Naxçıvanda dilçi alimin yubileyi

post-img

Mahirə Hüseynova – 65

Naxçıvan Dövlət Universitetində tanınmış dilçi alim və şair, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor, Prezident təqaüdçüsü Mahirə Hüseynovanın 65 illik yubileyi sevgi-sayğı ilə qeyd edilib.

Tədbirdən öncə universitetin Konservatoriyasının önündə “Şərur” Xalq Yallı Ansamblının ifasında yallı xalq rəqsləri təqdim olunub.

Tanınmış dilçi professorun həyat və yaradıcılığına həsr olunmuş tədbirdə ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, ziyalılar, Yazıçılar Birliyinin əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr və yubilyarın ailə üzvləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev filologiya elmləri doktoru Mahirə Hüseynovanı kollektiv adından səmimi təbrik edərək onun zəngin elmi irsi, səmərəli pedaqoji və ictimai fəaliyyəti barədə geniş məlumat verib. O, NDU-nun fəxri professoru olan dilçi alimin təhsil ocağına göstərdiyi elmi və mənəvi dəstəyə görə təşəkkürünü bildirib, yubiliyara yeni uğurlar arzulayıb.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Mahirə Hüseynovanın qurumun kollektivi ilə sıx elmi əlaqələrindən söz açıb, onun dilçilik sahəsində tədqiqatlarının Naxçıvanda diqqətlə izlənildiyini söyləyib, yubiliyara xoş arzularını çatdırıb. Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Mahirə Hüseynovanın bədii yaradıcılığı, filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova və fəlsəfə doktoru, dosent Aypara Behbudova dilçi alimin elmi-nəzəri axtarışları barədə məruzələrlə çıxış ediblər.

Mahirə xanımın dilçilik elminə gətirdiyi yeniliklərdən bəhs edilib, şeirlərindən parçalar səsləndirilib.

Muxtar Respublikanın təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, NDU tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov yubiliyarın muxtar respublika ilə davamlı elmi-mədəni təmaslarının ona qədim diyarda böyük nüfuz və sevgi qazandırdığını qeyd ediblər.

Yubiliyara NDU-nun xatirə hədiyyələri təqdim edilib.

Mərasim geniş bədii proqramla davam edib.

Səbuhi HƏSƏNOV,
XQ-nin müxbiri



Sosial həyat