Fransa səfiri növbəti dəfə sayıqlayır
Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi Ermənistanın əsas havadarı olan Fransa rəsmilərinin əsəblərini tarıma çəkib. Fransanın təsirinin güclü olduğu bəzi Avropa dövlətlərinin, institutlarının ölkəmizə son vaxtlar artan hücumları da rəsmi Parisdən qaynaqlanır.
Doğrudur, Prezident İlham Əliyevin hücum diplomatiyası sayəsində onların bütün təşəbbüsləri, o cümlədən BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı qətnamə qəbul etmək səyləri iflasa uğrayır. Yeri gəlmişkən, oktyabrın 17-də Avropa Parlamentində danışan Ermənistan baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı üç iclasın keçirildiyini xatırladaraq, həmin müzakirələrin heç bir praktiki nəticə vermədiyini etiraf edib. Buna baxmayaraq, fransızlar hər halda bölgədə sülhün əldə olunmamasına, gərgin vəziyyətin davam etməsinə öz “töhfələrini” verirlər.
Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin son sayıqlamaları da bu qəbildəndir. Səfir oktyabrın Ermənistanın Vayoçdzor vilayətinə (ermənilər “marz” deyir – S.H.) səfər edib. O, səfər çərçivəsində vilayətin qubernatoru Ararat Qriqoryanla görüş keçirib. Yazılan məlumatda qeyd olunur ki, tərəflər Fransanın Od-de-Frans regionu ilə əməkdaşlıq edən Ermənistanın bu bölgəsində humanitar və təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Səfərlə bağlı özünün “X” platformasındakı hesabında paylaşım edən səfir yazıb: “Cermukda olarkən Avropa İttifaqının Ermənistandakı missiyası (EUMA) ilə birlikdə Ermənistanın suveren ərazilərinin Azərbaycan tərəfindən davam edən işğalının şahidi oldum”.
Ermənistan saytları səfirin bu paylaşımını böyük həvəslə “Fransa səfiri Olivye Dekotini Ermənistan Respublikasının suveren ərazilərinin Azərbaycan tərəfindən işğalı (?) ilə tanış olub” sərlövhəsi ilə yayıblar. O iddia edib ki, guya, Azərbaycan Silahlı Qüvvələri 2022-ci ilin sentyabr ayında Cermuk kurort şəhəri istiqamətində onlarca kvadratkilometr ərazini öz nəzarəti altına alıb.
***
Fransız səfirin yazdığı bu fikirlər, şübhəsiz, ölkəsinin rəsmi mövqeyindən irəli gəlir. Hazırda Azərbaycana qarşı “bütün cəbhəboyu hücuma keçən” fransız rəsmilər də bu düşüncədədirlər. Halbuki, həm parisdəkilər, həm də İrəvandakı səfir Azərbaycanın heç vaxt, heç kimin torpağını işğal etmədiyini çox yaxşı bilir. Əksinə, Azərbaycan özü XX əsrdə bir neçə dəfə ərazi itkisinə məruz qalıb. 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı, 1920-ci ildə Azərbaycan SSR Zəngəzuru Ermənistana güzəştə gedib. Onu da qeyd edək ki, tarixi Azərbaycan şəhəri 1936-cı ilədək öz adını qoruyub saxlayıb. Yalnız 1936-cı ildə sovet hakimiyyətinin imzaladığı dekretlə şəhər Yerevan adlandırılıb. Həmin ildə Ermənistandakı əksər Azərbaycan toponimlərinin – şəhərlərin, çayların, bütöv rayonların, yaşayış məntəqələrinin adları, digər coğrafi adlar sürətlə erməniləşdirilib. Elə səfirin getdiyi və “Vayoçdzor” kimi təqdim olunan vilayət də tarixi Azərbaycan ərazisi olan Dərələyəz mahalıdır. 1960-cı illərin əvvəllərində isə ölkəmizin Ermənistanla sərhədyanı rayonlarından on minlərlə hektar torpaq sahəsi örüş üçün üzdəniraq qonşumuza verilib. Buna baxmayaraq, Azərbaycan nə sovet dövründə, nə də müstəqillik illərində Ermənistana verilmiş ərazilərin geri qaytarılması məsələsini qaldırmayıb. Əksinə, 1980-ci illərin sonlarında özü təcavüzlə üzləşib, ərazi itkisinə məruz qalıb. 1987-ci ilin axırlarından başlayan etnik separatizm, “miatsum” nəticəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik 7 rayonumuz işğal altına düşdü. Torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı və yalnız 2020-ci ildə işğala son qoyuldu. Bu il suverenliyimiz tam bərqərar olundu.
Azərbaycanın Ermənistana ərazi iddiasının olmadığı ölkəmizin rəsmi şəxsləri tərəfindən dəfələrlə bəyan edilib. Rəsmi Bakı 29,8 min kvadratkilometrdə Ermənistanın ərazi bütövlüyünü tanıdığını bildirib. Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib. Oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edən Prezident İlham Əliyev bu barədə deyib: “Amma əsas odur ki, biz istədiyimizi edək. Çünki biz haqq yolundayıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.
Bundan əlavə, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını, Naxçıvan Muxtar Respublikası ilə ölkənin cənuq-qərb rayonları arasında quru yol əlaqəsinə malik olmağımızı istəsə də, bunu Ermənistanın suverenliyi çərçivəsində etməyin tərəfdarıdır. Azərbaycan Zəngəzur dəhlizinin açılaması ilə bağlı Ermənistandan eksterritoriallıq (toxunulmazlıq hüququ, beynəlxalq hüquqda hökumətin öz hakimiyyətini sərhədlərindən kənarda həyata keçirmək imkanı-S.H.) tələb etmir. Bu məsələ də ölkəmizin rəsmi şəxslərinin çıxışlarında dəfələrlə bildirilib. Ermənistanın isə hərbi təcavüz və ərazi iddiaları səbəbindən regional layihələrdən təcrid olunması hər kəsə yaxşı məlumdur. Görünən odur ki, Ermənistan Azərbaycanın öz ərazilərini azad etməsindən sonra da bu mənhus niyyətinə son qoymaq istəmir.
Əlbəttə, bütün bunları Fransa səfiri də bilməmiş deyil. Yəqin ki, səfir Ermənistanın üçtərəfli bəyanatla vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək, eyni zamanda, təhlükəsizliyini təmin etmək öhdəliyinin mövcud olduğunu da yaxşı bilir. Ermənistanın, həmçinin Azərbaycanın cənub-qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisini təmin etməklə bağlı öhdəliyi mövcuddur. Ancaq müsyö Dekotini bunu bilsə də özünü o yerə qoymur. Bundan əlavə, onun paylaşımı diplomatik protokol qaydalarına da ziddir. Çünki səfir heç bir əsas olmadan Azərbaycanı işğalçılıqda ittiham edir. Bu isə açıq-aşkar səlahiyyət həddini aşmaqdır.
Onu da qeyd edək ki, Fransa rəsmilərinin belə yanaşmaları üzündən Azərbaycan – Fransa münasibətləri hazırda ən kritik dövrünü yaşayır. Azərbaycan da Fransanın “həmlələrini” cavabsız buraxmır. Oktyabrın 20-də paytaxtımızda Bakı təşəbbüs qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransın keçirilməsi də bunun göstəricisidir. Konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı Dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak edəcəklər.
Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı təşəbbüs qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin nazirlər toplantısı çərçivəsində yaradılıb. Qrup Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
Azər HƏSRƏT,
siyasi şərhçi
– Fransanın İrəvandakı səfirinin Azərbaycanın bu ölkənin torpağını işğal etməsinə “şahidliyi” bir daha göstərir ki, rəsmi Paris dövlətimizə qarşı qeyri-ciddi yanaşma sərgiləməkdə israrlıdır. Diplomat bilməlidir ki, iki ölkə arasındakı sərhədin demarkasiya və delimitasiyası gerçəkləşdirilməyibsə, hansısa dövləti digərinin torpağını işğal etməkdə günahlandırmasına haqqı yoxdur. Hələ Ermənistanın özü dəqiq bilmir ki, onun sərhədi harada başlayır, harada bitir. Belə olan halda Fransa səfiri necə müəyyən edib ki, Azərbaycan Ordusu Ermənistan ərazisi daxilindədir?
Burada bir məqamı da ayrıca qeyd etmək lazımdır. Təkcə bu yanaşmanın özü bir daha göstərir ki, sözün həqiqi mənasında, yazıq erməniləri məhz Fransa kimi dövlətlər, onların siyasətçiləri, diplomatları məqsədli şəkildə pis vəziyyətə qoyurlar. Bunun arxasındakı əsas səbəb də Fransanın türk düşmənçiliyini dövlət siyasətinə çevirməsidir. Yəni bu səfirə tapşırıq verilib ki, nə olursa-olsun, Azərbaycana qarşı bir açıqlama verməlisən. Onun da savadı və təcrübəsi yetərincə olmadığı, elementar məntiqi bilmədiyi üçün durub bu cür absurd “şahidlik” edir. Açığını deyim ki, Fransa kimi tarixi ənənələri olan bir dövlətin belə acınacaqlı duruma düşməsi heç də ürəkaçan deyil.
Göründüyü kimi, özünün naşı liderliyi ilə Emmanuel Makron dünya güclərindən olan bu ölkəni necə gülünc vəziyyətə salıb. Nə deyirik ki? Seçim özlərinindir. Biz də Azərbaycan olaraq, doğru bildiyimiz yolla irəliləməkdə davam edəcəyik. Fransanın hansısa alayarımçıq diplomatının gülüş doğuran “şahidliyi” bizi yolumuzdan çəkindirə bilməyəcək. Ziyan yenə də ermənilərə olacaq. Ona görə də ermənilər kiminlə oturub-durmaq barədə ciddi düşünməlidirlər.
Səxavət HƏMİD
XQ



