Türk Dövlətləri Təşkilatı (TDT) struktur, funksiya və strateji məqsədlər baxımından yeni növ birlik formatıdır. Digər regional və beynəlxalq əməkdaşlıq formatlarından əsas fərqi üzv dövlətlərin tam mənada bərabərhüquqlu olması, onların hər birinin milli maraqlarının təşkilat miqyasında prioritet sayılması, başlıca olaraq türklərin haqq və hüquqlarının dünyanın bütün guşələrində qorunması, reallaşa bilən layihələrə və proqramlara üstünlük verilməsi və başqa ölkələrə də təşkilat kimi tam açıq olmasıdır.
TDT-nin bu cür təşkilat kimi inkişafının təməli Naxçıvanda qoyulan və böyük bir coğrafiyada yaşayan türk xalqlarının birlik, bərabərlik və müstəqilliklərinin təminində ortaq fəaliyyət göstərmələrinin rəsmi hüquqi sənədləşdirilməsindən başlamışdır. Bununla TDT-nin strategiyasında iki aspekt önə çıxmışdır:
Birincisi, üzv dövlətlər arasında əməkdaşlığı bütün sferalar üzrə beynəlxalq hüquq çərçivəsində və hər birinin milli maraqlarını gözləməklə inkişaf etdirmək.
İkincisi, perspektivdə TDT-ni qlobal miqyasda əsas geosiyasi güclərdən birinə çevirmək. Bu məqsədlər fonunda artıq türk dövlətlərinin başçıları 10-cu Zirvə görüşlərini keçirmişlər. Sonuncu tədbir Qazaxıstanın paytaxtı Astanada olmuşdur.
Bu görüşə TDT təşkilat olaraq hansı nəticələrlə gəlmişdir və perspektivdə geosiyasi aspektdə nələr proqnozlaşdırıla bilər? Hər şeydən öncə, TDT-nin 10-cu Zirvəsinin başlıca özəlliyi Azərbaycanın bu təşkilatın struktur-funksional imkanlarına yeni təkan verməsi ilə bağlıdır. Bu faktor Azərbaycanın Qarabağda müstəqil dövlət kimi suverenliyini tam təmin etməsindən qayanaqlanır. Bununla Azərbaycan son 50 ildə Avrasiya məkanında müstəqil dövlət kimi suverenliyini siyasi-hərbi yolla tam təmin edən ilk ölkə olmuşdur. Bunun müxtəlif istiqamətlərdə ciddi təsirlərindən siyasətçilər, diplomatlar, KİV təmsilçiləri, analitiklər və ekspertlər bəhs edirlər.
Məsələnin praktiki aspektdə mahiyyəti ondan ibarətdir ki, ortaya maraqlı və aktual sual çıxır: Azərbaycanın suverenliyini tam təmin etmə üsulu daha geniş miqyasda TDT-nin fəaliyyət potensialına və onların praktiki reallaşmasına proyeksiya oluna bilərmi? Problem yalnız mənəvi, ideoloji və psixoloji üstünlük əldə etməkdən getmir. Əsas məqam ondan ibarətdir ki, “Azərbaycana suverenliyin nə demək olduğu TDT üçün beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmaq və dünyanın müasir əsas geosiyasi güclərindən biri kimi çıxış etmək imkanları ilə bağlıdırmı?” sualına cavab axtarışları ilə əlaqəlidir!
Daha qısa və konkret desək, söhbət TDT-nin Azərbaycanın suverenliyini təmini ilə əlaqəli uğurlarından beynəlxalq səviyyədə dövlətlər və təşkilatlararası münasibətlərdə istifadə etməyin optimal variantı və mexanizmini tapmasından gedir!. Buna görədir ki, Azərbaycan Prezidenti TDT-nin Astana Zirvəsində təsadüfən təşkilatın nüfuzunun beynəlxalq miqyasda yeni səviyyəyə yüksəldilməsi zərurətinin meydana gəldiyinə işarə vuran tezis ifadə etməmişdir!
Bu prizmada baxanda Astana Zirvəsi hazırkı vəziyyəti araşdırmaq əsasında gələcəyə hesablanmış bir tədbir olmuşdur. Konkret ifadə etsək: Türk inteqrasiya modeli yeni yön alır! Çünki real surətdə təsirli güc mərkəzi olmaq bütün aspektlərdə sürətli inkişaf dinamikasına malik olmağı tələb edir. Bura dövləti fəaliyyətin bütün sferaları daxildir. O cümlədən, enerji, istisadiyyat, mədəniyyət, elm, təhsil, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat-loqistika infranstrukturu, büdcələr, müdafiə qüdrəti və s.
Vurğulanan sonuncu tezisin işığında İlham Əliyevin TDT-nin görüşlərində sərmayə qoyuluşu qurumlarının yaradılmasından, yeni informasiya texnologiyaları əsasında nəqliyyat-loqistika infrastrukturlarının yaradılmasından və bərpa olunan eneri layihələrindən bəhs etməsi tamamilə əsaslı görünür. Bu faktorları sistem halında təsəvvür etsək, məqsədin TDT-nin üzv dövlətlərin bərabərhüquqlu münasibətləri əsasında ən müasir inkişaf mexanizmlərinə və üsullarına malik olması ön plana çıxarılmış kimi görünür. Deməli, TDT, faktiki olaraq, real fəaliyyətində ədalətli, beynəlxaql hüquqa tam əməl edən və əsasən böyük bir geosiyasi məkanda əməkdaşlıq və təhlükəsizliyə istiqamətlənmiş güc kimi formalaşmaqda qətiyyətlidir!
Astana Zirvəsini daha da cəlbedici edən digər faktor hazırda bir sıra regionlarda risklərin, geosiyasi turbulentliyin və təhdidlərin artması tendensiyasının getdikcə trendə çecvrilməsi ilə bağlıdır. Burada başlıca olaraq 5 region nəzərdə tutulur.
Birincisi, Yaxın Şərqdə İsrail–HƏMAS qarşıdurmasının yaratdığı risk və təhdidlər.
İkincisi, Afrikada sistemdən kənar hərbi qruplaşmaların fəallığının artaraq bir sıra dövlətlərin sistemlərinin fəaliyyətinə ciddi müdaxilə etməsi (məsələn, “Vaqnerin” və eyni kateqoriyadan olan Qərb dövlətlərinin hərbi qruplaşmalarının Nigeriyada, Somalidə, Liviyada fəaliyyəti).
Üçüncüsü, Cənubi Qafqazda sülhə Qərbin bir sıra dövlətləri də daxil olmaqla bir neçə gücün əngəl törətməyə başlaması. Bu mənada Fransa və Kanadanın məntiqsiz davranışları daha çox risk yaradır. Məsələn, rəsmi Parisin Ermənistanda və hətta Zəngəzurda hərbi kontingent yerləşdirmək kimi sərsəm iddiası və rəsmi Ottavanın Aİ-nin “mülki müşahidə qrupuna” daxil olmaq həvəsi diqqəti daha çox çəkir.
Dördüncüsü, Şərqi Avropada Rusiya–Ukrayna münaqişəsinin az qala nüvə savaşına səbəb olmağa başlaması.
Beşincisi, Sakit Okean hövzəsində Tayvan məsələsinin daha geniş hərbi miqyasda ABŞ–Çin qarşıdurmasına çevrilməsi.
Bunlarla yanaşı, digər regionlarda da hələlik az intensiv olan, lakin hər an alovlana bilən qarşıdurmalar mövcuddur (məsələn, Balkanlarda boşnaqlarla serblər, Mərkəzi Asiyada qırğızlarla taciklər arasında və s.).
TDT-nin siyasi-coğrafi və geosiyasi məkanı prizmasında bu proseslərə baxsaq, görərik ki, risklər və təhdidlər faktiki olaraq təşkilatın ətrafını sarmaqdadır. Bu cür alovun ortasında “yaşıl ada” kimi mövcud olmaq mümkündürmü? Astana Zirvəsi bu suala cavab axtarmasa da, müzakirələrin ruhundan duyuldu ki, təşkilatı narahat edən ciddi problemlər sırasındadır. Məhz həmin faktoru nəzərə almadan TDT-nin beynəlxalq nüfuzunun qlobal güclərdən biri statusunda olmaq şərti ilə artmasından danışmaq mümkün deyildir.
Belə çıxır ki, Astana Zirvəsi, faktiki olaraq, türk dövlətləri qarşısında bütün sferalar üzrə inteqrasiyanın yeni sistemli və təsirli mexanizmlərini formalaşdırmaq zərurətini qoymuşdur. Çətin məsələ olsa da, irəliyə doğru atılmış ciddi addımdır! Çünki tarixi baxımdan çox qısa olan cəmi 14 il müddətində türk dövlətləri “Türkdillil ölkələr” kimi münasibətlər qurmaq miqyasından “Müstəqil Türk Dövlətləri” kimi vahid təşkilatda qlobal miqyaslı güc olmaq məqsədini qarşıya qoyan dinamik bir sistem halına gəlmişdir! Mübarəkdir!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru