Biz evsizə sığınacaq, aca çörək veririk

post-img

AŞPA-da bədnam qətnamə qəbul edənlər bu fotoşəklə diqqətlə baxsınlar...

Məgər 2023-cü il sentyabrın 19-da Azərbaycan “Dağlıq Qarabağa qarşı hərbi əməliyyat” həyata keçirib? Doğrudanmı, “100.600 erməni “öz vətənini” fiziki məhvolma təhdidi və Azərbaycan hökumətinin anti-erməni siyasəti” ucbatından tərk edib? AŞPA “Qarabağda etnik təmizləmədə əsas­landırılmış şübhələrin mövcud-luğu­nu” təsdiqləyə biləcək hansı sübut və faktları ortaya qoya bilər? 

Assambleya “Azərbaycanı Dağlıq Qarabağın erməni əhalisinin geri qa­yıtmasını və onların hüquqlarının qo­runmasını təmin etmək üçün təxirəsa­lınmaz tədbirlər görməyə” çağırarkən, görəsən, hansı siyasi, yaxud demoq­rafik məntiqdən çıxış edib? AŞPA-nın məlum qətnaməsinə səs verən ölkələ­rin nümayəndələrinin gözləri kor, dilləri lal, qulaqları kardırmı? Yox, əgər bu qa­biliyyətlərini hələ itirməyiblərsə, bu fo­toşəklə diqqətlə baxmalarını məsləhət görərdik. 

Avropa Şurası Parlament Assamb­leyası (AŞPA) 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda antoterror tədbirini pisləyən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qə­bul edib. AŞPA-nın tövsiyəsi bu ad al­tındadır. Qətnamədə guya Qarabağın erməni əhalisinin fiziki “məhv olmaq” təhlükəsi və Azərbaycan hakimiyyətinin “ermənifobiya siyasəti” səbəbindən öz vətənini tərk etdiyi göstərilir. “Etnik tə­mizləmə”, “artsax xalqının fiziki məhv edilmə təhlükəsi”, Azərbaycanın “hərbi təcavüzü” və bu kimi bitib-tükənməyən saxta terminologiya ilə müşayiət olunan uydurma ittihamlar.

İndi avropalı parlamentarilərə əziy­yət verməməkdən ötrü onlara ritorik su­allar ünvanlayırıq: Kim suveren dövlətin ərazisini işğal etmişdi? Həmin ərazilərdə etnik təmizləməni kim aparmışdı? Bəs girovlara və əsirlərə olmazın əzabları verən, onları işgəncə ilə öldürən kim idi? Xocalı soyqırımını törədənlərin adlarını təkrar sadalayaqmı? Bunlar öz yerində. Bəs Qarabağda qanunsuz silahlı birləş­mələr yaradan, dinc əhaliyə qarşı silsilə cinayətlər törədən, 2020-ci ilin noyab­rından sonra isə mina terroru ilə məşğul olan Azərbaycandır, yoxsa Ermənistan? 

Necədir, suallarımız xoşunuza gəl­dimi? Sadaladığımız və hələ neçə-neçə əlavə suallarımızı təsdiqləyəcək faktlar, sübutlar, foto-video çəkilişlər öz yerində, üstəlik, müharibə canilərinin Qarabağda törətdikləri vəhşiliklərin sağ qalmış şahid­lərini də dinləyə bilərsiniz. 

* * *

Mətnindən “səlib həmrəyliyi”nin qoxu­su gələn qətnamənin, lazımsız kağız parçasına çevriləcək “sənədin” müəllif­ləri antiterror tədbiri ilə ermənilərin Qa­rabağdan köçü arasındakı əlaqəni bil­məlidirlər. Qarabağdan ermənilərin köçü məhz sentyabrın 19-20-də Azərbaycan Ordusunun əvvəlcədən elan etdiyi lokal antiterror tədbirlərindən sonra başlayıb. Fəqət bu kütləvi köçün səbəbkarı özü­nün suveren ərazisi üzərində Konstitu­siya hüququnu bərpa edən Azərbaycan yox, Qarabağın sıravi erməni sakinlərini əvvəlcə girova, sonra da siyasi alətə çe­virmək istəyən İrəvan və onun tərəfdarla­rıdır. Bəli, köç əmri məhz Hayastan haki­miyyəti, Xankəndidəki separatçı-daşnak rejimin “rəhbərliyi” tərəfindən verilib. Mil­lətinin qanına susamış hay başçıları əha­linin Azərbaycan qanunları ilə yaşamaq, Azərbaycan vətəndaşı olmaq istəmədik­lərini bəyan etdilər. Qarabağdan mülki əhalinin kütləvi köçürülməsinə onlar “xe­yir-dua” verdilər. 

Siyasi altməqsədlər güdən bu prose­sin məhz erməni liderlər tərəfindən təşkili barədə biz deyil, şərti sərhədin həm bu, həm də o üzündə jurnalistlərə açıqlama verən sıravi ermənilər danışırdılar. Belə video-süjetlər Youtube-da kifayət qədər­dir. 

Antiterror tədbiri ilə bağlı bizə qarşı istifadə edə biləcəkləri bircə “kompra­mat” belə yoxdur. Əksinə, Ermənistanın və onun hərtərəfli dəstəyi ilə qurulan xunta rejiminin cinayətləri göz qabağın­dadır. AŞPA-çıların diqqətinə çatdıraq ki, bir sutkalıq lokal tədbir zamanı Azərbay­can Ordusu yalnız legitim hərbi hədəf­ləri, yəni qanunsuz silahlı birləşmələrin mövqelərini, silah anbarlarını, bunkerləri­ni sıradan çıxardı. Yaşayış məntəqələri, mülki obyektlər heç bir halda nişangah olmadı. Əgər rəsmi Bakının elə bir fikri olsaydı, əsgərlərimizin ovcunun içindəki Xankəndidə bunu etmək asan idi. İndi zəhmət çəkib bu şəhərə gəlsinlər və bizə burnu qanamış bir ermənini, pəncərəsi­nin aynası qırılmış bir evi göstərsinlər. Bu həqiqət bölgəyə göndərilmiş BMT-nin mülki missiyasının hesabatında da yer alıb.

* * * 

Üç gün bundan əvvəl BMT-nin İn­san Hüquqları Şurasında rəsmi Parisin təşəbbüsü ilə Azərbaycanın əleyhinə qəbul edilmiş birgə bəyanat eyni məzmu­na malik olmaqla eyni məqsədə xidmət edir. Siyasi şantajın elementləri sezilən həmin bəyanat da AŞPA-nın qətnamə­si kimi Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyinin təminatı”, eləcə də “humanitar fəlakət”, “zorən qaçqınlar” xarakterli köhnə iftiralardan, uydurma it­tihamlardan, Bakıya ünvanlanan əsassız iddialar yığınından ibarətdir. Azərbaycanı suçlamağa əllərində heç bir arqumenti, sübutu olmayan İrəvan Parisin hərtərəfli dəstəyi ilə ictimai rəylə manipulyasiya et­məklə məşğuldur. Ermənilərin Qarabağ­dan köçməsini beynəlxalq hüquqla “etnik təmizləmə”, “soyqırımı aktı” kimi təsnifat­landırmağa, bununla bağlı BMT-dən mü­vafiq siyasi qiymət qoparmağa çalışırlar. Amma nəyin əsasında? - sualı tam açıq qalmaqdadır.

Hazırda Xankəndidə minə yaxın mül­ki erməni yaşayır. Onların hamısı Azər­baycan dövlətinin himayəsi altındadır. Əhali işıq, qaz, zəruri tibbi ləvazimatla və ərzaq məhsulları ilə təmin edilir. İmkan­sızlar üçün sığınacaqlar quraşdırılıb, on­lara pulsuz yemək verilir. “Türkün unun­dan bişirilən çörəyi yemərik” – deyən, yardım maşınlarımızın qarşısına “Çin səddi” çəkən parabeyin daşnak tör-tö­küntüləri ərazidən təmizlənəndən sonra ən çox rahat nəfəs alan da məhz mülki ermənilərdir. 

İndi Parisin fitvası ilə erməni hay-kü­yünə aldanan, hansısa “hədiyyənin” müqabilində, yaxud “səlibçilik damarı”­na görə ədalətsizliyə imza atan Avropa ölkələrinin AŞPA-dakı təmsilçiləri bunu “insan haqları”, “demokratiya” şirmaları ilə pərdələməyə çalışırlar. Amma fayda­sı olmayacaq. Həqiqət gec də olsa, daş üzərindəki çiçək kimi, betonun bağrını dəlib gün işığına çıxacaqdır. 

AŞPA Ermənistanın və onun qərb­li züytutanlarının “təqdimatları” ilə heç bir hüquqi qüvvəsi olmayan belə qət­namələrdən çox qəbul edib. Hamısının da son ünvanı Strasburqun mərkəzi küçəsindəki zibil qutuları olub. Bu dəfə də istisna təşkil etməyəcək.

Fikrət SADIXOV,
siyasi analitik

Azərbaycan etnik erməniləri Qa­rabağdan qovmayıb. Bölgədə ke­çirilən anti-terror tədbirində bizim hədəfimiz hərbi obyektlər və torpa­ğımızdakı qeyri-qanuni erməni silahlı birləşmələri olub. Yəni, yerli erməni sakinlərə qarşı heç bir təzyiq göstə­rilməyib. Bunu AŞPA-nın deputatları da yaxşı başa düşür, hər şeyi bilirlər. Sadəcə olaraq, avantürist erməni dairələrini dəstəkləyən müəyyən qü­vvələr var. Bəli, Avropadakı ermə­nilərin geniş diaspor təşkilatlarının anti-Azərbaycan təbliğatı nəticəsində nümayiş etdirilən ikili yanaşmanın şahidiyik. Artıq otuz il ərzində buna görmüşük və öyrəşmişik. Təbii ki, Azərbaycandan nəyisə tələb etmək, bizi nəyəsə məcbur eləmək bey­nəlxalq hüquqa tamamilə zidd təşəb­büslər, çağırışlar və addımlardır. 

Bakı Qarabağ ermənilərini qəbul etməyə hər zaman hazırdır. Onları Azərbaycan vətəndaşları kimi qəbul edəcəyik. Bütün zəruri şəraiti yarada­cağıq ki, gəlsinlər, yaşasınlar. Bunu dəfələrlə bəyan etmişik. AŞPA-nın qəbul etdiyi qətnamə isə Azərbaycan üçün növbəti kağız parçasıdır. 

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Əvvəla, yüz min say ciddi şübhələr yaradır. Qarabağdan köçən ermənilərin arasında bölgəyə heç bir aidiyyatı olmayan, Ermənis­tandan göndərilən hərbçilər, Suri­yadan, Livandan, digər yerlərdən gələn iyirmi, otuz minə yaxın ermə­ni var. Otuz beş il əvvəl iki yüz min soydaşımızı Ermənistandan qov­dular. Onun ardınca keçmiş Dağlıq Qarabağdakı bütün azərbaycanlıla­rı ata-baba yurdlarından çıxardılar. İşğal etdikləri yeddi rayonumuzda etnik təmizləmə apardılar. 

Son vaxtlar Xankəndidəki mi­tinqlərdə özləri bəyan edirdilər ki, biz Azərbaycan türkləri ilə bir yerdə yaşaya bilmərik. Bu cür təbliğatla erməni sakinlərin Qarabağdan köç­məsini də özləri təşkil etdilər. İndi bunun günahını Bakının boynuna yıxmağa çalışırlar. Onların əlində Azərbaycanın Qarabağda “etnik tə­mizləmə” aparması ilə bağlı heç bir sübut yoxdur. Ermənistanın özün­dən milyon yarım erməni dünya­nın müxtəlif yerlərinə qaçıb gedib. Bəlkə bunu da bizim üstümüzə at­sınlar? 

İndi AŞPA-da qurulan oyunun arxasında həm də Fransa durur. Bakı Makron iqtidarının ermə­nipərəst, ədalətsiz, ikiüzlü siyasə­tinin Qarabağda əl-qol açmasına imkan verməyəcək. 

Fərhad MƏMMƏDOV,
politoloq

Azərbaycanlılar özləri etnik tə­mizləməyə məruz qaldıqları halda, AŞPA-nın timsalında Qərb siyasət­çiləri bizi bunda ittiham edirlər. Rəsmi Bakı heç vaxt Qarabağ er­mənilərinin bölgədən getmələrini istəməyib. İyirmi beş il sürən da­nışıqlarda bu məsələ gündəlikdə olmayıb. Azərbaycanın məqsədi ərazi bütövlüyünü və soydaşları­mızın doğma yurdlarına qayıtma­sını təmin etmək idi. Biz 44 günlük müharibəyə qədərki dövrdən danı­şırıq. Vətən müharibəsində əsas hədəfimiz Ermənistan silahlı qüv­vələrini torpaqlarımızdan çıxarmaq idi. Cənab Prezidentin irəli sürdüyü, ermənilərin işğal etdikləri rayonları­mızı cədvəl üzrə boşaltmaları planı vardı. Həmin şərt bəyan edilən kimi müharibə dayandı. 

Hətta Zəfərimizlə bitən mühari­bən sonra da Azərbaycan bölgədən getmiş erməni sakinlərin Qarabağa qayıtması üçün şərait yaratdı. Son üç il ərzində isə onlara təklif edilən reinteqrasiya planının reallaşma­masında Ermənistan günahkardır. Çünki Xankəndidəki hərbi xunta yerli erməniləri girov saxlayırdı. Nə­hayət, o qanunsuz silahlı dəstələr zərərsizləşdiriləndən sonra Bakı sürətlə reinteqrasiya prosesinə başladı. Ermənilərin Qarabağdan çıxarılması qərarını Ermənistan ha­kimiyyəti və Xankəndidəki separatçı rejim verib. Bu halda Azərbaycanı “etnik təmizləmə”də ittiham etmək ədalətsizlikdir. 

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Qərb həqiqətin nədən ibarət, haqqın kimin tərəfində olduğunu bizim qədər aydın bilir. Amma onun mənəviyyatdan və siyasi əxlaqdan kənar öz oyun qaydaları var. AŞ­PA-nın Qarabağı öz xoşları ilə tərk etmiş ermənilərin geri qaytarılması tələbinə qarşı 1980-ci illərin son­larında və 1990-cı illərin əvvəllə­rində etnik təmizləmə nəticəsində Ermənistandan qovulmuş 200 min soydaşımızın Ermənistana qay­tarılması və ora qayıdanların təh­lükəsizliyinə Ermənistan hökuməti tərəfindən təminat verilməsi tələbi ilə beynəlxalq məhkəmə qarşısında iddia qaldırmalıyıq.

Əgər Ermənistan Qarabağdan köçmüş 100 min erməninin geri qaytarılmasına və onların təhlükə­sizliyinin təmin olunmasına dair Azərbaycan hökumətindən zə­manət istəyirsə, Azərbaycan da eyni qaydada vaxtilə Ermənistan­dan qovulmuş soydaşlarımızın ora qaytarılmasını və erməni hökumə­tindən onların təhlükəsizliyinə təmi­nat verilməsini tələb etməlidir. Biz burada Laçın dəhlizi və Zəngəzur dəhlizi kartlarından istifadə etmə­liyik. Zəngəzur dəhlizi açılmırsa, deməli, Laçın dəhlizi də bağlanır. Yaranmış durumda ermənilərin qal­dırdıqları bütün məsələlərin qarşısı­na bu prinsiplə çıxmalıyıq. 

 

İmran BƏDİRXANLI
XQ









Siyasət