İrəvan mövqeyimizin və şərtlərimizin dəyişmədiyini unutmasın!
Rəsmi Bakı anklavlar məsələsində İrəvanla heç bir ticarət mübadiləsinə gedilməyəcəyini bəyan edib. Azərbaycanın israrlı tələbləri qarşısında son vaxtlar “hamının–hamıya” prinsipinə üstünlük verdiyini açıqlayan Ermənistan hakimiyyəti bununla Gədəbəy rayonundakı bir kənd anklavını Naxçıvanın Meğridəki Kərki kəndi ilə dəyiş-düyüş variantı məsələsini gündəmə salmağa çalışır. Bu zaman İrəvanın əsas arqumenti bu kəndlərin ərazilərinin eyni həcmdə olmasıdır. Ekspertlərin əksəriyyəti ilk baxışda məntiqli görünə biləcək bu planın arxasında Paşinyan iqtidarının Azərbaycanı digər anklav kəndləri geri istəməkdən yayındırmaq cəhdinin dayandığı qənaətindədir.
Bir müddət bundan əvvəl Ermənistan mediası ərazilərində hələ də işğal altında qalan Azərbaycan kəndləri ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın açıqlamasını yayımlamışdı. Amma həmin informasiyada Abazyanın müxbirin anklavların gələcək aqibəti ilə bağlı sualına cavab verməkdən yayındığı öz əksini tapmışdı. Hazırda erməni mediasının tirajladığı digər məlumata görə, Ermənistan hakimiyyəti anklavların Azərbaycana qaytarılması mövzusunda müzakirələri davam etdirir. Onların xəbər versiyası bundan ibarətdir ki, guya, rəsmi İrəvan hələlik anklavların hansı kəndlər olduğunu və onların Azərbaycana hansı prinsiplər əsasında qaytaracağını dəqiqləşdirməyib.
Sülh danışıqlarını “daşa dirəyən” məqamlardan biri kimi hallandırılan “anklavlar məsələsi” ətrafında müzakirələr hər iki ölkənin ictimaiyyətinin də diqqət mərkəzindədir. Rəsmi İrəvandan eşidilən son açıqlamalarda mübahisəyə səbəb olan bütün məsələlərin, o cümlədən, anklavların Ermənistan və Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə olunacağı xəbəridir. Onlar danışıqlarda hüquqi əsasların, xəritələnmənin və ikitərəfli razılaşmalarda qeydə alınan nüansların mütləq nəzərə alınmasını irəli sürürlər. Belə bir açıqlama ilə iki gün əvvəl Ermənistan parlamentində jurnalistlərlə söhbətində vitse-spiker Akop Arşakyan çıxış edib.
Onun sözlərinə görə bir çox suallar vardır ki, onlara məhz danışıqlar prosesində aydınlıq gətirilməlidir: “Biz deyirik ki, delimitasiya və demarkasiyanın hüquqi çərçivələri dəqiqləşdirilir. Sülh sazişi imzalanandan sonra bu proseslərə start veriləcək. Anklavlarla bağlı məlumat və rəqəmlər sonuncu Sovet Eksiklopediyasından götürülüb. Elə xəritələr vardır ki, onlara hər iki tərəfin əli çatır. Yəni, burada hansısa qaranlıq otaqları və ya qaranlıq küncləri axtarmağa ehtiyac yoxdur. Amma siz bilirsinizmi ki, Ermənistanın orada (Azərbaycanda–red.) daha bir “anklavı” var və biz həmin əraziləri müqayisə edəndə eyni sahənin şahidi oluruq? Qoy bu danışıqlar davam etsin. Ermənistan və Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini mütləq aydınlaşdırmalı və bunu yazılı formada qəbul etməlidirlər!”
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Paşinyan hakimiyyəti Gədəbəy rayonundakı Başkəndi Naxçıvanın Meğridəki Kərki kəndi ilə dəyişmə variantını sülh gündəliyinə salmaqdan ötrü cəhdlər edir. Doğrudan da bu kəndlərin ərazisi təxminən eyni ölçüdədir. Amma bunu Qazaxın 7 kəndinə heç cür şamil etmək mümkün deyil.
* * *
Bu arada sülh danışıqlarının “səmt küləyi” əsməyə başlamamış İrəvandan Türkiyə ilə sərhədin açılacağı ilə bağlı ictimaiyyətə “müjdələr” verilməkdədir. Türkiyənin öz sərhədlərini başqa ölkələrin vətəndaşları üçün açacağı barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib. Tezliklə yaxşı xəbərlərin olacağını söyləyən Mirzoyan diqqəti Ermənistanla Türkiyə arasında münasibətlərin tənzimlənməsinin İrəvan üçün çox vacib olduğuna yönəldib. O, bu xüsusda Tehranda Türkiyənin Xarici işlər naziri Hakan Fidanla görüşdüyünü, ikitərəfli danışıqlar üçün iki ölkənin xüsusi nümayəndələr təyin etdiyini də xatırladıb: “Ermənistan–Türkiyə münasibətlərinin normallaşması istiqamətində danışıqlar gedir. Mən nikbinliyimi bildirmək istəyirəm. Çünki Ermənistanla Türkiyə arasında dövlətlərarası quru sərhədin xüsusi qrup insan üçün açılmasından bəhs edən sazişimiz barədə yaxın gələcəkdə yaxşı xəbərlər ola bilər”.
Ermənistan XİN başçısı, həmçinin onu da vurğulayıb ki, İrəvan 4 qonşusu – Azərbaycan, Gürcüstan, Türkiyə və İranla müntəzəm münasibətlərdə maraqlıdır. Fəqət hayların baş diplomatı onu da deməyi unudub ki, Ankara Ermənistanla sərhədini yalnız Bakının bütün şərtləri yerinə yetirildikdən sonra açacağını bəyan edib.
Türkiyə və Azərbaycanın vahid mövqedən çıxış etdiyini haylara növbəti dəfə isbatlayan nümunələr yetərincədir. İki qardaş ölkənin indi Qarabağda bərpa-quruculuq işlərini də çiyin-çiyinə apardığını söyləməyə ehtiyac yoxdur. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dünən Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündəki çıxışında bu məsələ ilə bağlı söyləyib: “Biz Böyük Qayıdış Proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.
Bəli, yaxın üç ildə bu qədər soydaşımız ata-baba yurdlarına qayıdacaq. Doğma yurdlarına dönənlərin sırasında bu gün hələ də işğal altındakı Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndinin əsl sahiblərinin də olacağına şübhə etmirik.
İ.HƏSƏNQALA
XQ