Prezident İlham Əliyevin Astana manifesti – Qarabağdan Qızıl Almaya doğru

post-img

“Türk Əsri”nin qloballıq çağırışında 10-cu Zirvə

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu Zirvə görüşündəki çıxışı bir sıra məqamların vurğulanması ilə yadda qaldı. 

İlk növbədə, dövlətimizin başçısının Azərbaycanın türk dövlətləri ilə münasi­bətlərə verdiyi önəmdən söz açmasını yada salaq. Əlbəttə, ölkəmiz türk dün­yasının birləşməsində müstəsna rola və yerə malikdir. Deməli, cənab İlham Əliyevin bu məqama diqqət yetirməsin­də qanunauyğunluq var.

Azərbaycan lideri bildirdi ki, etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Qeyd edək ki, bu dəyərlərə müstəsna qiymətin verilməsi TDT-nin başlıca prinsiplərindəndir. Belə məqsəd­yönlü yanaşma isə qurumu beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfu­za malik təşkilat kimi formalaşdırmaqda və əhəmiyyətini təsdiqləməkdədir.

***

Ümumən, Prezident İlham Əliyevin çıxışı TDT-nin ötən 10 ildəki fəaliyyə­tinin xronologiyasının təsviri nöqte­yi-nəzərindən mühüm istiqamətlərlə zəngindir. Həmin istiqamətlərin hər bi­rində ölkəmizin imzasının olması hər kəsə yaxşı məlumdur. Azərbaycan qu­rumun müxtəlif səviyyəli toplantılarını gerçəkləşdirib, onun stukturlarının for­malaşmasına təşkilati və texniki dəstək göstərib ki, bütün bunlar üzv dövlətlərin cəmiyyətlərinin bir-birinə sıx şəkildə in­teqrasiyasında həlledici missiyadır. 

Əlbəttə, görülən işlərin mənəvi tərəfləri ilə yanaşı, iqtisadi parametr­ləri də var. Ölkəmiz mövcud xüsusda da öncüllük nümunəsidir. Dövlətimizin başçısı bu öncüllüyü əks etdirən fakt­ları sadalamaqla, həm də TDT üçün qlobal aktor obrazı müəyyənləşdirir: “Azərbaycan Türk dövlətlərinin iqtisa­diyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlanmışdır. Azərbaycan–Öz­bəkistan İnvestisiya Fondu və Azərbay­can-Qırğızıstan İnkişaf Fondu yaradılıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisə­də, 2023-cü ilin yanvar–sentyabr ayla­rında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Mü­nasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özü­nü təsdiqləyib. Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyə­tinə öz dəyərli töhfəsini verir”.

***

Türklər tarixən dünyada nizam və ədalət nümunəsi olublar. Bu gün güc­lənməkdə olan Türk dünyası üçün bu amil son dərəcə vacibdir. TDT də möv­cud istiqamətdə strukturlaşmış siyasət yürütməkdədir. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda dün­yanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur, müharibələr, qanlı münaqişələr alov­lanır. “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsiz­liyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükə­sizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artma­lıdır”, – deyən dövlətimizin başçısının diqqəti Qarabağ reallıqlarına çəkməsi də başadüşüləndir. Çünki 30 ilə yaxın müddətdə Azərbaycan məhz Qarabağ müstəvisində ədalətsizliklər və haqsız­lıqlarla üzləşib, separatçılığı müdafiə məqsədli ikili standartlardan əziyyət çə­kib. Buna görə də dövlətimizin özünün ərazi bütövlüyünün və suverenliyinin bərpası naminə atdığı addımlar, bü­tövlükdə, Türk dünyasının beynəlxalq ədalət çağırışı və müqavimətidir. Bu müqavimət potensialını daim möhkəm saxlamaq şərtdir. Möhkəm və güclü ol­maq üçün isə tarixi gerçəklikləri yadda saxlamaq, onların unudulmasına imkan verməmək mütləqdir. Bu səbəbdən­dir ki, Prezident İlham Əliyev çıxışında keçmişə müraciət edir. “Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qon­darma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik tə­mizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdların­dan qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir. Bütün bu illər ərzində Azər­baycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi”, – deyən dövlə­timizin başçısının Ermənistan rəhbərli­yinin, bilavasitə, 44 günlük müharibəyə səbəb olmuş addımlarını sadalamasın­da mənəvi və siyasi qanunauyğunluq var. Nəzərə alaq ki, 2019-cu ildə işğalçı ölkənin baş naziri Nikol Paşinyan bizə qarşı demarş xətti yürüdür, Ermənista­nın hərbi birləşmələri qoşunların o za­mankı təmas xətti boyu müxtəlif təxri­batlar törədir, rəsmi İrəvanın təmsilçiləri yeni işğalların “anonsunu” verirdilər. Bü­tün bunlar nəinki ölkəmizə, bütövlükdə, Türk dünyasına təhdiddir. Axı, erməni avantürizminin böyük antitürk təmayülü var. Azərbaycan 44 günlük müharibədə­ki qələbə ilə bu təmayülə uzun müddət özünə gələ bilməyəcək ağır zərbə en­dirib.

***

Əlbəttə, populizm üzərində hakimiy­yətə yiyələnmiş, özünü demokratiyanın “qladiatoru” qismində görən N.Paşin­yanın məsuliyyətsiz bəyanatları ona və ölkəsinə baha başa gəldi. Ölkəmiz torpaqlarını işğaldan qurtardı. Beləlik­lə, cənab İlham Əliyevin dili ilə desək, BMT-nin 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etdi. Lakin 2020-ci ildən ötən müddətdə Ermə­nistan özünün manipulyasiyalarından, Qarabağda separatçı rejimi saxlamaq ambisiyalarından daşınmadı, ölkəmizin suverenliyinə təhdid mahiyyətini saxla­dı və yaramaz əməllərini sülh danışıqlar müstəvisində gerçəkləşdirmək yolunu tutdu. Azərbaycan lideri Astanadakı çıxışında toplantı iştirakçılarını bu barə­də də məlumatlandırdı: “2022-ci ildə Er­mənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiq­siz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilə­rində qalmaqda davam edirdi. Ermə­nistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qara­bağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bü­tövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi”.

Elə məhz buna görə də 2023-cü il sentyabrın 19-da Azərbaycan özünün konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsiz­ləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Mə­lumdur ki, Ermənistan və onun xaricdə­ki havadarları hazırda bu antiterror təd­birlərini, az qala, işğalçılıq müharibəsi kimi qiymətləndirməkdədirlər. TDT-nin 10-cu Zirvə görüşü belə ədalətsiz, bey­nəlxalq hüquqa zidd qiymətləndirmələrə qarşı tutarlı arqumentlərin səsləndirildi­yi platforma kimi də tarixə düşəcəkdir. Prezident İlham Əliyev çıxışında, əsl həqiqətlərə nəinki müfəssəl aydınlıq gətirdi, eyni zamanda, Qarabağa sa­hiblənmək ruhumuzun mütərəqqiliyinə diqqəti yönəltdi. 

***

Bəli, bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarda böyük bərpa və quruculuq işləri reallaşdırmaqda­dır. Dünyanın əksər ölkələri, habelə onları təmsil edən nəhəng firma və müəssisələr prosesdə yaxından işti­rak etməkdədirlər. Bu, onu göstərir ki, ölkəmizin Qarabağımızı dirçəltmək əz­mini beynəlxalq aləm məhz bəşərilik, mütərəqqilik kimi qiymətləndirməkdədir. Prosesdə türk dövlətlərinin də yaxından iştirakı TDT-nin 2009-cu ildə Naxçı­vanda əsası qoyulmuş birlik və vəhdət amalının möhkəmliyindən, sarsılmaz­lığından xəbər verməkdədir. Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtın­dakı çıxışında buna diqqət yetirməsi, quruculuq işlərində fəal mövqeyə malik türk dövlətlərinə təşəkkürlərini çatdır­ması qədirbilənlik nümunəsidir. 

Digər tərəfdən, dövlətimizin başçısı XXI əsrin türk davasının və zəfərinin simvolu olan Qarabağın daha da inki­şaf edəcəyi, əsl cənnətməkana çevrilə­cəyi ilə bağlı əminliyi konkret faktlara nəzərən aşılayır. Əlbəttə, o, hər zaman­kı kimi, Azərbaycan dövlətinin əzmini, iradəsini və əzəmətini ortaya qoyur: “Üç il əvvəl Vətən müharibəsi başa çatdıq­dan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiq­yaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcə­sindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzər­də tutulur. Biz Böyük Qayıdış Proqramı­nı icra edirik”. 

Bəli, Qarabağa qayıdış, bütövlük­də, Türk dünyasının özünə qayıdışının rəmzi anlamıdır. Türk Dövlətləri Təşki­latı gerçəkləşdirdiyi tədbirlərlə, gördü­yü əməli işlərlə bu anlamı daha geniş platforma və müstəvilərə daşımaqdadır. Bu gün Azərbaycanın və Türkiyənin ön­cüllüyü ilə qurum qlobal söz sahibinə çevrilir. Bu, ortaq dəyərlərə qayıdış məramına müqəddəslik qazandıran dü­şüncə və məfkurə çevrilişidir. Qətiyyətlə deyə bilərik ki, Qarabağa qayıdışı tür­kün özünəqayıdış təntənəsi edən ölkə­miz Prezident İlham Əliyevin liderliyi ilə Naxçıvandan başlanmış yolu daha par­laq uğurlarla zənginləşdirəcəkdir. Qızıl Almaya yön alan “Türk Əsri” müzəffərlik səhnələrinin gətirəcəyi böyük uğurlar və nailiyyətlərlə dolub-daşacaqdır.

 

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət