Rusiya XİN: Ermənistan mediasında antirusiya ritorikası açıq millətçilik həddinə çatıb

post-img

Rəsmi Moskva Ermənistanın Maltada keçirilən Ukraynaya dair konfransda iştirakını Rusiyaya qarşı yönəlmiş “nümayişkaranə jest” hesab edir.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə jurnalistin sualına cavabında bildirib.

O xatırladıb ki, bundan əvvəl Ermənistan baş nazirinin arvadı Anna Akopyan və parlamentin spikeri Alen Simonyan Kiyevə səfər etmişdilər, Paşinyan isə Qrenadada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmüşdü.

“İrəvanda anlamalıdırlar ki, söhbət bizim ölkəmizə qarşı təcavüzkar mövqedə duranlarla nümayişkaranə ünsiyyətdən gedir. Bunu başqa cür adlandırmaq olmaz. Təəssüf edirik ki, respublikanın indiki rəhbərliyi hələ bir qədər əvvəl Ermənistanın rifah və sabitliyinin mühüm amili hesab etdiyi Rusiya ilə müttəfiqlik münasibətlərini məqsədyönlü şəkildə, inadla dağıdır”, - deyə o bildirib.

Zaxarova qeyd edib ki, Ermənistan rəhbərliyində olan şəxslər vasitəsilə maliyyələşdirilən bir sıra mətbuat orqanlarında antiruisya ritorikası artıq açıq millətçilik həddinə çatmış rusofobiya halı alır. “Bu, sadəcə təhqir deyil, bu, əsil rusofobiyadır. Biz bu resursların arxasında kimlərin durduğunu anlayırıq”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya