,  beş mindən bir az çox idi. İndi 17 minə yaxındır. Hazırda muzeyin Qazax filialı da var. Ona “Poeziya evi” deyirlər və hər il orada poeziya bayramı keçirilir.  Cənab Prezident İlham Əliyev həmin filialın “Xatirə kitabı”na ürək sözlərini yazıb. Son bir neçə ildə burada Səməd Vurğunun övladlarının ­yaşıdlarına həsr edilmiş “Altmışıncılar” adlı  guşə yaradılıb, şairin “Azərbaycan” şeirinin əsli – öz əli ilə yazdığı nüsxə ekspozisiyalar sırasına daxil edilib (indiyədək həmin nüsxə fondda saxlanılırdı), babamın istifadə etdiyi “Pobeda” markalı minik avtomobilinin Gürcüstandan alınaraq Bakıya gətirilməsi məsələsi tam həll olunmaq ərəfəsindədir (o avtomobil sonra Qazaxda saxlanılacaq). Həmin “Pobeda”nın kiçik ölçülü maketi muzeydə nümayiş etdirilir. 

O ki, qaldı sizin bu görüşü Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr etməyinizə, deyə bilərəm ki, muzeyimizin eksponatları arasında Heydər Əliyevin Səməd Vurğunun ədəbi irsinə verdiyi qiymətin miqyasını özündə əks etdirən çoxsaylı və dəyərli eksponatlar var. ­Heydər Əliyev birinci dəfə ölkə rəhbəri olanda Üzeyir Hacıbəyovun ev-muzeyindən sonra Səməd Vurğunun ev-muzeyinin yaradılması təşəbbüsünü irəli sürmüş və muzeyin açılışında şəxsən iştirak etmişdir. Həmin tədbirdə çəkilmiş çoxsaylı fotolar da eksponatlarımızın sırasındadır, onun ürək sözləri də. Üstəlik, Ulu öndər 1997-ci ildə də bu muzeyə gəlmiş, vəziyyətlə tanış olmuş, burada çıxış etmiş  və yenə də  “Xatirə kitabı”na öz ürək sözlərini yazmışdır. Həmin ürək sözləri ekspozisiyalarımızın ən dəyərlilərindən biridir. Buyurun, baxaq.

Baxdıq. Ulu öndər yazırdı: “Bu gün böyük şair Səməd Vurğunun 90 illik yubileyini qeyd edərkən, 1975-ci ilin oktyabr ayını xatırlayıram. O günlər ölməz Səməd Vurğunun ev muzeyinin təntənəli açılışı oldu. Ötən illər muzey Səməd Vurğunun həyat və yaradıcılığını təbliğ etmək üçün çox iş görüb, xalqımızın, mədəniyyətimizin inkişafına bövük xidmət göstərib. Əminəm ki, Səməd Vurğunun ədəbi irsi daim yaşayacaq, muzey ölkəmizin görkəmli mədəniyyət ocağı kimi o sərəfli işə bundan sonra da xidmət edəcəkdir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının ­Prezidenti

6 mart, 1997-ci il.”

İndi –  bu sətirləri qələmə alarkən, “Xalq qəzeti”nin o vaxtkı nömrəsinə baxırıq. Məlum olur ki, Ulu öndər həmin gün muzeydəki çıxışında bu qəbildən olan muzeylərin  milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün mühüm əhəmiyyət kəsb etdiyini demişdir: “Səməd Vurğun Muzeyi də məhz buna xidmət edir. Mən çox məmnunam ki, siz, Səməd Vurğunun ailə üzvləri Xavər xanım, Aybəniz xanım bu muzeyi 21 ildir saxlayırsınız, qoruyursunuz. Bu muzey daim fəaliyyətdədir. O, xalqımıza, millətimizə xidmət edir. Bu muzeyi biz ölkəmizə ziyarətə gələn insanlar üçün gözəl bir nümunə kimi göstəririk ki, xalqımız nəyə malikdir, nəyə qadirdir, xalqımızın milli sərvətləri nədən ibarətdir. Gəlib həm bu muzeyi görənlər, həm buradakı bu kitabları oxuyan, onlarla tanış olanlar xalqımızı daha da dərindən tanıyacaqlar”.

Yeri gəlmişkən, Vurğun Vəkilov xatırlatdı ki, son illər bu muzeyə gələn əcnəbi turistlərin sayı durmadan artır. 

Muzeyin bələdçi və elmi işçiləri bizə nəinki istənilən otaq və ya guşə, hətta, hər bir eksponat barədə də  dəqiq və müfəssəl məlumat verməyə çalışırdılar. Biz isə daha çox Ulu öndərin Vəkilovlar ailəsinə hörmət və ehtiramını əks etdirən sənəd və fotolara diqqət etdik və böyük şairin ov paltarları və ləvazimatları ­nümayiş etdirilən guşənin qarşısında foto çəkdirdik. 

Muzeydə  şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi saxlanılır. Digər üç otaqda isə Vurğunun həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılmışdır.

Şairin qonaq otağı kimlərlə bağlı xatirələri yaşatmır?  Bələdçi söylədi ki, bu otaqdakı royal da muzeyi ziyarət edənlərin böyük marağına səbəb olur. Bu royalda vaxtilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov, eləcə də,  məşhur bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov öz əsərlərini ifa etmişlər.

– Bəs divardakı bu möhtəşəm ­rəngkarlıq əsərini kim yaradıb?  – deyə bələdçidən soruşdum.  Dedi ki, görkəmli rəssam Mikayıl Abdullayevin hələ İkinci Dünya müharibəsinin getdiyi dövrdə – 1944-cü ildə bilavasitə naturadan yaratdığı bu əsər Səməd Vurğunun belə çəkilmiş ilk və yeganə portretidir. Qonaq otağındakı əntiq saat isə  böyük şairin vəfat etdiyi anda – 1956-cı il mayın 27-də axşam saat 7:30-da Xavər xanım tərəfindən dayandırılmışdır. Amma saat sussa da, xatirələr susmur. Bələdçi dedi ki, şairin ömrünün son saatlarında əlinə aldığı kitab özünün “Aygün” əsəri olmuşdur. 

Elə Aygün Vəkilovanın  özü də bu muzeyin Xavər Vəkilova  və Aybəniz Vəkilovadan sonra üçüncü direktoru olmuşdur. Sonra onları  Nüşabə Vəkilova əvəz etmiş, 2022-ci ildən bəri muzeyin direktoru Vurğun Vəkilovdur. 

Vurğun müəllim xatırlatdı ki, 2011-ci il dekabrın 13-də  Azərbaycan Prezidenti İlham Əliyev “Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında” sərəncam imzalamışdır. Həmin sərəncama əsasən muzeyin əsaslı təmiri, bədii tərtibatı, zəruri avadanlıq və inventarla təchizatı üçün lazım olan bütün addımlar atılmışdır. 

P.S. Mən taleyimdən razıyam ki, Ulu öndərin 1994-cü il dekabrın 28-də böyük ədib Cəlil Məmmədquluzadənin, 1997-ci il martın 6-da isə böyük şair Səməd Vurğunun ev muzeyinə gəlməsini və oradakı çıxışlarını işıqlandıran mətbuat təmsilçilərindən biri olmuşam. Yəni Heydər Əliyevin Azərbaycan ədəbi irsinin himayədarı, qayğıkeşi və təəssübkeşi olduğunun canlı şahidiyəm. Onun da şahidiyəm ki, Ulu öndər təkcə siyasətçi və ya lider kimi deyil, həm də ədəbi-bədii əsərlərin diqqətli oxucusu,  kino, teatr və konsert proqramlarının ilk tamaşaçılarından idi. 

 

İttifaq MİRZƏBƏYLİ 
XQ

 

Sosial həyat