Ermənistan sülh sazişinin imzalanmasından niyə yayınır?

post-img

Ermənistan məğlubiyyətindən dərs almayaraq yenə də sülh sazişinin imzalanmasından yayınır. Artıq 2023-cü il sentyabrın 11-də Azərbaycan tərəfi Ermənistanın cavabının yaxın vaxtlarda təqdim olunacağı ümidi ilə ikitərəfli kanallar vasitəsilə sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahatlarla birlikdə qarşı tərəfə təqdim edib. Lakin məsələdən iki ay ötməsinə baxmayaraq heç bir razılıq əldə edilməyib. Ermənistan bu sazişi imzalamamaqda hansı məqsədləri güdür?

Mövzu ilə bağlı XQ-ya Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynovun fikirlərini öyrəndik.

Politoloq qeyd etdi ki, Ermənistan burada suverenlik məsələsini irəli çəkir və sərnişinlərin yüklərinin yoxlanması ilə bağlı, Ermənistan qanunvericiliyinin tətbiqinə çalışır. Bu da 3 tərəfli bəyanata ziddir: "Son 3 ildə Vətən müharibəsindən sonra baş verən proseslər konteksində biz görürük ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Baxmayaraq ki, sülh və dövlətlərarası münasibətlərin nizamlanması istiqamətində danışıqlar gedir, amma konkret bir nəticə görünmür bunun əsas səbəbi Ermənistanın destruktiv mövqeyi ilə bağlıdır.

Təəssüflər olsun ki, Ermənistanın arxasında dayanan qüvvələr, onların havadarları regionda sülhü, sabitliyi, təhlükəsizlik mühitinin etibarlı qorunmasını istəmir və davamlı gərginliyin yaranmasında maraqlıdırlar. Bu da öz növbəsində prosesləri gecikdirir və vahid bir nəticəyə gəlmək mümkün olmur. Digər tərəfdən də Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respubilkası ilə əlaqə təmin olunmur. 
Ermənistan siyasi rəhbərliyi də 3 tərəfli bəyanatın maddələrini təftiş və onları inkar etməyə çalışır. Bu da qəbul olunmazdır, sülh müqaviləsinin əldə olunması ilə bağlı əsas maneələrdən biridir.

Ermənistan burada suverenlik məsələsini irəli çəkir və sərnişinlərin yüklərinin yoxnanılması ilə bağlı, Ermənistan qanunvericiliyini tətbiqinə çalışır. Bu da 3 tərəfli bəyanata ziddir.

10 noyabr 2020-ci il tarixli bəyanatda açıq şəkildə göstərilir ki, sərnişinlərin yükləri maneəsiz Ermənistan tərəfindən təmin olunmalıdır.
Düşünürəm ki, sülh müqaviləsinin əhəmiyyətli hissəsi artıq həll olunmuş kimi görünür, lakin bu müqavilənin imzalanması üçün Ermənistanın siyasi iradəsi yetəri qədər deyil. Fransa kimi Ermənistanı silahlandırmağa cəhd göstərən dövlətlər sülhün əldə olunmasına qarşı çıxır“. 

Qeyd edək ki, ötən gün sözü gedən məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, bu ilin sonunadək sülh müqaviləsi imzalamağa hazır olduqları barədə ictimaiyyətin bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantının təqdim olunmasını iki aydan artıq gecikdirir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, indi bu, tarixi fürsətdir. Xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur.

"Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha əvvəl bağlana bilər. Top Ermənistanın meydanındadır!", - deyə H.Hacıyev qeyd edib.

Ayşən AZADOVA

XQ



Siyasət