Analitik: Paşinyan indiki halda ciddi addım atmaq iqtidarında deyil

post-img

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Nəşr qeyd edib ki, bir neçə ay əvvəl Nikol Paşinyan partiyadaşlarının məhdud çevrəsinə kommunikasiyaların açılması prosesini müəyyən edən 9-cu bəndi ləğv edəcəklərini bildirib. 

Paşinyanın uzun müddətdir ki, buna eyham vurduğunu xatırladan qəzet 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı hökumət başçısının bunu açıq dilə gətirdiyini yazır: “Hazırda biz Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi kommuniasiyaların təhlükəsizliyini təmin etmək olacaq. Bundan əlavə, biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin kommunikasiyalardan keçidi daxildir”.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi.

Məsələ ilə bağlı XQ-yə fikirlərini bildirən beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov bildirdi ki, Nikol Paşinyanın bir neçə ay qabaq səsləndirdiyi fikirlərin indilərdə tirajlanması diqqət yaradır. Burada daxili faktorlar da yer alır. Gündən-günə nüfuzu zəifləyən Paşinyan itirilmiş imicini bərpa etmək üçün müxtəlif alətlərə əl atır. Bu işdə ona partiyadaşlarının daha çox köməyi dəyəcəyini düşünür. Əgər Paşinyan fikirində “ciddidirsə”, mütləq görünməz qüvvələrin diktəsi var. Paşinyan indiki halda ciddi addım atmaq iqtidarında deyil. 

Üçtərəfli bəyanatın 9-cu bəndinin ləğv olunması ehtimalına gəlicə, M.Dəmirov bildirdi ki, bu, “sürüşkən fikir”dir, Paşinyanın növbəti “illuziyası”dır, hüquqi əsası və dayanıqlığı yoxdur: “Tövsiyə edərdim ki, erməni lideri Vyana konvensiyasını oxusun. Orada tanış olacaq ki, hər hansı müqavilənin, sazişin təktərəfli ləğv edilməsi hansı fəsadlara gətirib çıxara bilər”.

Analitik vurğuladı ki, digər məsələ isə Paşinyan 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bu məsələyə eyham vurursa, deməli, bu istiqamətə maliyyə ayrılması da nəzərdə tutulub. Yəni, bu, birbaşa Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarəti əleyhinə çıxmaqdır. Sözsüz ki, bu, Ermənistan rəhbərliyinin yox, onları idarə edən yeni qüvvələrin planıdır. Bu qənaətə gəlmək olar ki, Ermənistan bataqlığın növbəti mərhələsinə atılır. Bir masadan digərinə atılmaq Ermənistan üçün xoş bir şey gətirməyəcək. Fransaya yaxınlaşmaq belə Ermənistanın dayaqlarını itirməyə gətirib çıxarır. Məsələ odur ki, Ermənistanın daxilində də vəziyyət sabit deyil. Paşinyana qarşı müxtəlif kampaniyalar üzərində çalışan qruplar var. 

“Kommuniasiyaların açılmasında regionun hər bir ölkəsi maraqlıdır. Buna maneə törətmək regionun inkişafına ziddir. Ermənistanın bəzi qüvvələri tərəfindən formalaşdırılımış qeyri-konstruktiv addımlar yeni reallıqlara qarşı çıxmaqdır ki, bu da regiona soxulmaq və ağalıq etmək istəyən bir sıra ölkələrin imkanlarının açılmasıdır. Unudulmamalıdır ki, regionun lideri olan Azərbaycan dövləti burada hər hansı qarşıdurmaya imkan verməyəcək, - deyə Masil Dəmirov fikirlərinə yekun vurub. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət