Moskva Parisin “Qarabağ ssenarisi”ndə...
İlk baxışdan Rusiyanın dünyadakı ermənipərəstlik trendinə qoşulmadığına dair təsəvvür var. Necə də qoşulsun, axı Ermənistan əlinə düşən hər imkandan Moskvanı, sözün əsl mənasında, aşağılamaq üçün yararlanır.
Lakin məhşur deyimdəki fikri Rusiyaya uyğunlaşdıraq: Sən saydığını say, görək, Moskva nə sayır. Bəli, Kreml də ermənipərəstlik trendinə qoşulur. Amma bir qədər fərqli formada. Ümumən, söhbətimiz bu barədədir. Ancaq digər məqamları da vurğulayacağıq.
Başlayaq ondan ki, Rusiyanın Xarici işlər nazirinin müavini Sergey Verşin Braziliyanın ölkəsindəki səfiri Riçard Lima Baen Soareslə görüşündə “Qarabağ məsələsi”nə toxunub. O məsələyə ki, Prezident Vladimir Putin onun artıq həllini tapdığını bir deyil, bir neçə dəfə bəyan edib. Həm Putin, həm də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dəfələrlə bildiriblər ki, Ermənistan baş naziri Nikol Paşinyan 2022-ci ilin oktyabrında keçirilmiş Praqa sammiti zamanı Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Onlar, həmçinin vurğulayıblar ki, 2023-cü ilin mayında Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistan baş nazirinin iştirakı ilə keçirilmiş görüşdə Praqa sammitinin nəticələri təsdiqlənib. Demək olarmı ki, bütün bunların S.Verşinə heç bir aiddiyyatı yoxdur? Əlbəttə, heç də o fikirdə deyilik ki, Rusiyanın XİN rəhbərinin müavini özfəaliyyətlə məşğuldur. Yəni, onun braziliyalı səfirlə “Qarabağ məsələsi”ni müzakirəyə çıxarmasını adi hal kimi qiymətləndirmirik. Axı, ortada BMT söhbəti var.
***
Hələlik onu bildirək ki, hazırda Fransa başda olmaqla, dünya ermənipərəstləri Qarabağın erməni əhalisinin bölgəyə qayıtması müstəvisində səs-küy qoparıblar. Sən demə, Azərbaycan etnik təmizləmə gerçəkləşdiribmiş, insanları öz doğma yurd-yuvasından didərgin salıbmış. Ümumən, belə ucuz populizm və sentimentallıq səs-küyü “köhnə qitə”ni başına alıb desək, əsla yanılmarıq. Mövcud xüsusda Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələsi qaldırılmaqdadır. Onların hüquq və təhlükəsizliklərini isə BMT sülhməramlıları qoruyacaqmış. Hər halda, belə bir beynəlxalq mexanizmin tətbiqi cəhdlərinin ön planda olduğu aşkardır.
Fransa, eyni zamanda, çalışır ki, Qarabağa Avropanın müşahidəçiləri ayaq açsın, oraya qayıdacaq ermənilərin durumunun monitorinqini aparsın və sair. Əlbəttə, ayının min oyunu bir armudun başındadır. Yəni, daha böyük məqsəd birincisi, Azərbaycanın Qarabağ erməniləri ilə bağlı konstitusion əsasda verdiyi təminatları heçə saymaqdadır. İkincisi, ölkəmizin suverenliyini şübhələndirmək yolu tutulur. Üçüncüsü və ən əsası isə Qarabağda erməni varlığının xüsusi vurğulanması, heç şübhəsiz, Qarabağ avantürizminin davamı baxımından vacibdir. Əlbəttə, daha bir məqsəd də var. Hazırda anti-Rusiya ovqatına köklənmiş dünya çalışır ki, Cənubi Qafqaz rus təsirindən qurtarsın.
***
Qarabağda hazırda çox məhdud sayda erməni yaşayır. Aydındır ki, onlara yönəlik hansısa təminatlar məsələsindən söz açmaq mümkünsüzdür. İndi Rusiya sülhməramlılarının da bölgədə mövcudluğuna heç bir ehtiyac yoxdur və kontingentin fəaliyyətini məhdudlaşdırmağa doğru getməsi məhz buna görədir.
Ancaq Moskva Qarabağda qalmaq niyyətindədir. Xüsusən avropalıların bölgəyə ayaq basmaq üçün start vəziyyətində olduğu hazırkı şəraitdə Kreml kimlərinsə finişə birinci çatması ilə razılaşmayacaq. Əslində XİN rəhbərinin müavini S.Verşinin Braziliya səfiri ilə görüşündə qaldırdığı məsələ bundan qaynaqlanır.
Sual yaranır: Braziliya hara, Qarabağ hara? Ölkə BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzvü statusunda təmsil olunur və oktyabr ayından rotasiya qaydasında quruma sədrlik edir. Deməli, həlledici mövqeyə malikdir. Rusiya XİN-in Verşin-Soares təması ilə əlaqədar məlumatından isə belə çıxır ki, Qarabağla bağlı qətnamə layihəsi baxılmaq üçün BMT Təhlükəsizlik Şurasına təqdim olunub. Bəs, bu layihənin müəllifi kimdir? Əlbəttə ki, Fransa.
***
Azərbaycan sentyabrın 19-da başladığı və 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri ilə suverenliyinin bərpasına nail olduqdan və Qarabağdakı separatçı rejim özünü buraxdığını elan etdikdən dərhal sonra Fransa BMT TŞ-nin təcili iclasını çağırmaq və bölgədəki vəziyyətin müzakirəsi təşəbbüsünü irəli sürmüşdü. Daha sonra ölkənin Xarici İşlər naziri Ketrin Kolonna Senatdakı çıxışında da məsələyə qayıtmış və bildirmişdi ki, rəsmi Paris BMT TŞ-də “Qarabağın erməni əhalisinin geri qayıtması üçün şərait yaradılması haqqında” qətnamə layihəsinin qəbulunun tərəfdarıdır. Onun sözlərinə görə, layihə özündə Qarabağ ermənilərinin, o cümlədən, onların tarixi və mədəni hüquqlarının qorunması üçün güclü təminatları ehtiva edir və bu, bölgədə daimi beynəlxalq mövcudluq şəraitində mümkündür. Belə mövcudluğun isə Rusiyanın sülhməramlılarla təmsilçiliyinə alternativ kimi ortaya atıldığı aşkardır. Deməli, Fransanın “qətnamə təəssübkeşliyinin” hədəfi, yuxarıda da bildirdiyimiz kimi, Qərbin Moskvanı Cənubi Qafqazdan sıxışdırmaq məntiqinə söykənməkdədir.
***
Yeri gəlmişkən, qeyd edək ki, rəsmi Paris bu il avqustun 16-da da BMT TŞ-də “Laçın dəhlizi”nin açılması və Qarabağdakı humanitar durum kontekstində müzakirə təşkil etmişdi. Lakin heç bir sənəd qəbul edilməmiş və beləliklə, Fransanın BMT TŞ-nin daimi üzvü statusundan faydalanaraq Ermənistanı və Qarabağdakı separatçı rejimi qorumaq cəhdləri iflasa uğramışdı. Deməli, Fransa hazırda yarımçıq qalmış işinin davamına girişib. Rusiya XİN-nin məlumatından belə görünür və Moskvanın özünün bilavasitə təşəbbüskar olduğunu söyləmək mümkünsüzdür. Kreml el misalımızda deyildiyi kimi, özgə atına minməyə cəhd göstərir. Verşin isə Braziliyanın səfirindən bunun üçün kömək istəyir. Yəqin razılaşarsınız ki, ortada Moskva adına son dərəcə miskin və riyakar mənzərə var.
Bəs, Rusiyanın ermənipərəstlik trendinə qoşulmaqda məqsədi nədir? Əslində, yuxarıda bununla bağlı müəyyən ipucu verdik. Bir halda ki, Qərb Rusiyanı bölgədən çıxarmağa köklənib, Kreml müqavimət göstərməlidir. Amma beləmi? Görünür, Moskva çalışır ki, Qarabağla bağlı qətnamə layihəsi BMT TŞ-dən keçsin. Yəni, ermənilərin bölgəyə qayıtmaları ilə bağlı Qərb, daha dəqiq desək, Fransanın təşəbbüsündə nəzərdə tutulan beynəlxalq mexanizmlər işə düşsün. Məsələ Kremlə sərfəlidir. Axı, indiki halda Rusiya sülhməramlılarının işi, demək olar, yoxdur və gec-tez onların ərazidən tamamilə çıxmaları məsələsi qalxacaq. Burada miskinlik Kremlin həmin Qərb mexanizmlərində təmsil olunmağa ümid bəsləməsi ilə bağlıdır. Həqiqətən, Rusiyanın Fransanın Qarabağ avantürizminin davamı planında yer almağa çalışması ortaya aciz durum çıxarır. Görəsən dəyərmi?
Dəyərmi, dəyməzmi, bunu Rusiyanın xarici siyasət idarəsi özü müəyyənləşdirsin. Fundamental məsələ Azərbaycanın bütün bunlara qarşı nələri etməsidir. Yuxarıda da vurğuladıq ki, rəsmi Bakı Qarabağ ermənilərinin bölgəyə qayıtmaları üçün təminat verir. Sonuncu dəfə bu məsələ Strasburqda Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçlə Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyevin görüşündə təsdiqlənib. Eyni zamanda, onu da bildirmək lazımdır ki, ölkəmiz Qarabağ ermənilərinin qayıtmalarına paralel olaraq soydaşlarımızın hazırkı Ermənistan ərazisi olan Qərbi Azərbaycandan deportasiyası və onların öz yurd-yuvalarına dönmələri tələbini irəli sürməkdədir.
Yeri gəlmişkən, haqqında söz açdığımız sonuncu məsələ Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviçin Bakıya səfəri zamanı gündəmə gəldi. O da məlumdur ki, xanım Miyatoviçin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü Ermənistanın ekspert cameəsində xeyli müzakirə olundu, narahatlıq doğurdu. Nəzərə alaq ki, Qərbi Azərbaycandan qovulanların sayı Qarabağ ermənilərinin sayından dəfələrlə çoxdur.
***
Göründüyü kimi, Azərbaycan öz maraq və mənafeləri baxımından ədalətli davranır. Heç şübhəsiz ki, həm siyasi oyun qaydalarını qoruyur, həm də prinsipiallıq, qətiyyət və ardıcıllıq nümayiş etdirir. Fransanın bu baxımdan yarıtmaz mövqe tutduğu aşkardır və mövzuya yenidən qayıtmaq istəməzdik. Bəs, Rusiya? Verşinin Braziliya səfiri ilə Qarabağ müzakirəsini aparması üzərinə gəlsək, ölkənin beyin mərkəzlərinin necə bir düşüncədə olduqlarını görmək asandır. Yəni, doğrudanmı Moskva Cənubi Qafqazda uğur qazanmağın başqa formulunu görmür? Hə, sonda diqqətə çatdırdığımız atalar sözünü tamamlayaq. Nəzərə alsaq ki, Rusiya Fransanın “qətnamə məntiqinə” sərmayə yatırmaq yolundadır. Deməli, başqasının oyunundan dividend götürməyə çalışır. Çox güman, özgə atına minənin tez düşdüyünü unudur.
Ə.CAHANGİROĞLU
XQ