HƏMAS-İsrail qarşıdurmasının başlanmasından artıq bir həftə ötür. Hər iki tərəfdən ölən və yaralananların sayı artır. Bu kəskin qarşıdurmanın nə vaxt bitəcəyi isə heç kəsə məlum deyil. Təəssüf ki, hazırda böyük güc mərkəzləri sülh ritorikasını çox az hallarda dillərinə gətirirlər.
Amma son illər ərzində planetdə öz qətiyyətli və ədalətli siyasətilə böyük nüfuz qazanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə tərəflər arasında vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğunu bəyan edib. Üstəlik, rəsmi Ankara bu istiqamətdə konkret addımlar atmağa başlayıb.
Qeyd etmək lazımdır ki, son min ildə əvvəlcə Osmanlı imperiyası, son bir əsrdə isə Türkiyə Cümhuriyyəti Yaxın Şərqin taleyində mühüm rol oynayıb və bu proses davam edir. Aparıcı regional güc olaraq Ankaranın bu dəfə də prinsipial mövqe sərgiləyəcəyi gözlənilən idi. Necə deyərlər, uman yerdən küsərlər.
Yaxın Şərq o qədər qarışıb ki, burada davamlı sülhdən danışmaq belə cəsarət tələb edir. Türkiyə dövləti isə haqlı olaraq təklif və tələb edir ki, bölgəni son qərinələr və əsrlər boyu narahat edən problemlər ədalətlə çözülsün. Ankara, ilk növbədə problemi doğuran səbəbləri həll etməyə çağırır.
Bəli, Türkiyə rəsmiləri vasitəçilik missiyasını deklarativ məqsədlər üçün irəli sürməyiblər. Onlar bu missiyanın ağırlığının fərqindədirlər və adekvat səylər göstərirlər. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan problemlə bağlı bir çox yaxın və uzaq dövlətlərdən olan həmkarları ilə müzakirələr aparıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın da bu istiqamətdə gərgin səyləri göz önündədir. Qardaş ölkənin baş diplomatı son günlər bu məsələ ilə bağlı bir çox həmkarları ilə intensiv danışıqlar aparıb. Dünya Türkiyənin sülhyaratma səylərinin fərqindədir və buna böyük ümidlər bəsləyir.
Bu məqamda qeyd etmək lazımdır ki, Türkiyə Prezidentinin yeni komandası özünün xarici siyasət xəttində regionda və qlobal səviyyədə kəskin rəqabətdən sıx əməkdaşlığa üstünlük verməyə başlayıb. Bu məqamın özü də Türkiyənin sülhə Yaxın Şərqdə dəstək səylərinə, Ankaranın obyektivliyinə və qərəzsizliyinə etimadı yüksəldib.
Bakı Dövlət Universitetinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası kafedrasının müdiri, tanınmış siyasi şərhçi Aydın İbrahimov Yaxın Şərqdəki son hadisələri şərh edərkən maraqlı fikir söylədi. Dedi ki, o ölkələrdə siyasi iddialar qızışır və sabitlik pozulmağa başlayır ki, orada bir qayda olaraq milli təhlükəsizlik məsələləri arxa plana keçir.
Professorun sözlərinə görə, 7 oktyabr hadisələrindən əvvəl İsrailin ictimai-siyasi həyatı çox siyasiləşmişdi. Burada məhkəmə islahatlarına qarşı etiraz aksiyalarına bəzən hətta yüz minə yaxın insan çıxırdı. Bütün bunlar İsrailin digər idarəetmə qurumları ilə bərabər, ölkə kəşfiyyatının da “başını qatırdı”.
Yeri gəlmişkən, İsrailin müxtəlif dörd hökumətində müxtəli vaxtlarda nazir postları tutan, məşhur keçmiş sovet dissidenti Natan Şaranski bugünlərdə internet televiziyalarının birinə eksklüziv müsahibəsində sözügedən etiraz aksiyaları ilə bağlı deyib ki, bu gün İsrail ictimaiyyəti başa düşür ki, böyük hədəfləri gözardı edəndə dövlət zəifləyir. Onun fikrincə, İsrail kəşfiyyatı son əlli ildə ən böyük uğursuzluğa düçar olub.
Paralel aparmalı olsaq deyə bilərik ki, son illər Ermənistanı çulğayan kəskin siyasi ehtiraslar və kütləvi etirazlar bu işğalçı ölkəni də çətin duruma salıb. Bu, əslində gözlənilən idi. Çünki otuz il ərzində Qarabağda tükürpədici vandalizm aktları törədən Ermənistan hakimiyyəti belə bir aqibətlə üzləşməli idi.
Lakin bu gün söhbət Yaxın Şərqdən, konkret olaraq isə terrorçu HƏMAS-la İsrail arasında amansız qarşıdurmadan gedir. Bu münaqişəni aşkar və gizli şəkildə körükləyən güclər mövcuddur, əlbəttə, onların adları və əməlləri də hər kəsə bəllidir. Amma Yaxın Şərqin qəddar silahlı toqquşmalara yox, sülhə ehtiyacı var. Çünki ən kövrək sülh belə qanlı müharibələrdən yaxşıdır.
Bəli, bu gün Yaxın Şərqdə nəyin bahasına olursa-olsun, qan tökülməsini dayandırmaq lazımdır. Bu, həm də mənəviyyat məsələsidir. Belə ki, hər gün hər iki tərəfdən dinc sakinlər, uşaq, qoca və qadınlar həlak olur. Bölgədə humanitar fəlakət yaşanır.
Böyük Azərbaycan mütəfəkkiri, şair-dramaturq Hüseyn Cavid özünün məşhur “Əmir Teymur” əsərində şair Kirmaninin dili ilə yazırdı:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur Yer üzünü.
Nə qədər böyük uzaqgörənlik və humanistcəsinə deyilib!
Həqiqətən, bu gün Yaxın Şərqin davamlı sülhə və sabitliyə ehtiyacı var və Türkiyə dövlətinin bu sahədəki səyləri yalnız alqışa və dəstəyə layiqdir. Ümid edək ki, sonda hər şey yaxşı olacaq. Axı, ümid sonda ölür.
Şahbaz ŞAMIOĞLU,
Bakı Slavyan Universitetinin professoru, siyasi şərhçi
Son günlər Yaxın Şərqdə müşahidə edilən kəskin proseslərin qəfil baş verdiyi iddia olunur. Mən şəxsən bu fikirlə razı deyiləm. Hesab edirəm ki, bunları doğuran səbəblər var. Məntiqdən bildiyimiz kimi, səbəbsiz nəticə yoxdur.
Burada bir neçə səbəbi qeyd edəcəyəm. Oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə hücumundan dərhal sonra bu hadisələri şərh edərkən ABŞ-ın dövlət katibi Entoni Blinken qeyd etdi ki, münaqişəni törədənlərin niyyəti son vaxtlar Səudiyyə Ərəbistanı ilə İsrail yaxınlaşmasına mane olmaqdır.
Qeyd edək ki, rəsmi Ər-Riyad Təl-Əvivlə diplomatik əlaqələri qurduqdan sonra neft hasilatını artırmağı vəd etmişdir. Bu isə dünyanın enerji bazarlarında “qara qızıl”ın qiymətlərinin aşağı düşməsinə gətirib çıxara bilərdi. Hazırda büdcələrini neftdən gələn gəlirlərlə dolduran dünyanın bir çox böyük dövlətləri isə bunu qətiyyən istəmirlər.
İndi planetimizin bir çox regionlarında ağır silahlı qarşıdurmalar baş verir. İsraildəki son gərgin qarşıdurmalar isə beynəlxalq ictimaiyyətin diqqətini həmin savaşlardan yayındıra bilər. Məsələn, İrəvan baş verənlərdən yararlanmağa çalışır. Erməni terror təşkilatlarının HƏMAS-la sıx əlaqələri olduğu heç kəsə sirr deyil.
Bir çox imperialist dövlətlər kiçik ölkələr və xalqlar arasında lokal münaqişələr yaratmaqla öz iqtisadiyyatlarını dirçəltməyə cəhd edirlər və təəssüf ki, buna nail olurlar. Bu gün dünyanın ən çox silah satan dövlətlərindən biri Fransadır. Paris də Yaxın Şərqi qarışdırmaqda maraqlıdır. Bu məqamı da unutmaq olmaz.
HƏMAS-İsrail müharibəsi bir daha onu göstərdi ki, hazırda dünyanın ədalətli bir düzənə ehtiyacı var. Terrorla mübarizəni təkcə ayrı-ayrı dövlətlərin boynuna yıxmaq olmaz. Bu, bəşəri bəladır, ona qarşı birgə səylərlə və qətiyyətlə mücadilə etməyin vaxtı çoxdan çatmışdır.
Türkiyənin regionda sülhyaratma təşəbbüsünə gəldikdə isə, bunu yalnız alqışlamaq olar. Rəsmi Ankara Yaxın Şərqdə yeni münaqişə ocağının alovlanmasını arzulamır və prinsipial şəkildə bunun əleyhinə çıxır. Türkiyə regionda inkişaf, tərəqqi və təhlükəsizlik üçün çalışır.
Məsaim ABDULLAYEV
XQ