Onların vurnuxmalarının kökündə şəxsi qazanc dayanır
Azərbaycan Ordusunun sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ ərazisində varlığına son qoyulan keçmiş separatçı xunta rejiminin sabiq “qlavarları” vurnuxurlar. Onların aktivləşməsi separatçıların sayca beşinci və sonuncu başçısı Samvel Şahramanyanın oktyabrın 20-də İrəvandakı “Artsax nümayəndəliyi” qarşısında etiraz aksiyası keçənlərin önünə çıxaraq, “Artsax respublikası ləğv olunmayıb, heç bir sənəd xalqın yaratdığı respublikanı ləğv edə bilməz” deməsi ilə başlayıb. Oktyabrın 28-də S.Şahramanyan Ermənistanın İctimai televiziyasına geniş müsahibə verib. O, müsahibə zamanı bir sıra məsələlərə aydınlıq gətirib, “gələcək perspektivə” dair fikirlərini bölüşüb.
Noyabrın 1-də isə Qarabağdakı keçmiş separatçı dəstənin üzvləri İrəvanın mərkəzindəki beşulduzlu “Marriott” otelində toplaşaraq, qapalı müzakirə aparıblar. Ermənistanın media qurumları görüşlə bağlı yazılarda separatçıların heç bir qərara gələ bilmədiyini vurğulayıblar. O da qeyd olunub ki, qapalı görüşün keçirilməsində məqsəd qondarma rejimin saxta dövlət qurumlarının saxlanılması və “mühacirət hökuməti”nin formalaşdırılması olub. İclasda əsasən S.Şahramanyanın qondarma rejimin mövcudluğuna son qoyulması və bütün strukturlarının buraxılmasına dair sentyabrın 28-də imzaladığı “fərman”la bağlı məsələlər müzakirə edilib. İddialara görə, Şahramanyandan xunta rejiminin buraxılması ilə bağlı “fərmanını” ləğv etmək, “rəsmi strukturların” fəaliyyətinin davam etdirilməsi istənilib. Bildirilib ki, S.Şahramanyan özü də bu mövqedə olduğu üçün rejimin fəaliyyətini davam etdirməyə çağıranların fikri ilə razılaşıb. İclasa qatılan hüquqşünaslar bildiriblər ki, məlum “fərman” qeyri-qanunidir. Belə ki, bir şəxs “dövləti” buraxa bilməz. Ortaq variant kimi Samvel Babayanın “fərman”ı “Konstitusiya Məhkəməsinə” göndərmək və onu qanunsuz hesab etmək təklifi üzərində dayanılıb.
Ancaq separatçılar qondarma rejimə süni nəfəs verib onu yaşatmağa çalışsalar, gərək onun “strukturlarında” işləyənlərə də əməkhaqqı ödənilsin. Əməkhaqqı üçün isə mənbə yoxdur. Belə ki, Ermənistan hökuməti “dqr”in maliyyələşməsini dayandırıb və ona vəsait ayırmaq niyyətində deyil. Bu baxımdan qapalı toplantıda heç bir nəticə hasil olmayıb. İddialara görə, S.Şahramanyanın xarici ölkələrin nümayəndələri və Qərb diplomatları ilə görüşlərində əsas məqsədi də maliyyə əldə etməkdir. Beləliklə, aydın olur ki, separatçılar yalnız maliyyə əldə etmək və havayı maaş almaq uğrunda mübarizə aparırlar. Ancaq buna Ermənistan hökumətinin izn verəcəyi mübahisəlidir. Əksinə, noyabrın 2-də Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərə Ermənistan vətəndaşlığının verilməsi və onların işlə təmin olunması barədə qərar qəbul edib. Hökumətin iclasında çıxış edən baş nazir Qarabağ ermənilərinə Ermənistan vətəndaşlığı verilməsi məsələsini mümkün qədər operativ həll etməyi tapşırıb. “Qarabağdan olan soydaşlarımız Ermənistan Respublikasının vətəndaşlığını almaq üçün müraciət edirlər. Bizim vəzifəmiz bütün prosedurlara riayət etməklə bu prosesi mümkün qədər tez təşkil etməkdən ibarətdir”, – deyə o bildirib.
Bu arada Ermənistan mediasında ölkənin üçüncü prezidenti, əslən Xankəndidən olan Serj Sarkisyanın S.Şahramanyanla görüşmək istəyi və bu görüşün baş tutması barədə məqalə dərc olunub. Məqalədə qeyd edilib ki, Şahramanyan “Qarabağ klanı”nın “liderləri” olan S.Sarkisyan və Robert Koçaryanla əlaqə qurmaqda maraqlı deyil. Bunun bir səbəbi onların Ermənistanda heç bir nüfuzunun olmamasıdırsa, digər səbəbi Paşinyanı daha da qıcıqlandırmamaqdır. Belə ki, Paşinyanın siyasi rəqibləri Sarkisyan və Koçaryanla işbirliyi quracağı halda Şahramanyanın Ermənistanda yaşamaq imkanı da məhdudlaşdırıla bilər. Buna baxmayaraq, Sarkisyanın israrı nəticəsində Şahramanyan görüşə razılıq verib. Ancaq bu görüşdə də heç bir nəticə hasil olmayıb, Sarkisyan yalnız “ümumi vəziyyəti” və separatçıların gələcək addımlarının nədən ibarət olacağını öyrənə bilib.
Ermənistan hakimiyyəti ilə Qarabağda mövcud olmuş separatçı rejimın sabiq rəhbərləri arasındakı münasibətlərlə bağlı “Joxovurd” qəzetində dərc olunan məqalə də maraq doğurub. Məqalədə qeyd olunub ki, Paşinyan nəyin bahasına olursa-olsun “Artsax” rəhbərliyini diskreditasiya etmək (gözdən, nüfuzdan salmaq) istəyir. “Joxovurd” yazıb: “Bir aylıq fasilədən sonra “Mülki müqavilə” partiyasının idarə heyətinin üzvləri Paşinyanın rəhbərliyi ilə iclas keçirdilər. Qarabağın itirilməsinə baxmayaraq, Paşinyan və onun partiyasının üzvləri üçün əsas məsələ hakimiyyətin qorunub saxlanılmasıdır. Bundan əlavə, Paşinyan nəyin bahasına olursa-olsun “Artsax” rəhbərliyini gözdən salmaq istəyir. Əsas hədəf Samvel Şahramanyandır. Hər şeyi etmək lazımdır ki, narazılıq oxları Şahramanyana doğru yönəlsin. Lakin Paşinyan bununla məhdudlaşmaq istəmir. O, “Mülki müqavilə”nin üzvlərinə ölkə ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi, əvvəlki hakimiyyətin Moskvanın köməyi ilə geri qayıtmaq istədiyini hər vasitə ilə bəyan etməyi tapşırıb. Planları həyata keçirmək üçün o, bütün resurslardan – saxta xəbərlərdən, qərbpərəstlərdən, deputatlardan istifadə etməyi və həmin tezisləri bütün platformalarda təbliğ etməyi tapşırıb. Hakim partiyanın deputatları artıq Şahramanyana müxalif olan Qarabağdakı separatçı rejimin ordusunun keçmiş komandanı Samvel Babayanla, habelə onun kiçik komandasının da qoşulduğu media resursları ilə işləməyə başlayıblar”.
***
Ermənistan hökumət rəsmilərinin keçmiş separatçı rejimin təmsilçiləri ilə ünsiyyət qurmaları, hansısa “mühacirət hökuməti”nə dəstək vermələri rəsmi İrəvanın Azərbaycana ərazi iddiasının bitmədiyi demək olardı. Bu isə N.Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağ iqtisadi rayonu da daxil olmaqla, 86,6 min kvadratkilometr daxilində tanımaqla bağlı Praqada imzaladığı sənədə ziddir. Eyni zamanda, bu halda Azərbaycanla sülh sazişi də ciddi şəkildə sual altına düşə bilər.
Ancaq hətta, Qarabağda özünü buraxmış rejimi xortlatmağa cəhd edilsə belə, bu, heç nəyi dəyişməyəcək. Azərbaycan 44 günlük Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra regionda yeni reallıqlar yaradıb. Həmin reallıqları artıq bədxahlarımız da qəbul ediblər. Bu mənada İrəvanın hansısa küçəsində yerləşən binaların birində qondarma rejimin “fəaliyyət göstərib-göstərməməsi”nin bizim üçün təfavütü yoxdur.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu isə “Xalq qəzeti”nə bildirib ki, Ermənistana köçən separatçılar var gücləri ilə Qarabağda qalan azsaylı ermənilərin də bölgəni tərk etməsinə çalışırlar. Onun sözlərinə görə, separatçılar, guya, Qarabağda qalanlara yaxşı baxılmadığına, onların Xankəndidə aciz vəziyyətdə olmalarına dair müxtəlif şayiələr yayırlar: “Separatçılar belə bir şayiə də yayırlar ki, guya, Qarabağda qalanlar əsl erməni deyillər, ya rus, ya da qarışıq millətdəndirlər. Yəni, sözlərindən belə çıxır ki, əsl erməni azərbaycanlılarla bir yerdə yaşaya bilməz, yaşamamalıdır. Bu, erməni separatçıların ənənəvi irqi ayrı-seçkilik siyasətidir”.
Elxan Şahinoğlu “Qarabağda qalanlar əsl erməni deyillərsə, nədən onların da Ermənistana köçmələrinə çalışırsınız?” – deyə ritorik sual verib. Qeyd edib ki, separatçıların məqsədi aydındır: “Qarabağda ermənilərin yaşaması onların Azərbaycana qarşı “etnik təmizləmə” təbliğatını zəiflədir. Azərbaycan Qarabağda qalan erməniləri güc yolu ilə orada saxlamayıb, istəyən ərazini tərk edə bilər. Ancaq getməyib qalanlar düşünürlər ki, Ermənistanda səfil həyatı yaşamaqdansa, Azərbaycan qanunları və pasportu ilə doğulduğu bölgədə və öz evində yaşaması daha məqbuldur”.
Səxavət HƏMİD
XQ