Xarici borc ÜDM-in 70 faizinə çatıb
Beynəlxalq Valyuta Fondunun (İMF) yaydığı hesabata görə, cari ilin iyul ayında Ermənistanın xarici borcu əvvəlki ayla müqayisədə 300 milyon dollar artaraq 6,7 milyard dollara çatıb. Sənədə əsasən, işğalçı ölkənin ümumi dövlət borcu isə 10 milyard dollar təşkil edir. Verilən proqnoza əsasən, cari ilin sonuna qədər bu göstəricinin daha da artacağı və 12 milyard dollara yüksələcəyi gözlənilir.
Hazırda dövlətin xarici borcu ÜDM-nin 70 faizinə bərabərdir. Ümumilikdə, Ermənistanda son 10 ildə dövlət borcu 7 dəfəyədək artıb. Beynəlxalq Valyuta Fondunun metodologiyasına əsasən, xarici borcun ÜDM-in 40–50 faizini keçməsi təhlükəli vəziyyətin yaranmasından xəbər verir. Ermənistan bu gün valyuta ehtiyatlarının demək olar ki, yoxluğu üzündən bu rəqəmin ağırlığına dözə bilmir.
Ölkənin müstəqil siyasi və iqtisadçı ekspertləri borcların artmasını hökumətin vaxtaşırı xarici dövlətlərdən, həmçinin beynəlxalq maliyyə qurumlarından davamlı borc alması ilə əlaqələndirirlər. Onlar həm də iddia edirlər ki, vergi ayırmaları və daxil olan digər vəsaitlər respublikanın sosial-iqtisadi şəraitini getdikcə dözülməz hala gətirir.
Vaxtaşırı yaranan sosial və iqtisadi şok vəziyyətlər də borcalmanı sürətləndirir. Bu baxımdan son on il ərzində Ermənistanın dövlət borcu iki dəfə artaraq ölkə iqtisadiyyatı və vətəndaşlar üçün təhlükəli yükə çevirib. Eyni zamanda həmin müddətdə respublikanın xarici borcu təxminən iki dəfə, daxili borcu isə beş dəfə artıb. Beləliklə, beynəlxalq maliyyə qurumlarının hesabatlarında Ermənistan xarici borcun yükünə görə, ən fəlakətli həddə çatan ölkələrdən biri kimi qeydə alınıb.
Ermənistan iqtisadiyyatında digər göstəricilər də getdikcə aşağı düşür. Məsələn, bu ilin martında cari hesabda 351,4 milyon dollar büdcə kəsiri yaranıb. İyul ayındakı 275 milyon dollarlıq ticarət kəsiri isə ötən ilin eyni dövrü ilə müqayisədə 70,2 milyon dollar və ya 20,33 faiz artaraq 345,2 milyon dollara çatıb.
İşğalçı ölkənin milli valyutası olan dramın ucuzlaşması da davam edir. Hazırda 1 dollar 400 drama qədər yüksəlib. Hesablamalara görə, milli valyutanın real məzənnəsinin 30 faiz ucuzlaşması ölkənin xarici borcunu ÜDM-in 80 faizinə çatdıra bilər.
Ermənistan hazırda büdcəni xarici donorlardan gələcək qrant yardımları hesabına saxlayır. İşğalçı dövlət ABŞ, həmçinin Avropadakı erməni fondları, eyni zamanda Hayastan Fondunun yardımları ilə əhalinin sosial xərclərini ödəyir. Bu isə borcun daha da artacağını və Ermənistanın defolta çatmasını şərtləndirir.
Son günlər ölkədə yanacağın qiyməti də qalxıb. “Premium” benzin 580 dram (2,30 manat), adi benzin 550 dram (2,18 manat), dizel yanacağı isə 570 dram (2,26 manat) olub. Məlumata görə, maye qazın bir litrinin qiyməti isə 170 drama (0,67 manata) çatıb. İnformasiyaya əsasən, bütün növ yanacaqların qiyməti azı 40–50 dram (0,20 manat) qalxıb.
Ermənistanda benizin sonuncu dəfə bu il iyulun 9-da kəskin şəkildə bahalşıb. Həmin vaxt qiymət artımı 20 dram təşkil edib. Ümumilikdə isə son iki ayda benzin və dizel yanacağı 120 dram bahalaşıb.
Ekspertlər bildirirlər ki, qiymət artımı bilavasitə xarici amillərlə, başqa sözlə, benzinin idxal olunduğu Rusiyadakı vəziyyətlə bağlıdır. Qeyd edək ki, hazırda Rusiyada yanacaq böhranı yaşanır. İstehsalın kəskin aşağı düşməsi, Ukraynadakı hərbi əməliyyatlara böyük həcmdə yanacaq işlədilməsi kənd təsərrüfatı sektorunda da çətinliklər yaradıb. Buna görə də ixracda məhdudiyyət tətbiq olunub.
Xatırladılır ki, Rusiya başqa ölkələrə benzin, dizel ixracına qadağa qoysa da bu, Ermənistan kimi Avrasiya İttifaqı Birliyinin üzvlərinə şamil edilmir. Bununla belə göstərilən səbəbdən qiymətlərin artması qaçılmazdır və Rusiya–Ermənistan münasibətlərinin kəskinləşdiyi hazırki dövrdə bu, yalnız siyasi amillərlə bağlı deyil.
Ermənistan Rəqabətin Mühafizəsi Komissiyası bu bahalaşmanı beynəlxalq bazarlarda yanacağın qiymətinin və nəqliyyat xərclərinin artması ilə əlaqələndirib. Komissiyanın mətbuat xidmətinin Ermənistan mediasına verdiyi məlumata görə, 2023-cü ilin yanvarında 1 litr benzinin orta idxal qiyməti 0,41 sent, sentyabrda isə artıq 0,8 sent olub. Bundan əlavə, 2023-cü ilin yanvarında dolların məzənnəsi orta hesabla 390 dram, oktyabrda isə 414 dram təşkil edib. Bu göstəricilər son nəticədə benzinin qiymətinin bahalaşmasına gətirib çıxarıb.
İqtisadçı-ekspert Karen Adonts mətbuata müsahibəsində xatırladıb ki, benzinin qiymətinin qalxması iqtisadiyyata mənfi təsir göstərəcək, çünki bu, sahibkarlıq subyektlərinin və ev təsərrüfatlarının xərclərini artıracaq. Belə bir hal isə əsas malların bahalaşmasına gətirib çıxaracaq, inflyasiyanı daha da sürətləndirəcək və vətəndaşların rifahına mənfi təsir göstərəcək.
XQ