Haypərəstlərin Zəngəzurda “konsulluq paradı”

post-img

Rəsmi İrəvan Zəngəzur bölgəsində özünə “dost, qardaş və bacı” saydığı xarici ölkələrin konsulluqlarının, mülki missiyalarının, baş ofislərinin sayını mümkün qədər artırmağa çalışır. Bir növ Azərbaycanla sərhəd bölgəsində konsulluqların sərgisini formalaşdırır. Bir il bundan əvvəl Qafanda konsulluğunu açan İranın ardınca Fransa da Qərbi Zəngəzurda analoji addımı atacağını bəyan etmişdi. Bunu İrəvana səfəri zamanı Xarici İşlər naziri Ketrin Kolonna deyib. İndi növbə Rusiyaya çatıb. Rusiya Federasiyasının hökuməti Ermənistanın Sünik vilayətinin Qafan şəhərində ölkənin baş konsulluğunun açılması barədə razılaşmanı bəyənib. Bununla bağlı Baş nazir Mixail Muşistin müvafiq sərəncam imzalayıb. Rusiya Xarici İşlər Nazirliyinə belə hallarda tələb olunan iki ölkə arasında nota mübadiləsini həyata keçirmək tapşırılıb. Bu, artıq Kremlin Ermənistan ərazisində Gümrüdən sonra ikinci konsulluğu olacaq. 

“Konsulluq oyunçuları”nın niyyətləri 

Aydın məsələdir ki, Moskva Avropa dövlətlərinin Ermənistana “konsulluq yü­rüşü”nə biganə qala bilməzdi. Ən azı, ona görə ki, Ermənistanın Türkiyə ilə sərhədi­ni onun 102 saylı hərbi hissəsi qoruyur və Rusiya təkcə orada deyil, ümumiyyətlə, Cənubi Qafqazda hərbi mövcudluğunu zəiflətmək barədə düşünmür. Çünki, o, Qərbin Ermənistanda diplomatik iştira­kını şaxələndirməkdə məqsədinin Azər­baycanla sərhədin təhlükəsizliyini, ərazi bütövlüyünü qorumaq yox, məhz Rusiya­nı bölgədən sıxışdırmaq olduğunu yaxşı anlayır. 

Məsələ ilə bağlı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqlaması maraq doğurur: “Başqa ölkələr də Zən­gəzurda özlərinin diplomatik nümayən­dəliklərini açmaq istəyirlər. Yəqin ki, bu dövlətlərdən biri də Kanada olacaq. Bu ölkənın artıq İrəvanda səfirliyi fəaliyyətə başlayıb”. 

Bəzi siyasi ekspertlər bu qənaətdə­dirlər ki, Ermənistanda “konsulluq aç­maq yarışı”na qoşulan dövlətlər İrəvanın yardımla bağlı ağlaşmasına, eləcə də Qərbin ermənipərəst mediasında “Azər­baycan Qərbi Zəngəzuru ələ keçirməyə hazırlaşır” səpgili feyk-xəbərlərinə o dərəcədə aludə olublar ki, bir növ konsul­luq vasitəsilə bu “hərbi təcavüzün” qarşı­sını alacaqlarını düşünürlər. Məsələnin diplomatik tərəfinə gəldikdə isə hamıya bəllidir ki, konsulluq xidmətlərinin məqsə­di, ilk növbədə, həmin ərazilərdə yaşa­yan öz vətəndaşlarına xidmət etməkdir. İndi sual olunur: İranın, həmin Fransanın Qərbi Zəngəzurda neçə vətəndaşı yaşa­yır, yaxud işləyir? Yeri gəlmişkən, Rusi­yanın Qafanda konsulluq açmaq barədə qərarına və bunu ən qısa müddətdə re­allaşdırmaq planına ilk reaksiya İranın bölgədəki konsulluğundan gəlib. İİR-in Qafandakı Baş konsulu Mürtəza Abidin Varamin bu barədə erməni mediasına verdiyi açıqlamasında yeni xəbərdən “şad olduğunu” dilə gətirib. O, həmçinin bildirib ki, Rusiyanın bu addımı Zəngəzur bölgəsində sabitliyin və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək. “Çox şadam ki, burada əməkdaşlıq edə biləcəyimiz başqa diplomatlar da olacaq. İran ölkələr arasında əlaqələrin inkişafı­na yönəlmiş istənilən addımı alqışlayır. Ümid edirik ki, Ermənistanın Zəngəzur bölgəsində başqa ölkənin diplomatik nü­mayəndəliyinin və ya siyasi nümayəndə­liyinin açılması sabitlik və təhlükəsizliyə töhfə verəcək”.

İrəvanı çətin qərar gözləyir

Beləliklə, Qərbin və Kanadanın tim­salında Şimali Amerikanın Zəngəzurda özlərinin “diplomatik toxunulmazlığa ma­lik ərazi”lərini – konsulluqlarını yaratma­sının sırf siyasi məqsəd daşıdığı şübhə­sizdir. Bu “toxunulmaz adalar” onlardan ötrü yalnız Ermənistanda deyil, bütövlük­də, Cənubi Qafqazda maraqlarını təmin etmək baxımından strateji əhəmiyyət daşıyır. Fəqət onların konsulluq fəaliyyə­tindən narazı qalan tərəflər də yox deyil. 

“Sünik əhalisi konsulluqların açıl­masından narahatdır”. Bu xəbəri er­məni mediası yayıb. Sünikdə (Qərbi Zəngəzurda –red.) bir-birinin ardınca xa­rici ölkələrin konsulluqlarının açılmasının rayon sakinlərinin narahatlığına səbəb olduğunu dilə gətirən Tex icmasının ağ­saqqallar şurasının üzvü Masis Zeynal­yanın qəzetin müxbirinə cavabı deyil, ünvanladığı sualları daha çox maraq doğurur: “Başa düşmürük, bəlkə Zəngə­zuru ayırıblar? Əgər İrəvanda səfirlikləri varsa, o zaman İran, Avropa İttifaqı, Ru­siya Sünikdə niyə ayrı-ayrı strukturlarını açırlar? Fransa da bununla bağlı öz ar­zusunu ifadə edib. Sünik rayonu Ermə­nistan Respublikasının suveren ərazisinə daxildirsə, o zaman, bu, nə deməkdir? Bu prosesin məqsədi nədir?”. 

Bəli, bölgənin əhalisi çaşqınlıq və təş­viş içərisindədir. Onlar başlarının üzərini hansı təhlükənin ala biləcəyindən nara­hatdırlar. Doğru olaraq düşünürlər ki, İra­nın, Aİ-nin, Rusiyanın, həmin Fransanın İrəvanda səfirlikləri olduğu halda, Sü­nikdə konsulluq açması hansı məqsədə xidmət edir? Əlbəttə, bütün bunlar bizdən ötrü ritorik suallardır. Cavabları həmin er­məni ağsaqqalına da məlumdur. 

Rəsmi Moskva bu istəyi ilə bağlı Er­mənistanın müvafiq hakimiyyət orqan­larını müxtəlif kanallarla məlumatlan­dırıb. Görünən odur ki, hazırda İrəvan bu məsələdə strateji müttəfiqinə “xeyr” cavabını necə verəcəyi barədə düşünür. Axı, Paşinyan hakimiyyəti bir il əvvəl İra­na Qərbi Zəngəzurda konsulluq açması­na öz icazəsini verib. Bu halda, Kremlin eyni müraciətinə hansı arqumenti əsas gətirərək “yox” deyə bilər? Ermənistan xarici işlər nazirliyi Moskvanın Qərbi Zəngəzurda konsulluğunu açmaqla bağlı hələlik hər hansı rəsmi müraciət göndər­mədiyini bildirir. Deməli, Hayastan xarici siyasət idarəsinin bu məsələyə münasi­bəti sadəcə bununla bağlı Kremldən rəs­mi müraciətin olmamasından ibarətdir. Maraqlıdır ki, Ermənistan mediasında gündəmi dəyişmiş bu məsələ ilə bağlı Rusiyanın İrəvandakı səfirliyindən də heç bir aşıqlama verilməyib. 

Aydın olan odur ki, indi İrəvan çətin qərarın qarşısındadır. Onun Moskvanın təklifinə “bəli” deməsi qərbli tərəfdarlarını qəzəbləndirə, “xeyr”i isə onsuz da gərgin­lik dərəcəsi qalxmış Ermənistan – Rusiya münasibətlərində qəfil “qısaqapanmaya” səbəb ola bilər. 

Fikrət SADIXOV, 
politoloq

Konsulluğun vəzifəsi vətən­daşları qəbul etmək, pasport-vi­za məsələlərini həll etməkdir. Qafanda konsulluqlarını açan dövlətlərin hansı vətəndaşlara xidmət göstərəciyi, ümumiyyətlə, onların fəaliyyətinin nədən ibarət olacağı suallar doğurur. Buradan belə bir naticə hasil olur ki, onlar, sadəcə olaraq, region uğrunda mübarizə aparırlar. Həm də say­ları getdikcə artmaqdadır. Sabah Fransanın həmin bölgədə kon­sullğunu açmasına da qətiyyən təəccüblənmərəm. 

Məsələ ondadır ki, xarici döv­lətlər diplomatik müstəvidə öz mövqelərini möhkəmləndirmək üçün rəqabətə girişiblər. Eyni zamanda, regionda nəzarət funk­siyalarını yerinə yetirmək məqsə­dini güdürlər. Çünki onlar yaxşı başa düşürlər ki, Zəngəzur dəhlizi gec-tez açılacaq və oradan yüklə­rin daşınması, vətəndaşların keçi­di təmin ediləcək. Həmin dəhlizin açılması özü-özlüyündə olduqca əhəmiyyətli, strateji xarakter da­şıyan loqistik bir layihə olacaq. Bu baxımdan mən belə başa dü­şürəm ki, Ermənistanda konsul­luqlarını yaradan ölkələr indidən mövqelərini möhkəmləndirməklə məşğuldurlar. Yəni, gələcəkdə bir sıra məsələləri nəzarət altına gö­türmək fikrindədirlər. 

Fərhad MƏMMƏDOV, 
siyasi şərhçi

Aydın məsələdir ki, xarici ölkələrin Ermənistanın Sünik bölgəsində konsulluqlarını aç­ması sırf siyasi səbəblərlə bağlı­dır. Adətən, bu tip diplomatik nü­mayəndəliklər elə yerlərdə açılır ki, orada həmin dövlətin vətən­daşları çoxluq təşkil edir. Bu zaman onların sənədlərlə bağlı işlərini təşkil etməkdən ötrü kon­sulluq səfirlikdən kənar, ikinci diplomatik missiya kimi fəaliyyət göstərir. Ermənistana gəldikdə isə, bu amil geosiyasi mübarizə­nin bir növ təzahürüdür. Bu mü­barizədə əsas oyunçular İran, Rusiya Federasiyası və Qərb, Av­ropa İtifaqına üzv olan ölkələr, bir də Amerika Birləşmiş Ştatlarıdır. Yəni, hazırda bölgədə bu üç tərəf arasında gərgin mübarizə gedir. Bir-birinni ardınca konsulluqların açılması məhz həmin mübarizə­nin tərkib hissəsidir. 

Bu fakt Ermənistana yaxşı heç nə vəd eləmir. İlk baxışda bu konsulluqlar ölkənin təhlükəsizli­yinin təminatı kimi də izah oluna bilər. Amma bunun bədəli bölgə­nin geosiyasi mübarizə meydanı­na çevrilməsidir. 

Əslində, İrəvan Azərbaycan və Türkiyə ilə münasibətləri nor­mallaşdırmaq kimi daha asan yolu seçməli idi. Fərqli yol isə son nəticədə Ermənistan üçün böyük problemlər yarada bilər. 

 

İmran BƏDİRXANLI
XQ





Siyasət