Paşinyan: Bakı ilə sülh sazişinin əsas bəndləri razılaşdırılıb

post-img

Sülh sazişinin əsas prinsipləri Azərbaycanla razılaşdırılıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. Məlumatı “İnterfaks.ru” verib. 

Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib: “Yaxın aylarda Azərbaycanla sülh sazişi imzalamaq üçün siyasi iradəmiz sarsılmaz olaraq qalır. Brüsseldə danışıqlar zamanı Azərbaycanla faktiki olaraq sülhün üç əsas prinsipi razılaşdırılıb”, - deyib.

Onun sözlərinə görə, bu prinsiplər Ermənistan və Azərbaycan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci il Alma-Ata Bəyannaməsi və SSRİ Baş Qərargahının 1974-1990-cı illər xəritələri əsasında sərhədlərin delimitasiyasının həyata keçirilməsinə aiddir: “Bundan əlavə, razılaşdırılıb ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Üçüncüsü, regional kommunikasiyaların bloklanması ölkələrin suverenliyi əsasında həyata keçirilməlidir”.

Paşinyan qeyd edib ki, “tərəflərin bir-birinə inamsızlığı səbəbindən” sülh sazişi hələ imzalanmayıb: “Bizim, düşünürəm ki, Azərbaycan tərəfinin də bəzi bəyanatlarımızda və hərəkətlərimizdə yəqin ki, aqressiv hərəkətlər və ya razılaşmalardan imtina niyyətləri görürük ki, bu da mətn üzərində işə mənfi təsir göstərir. Bundan əlavə, iki əsas məsələyə aydınlıq gətirmək lazımdır: sazişin mətni ətrafında mümkün uyğunsuzluqların aradan qaldırılması mexanizminin formalaşdırılması və sülh sazişinin imzalanmasından sonra hər hansı eskalasiyanı istisna edəcək təhlükəsizlik təminatlarının yaradılması”.

O deyib ki, bu məsələlərin həlli üçün diplomatik və siyasi işi aktivləşdirmək niyyətindədir.

P.ƏMİRCANOV

XQ

Siyasət