Ermənilər Qarabağı “ağ ölüm” zonasına çevirmişdilər
Ermənistan işğalçılıq, separatçılıq, terrorçuluqla yanaşı, həm də narkotik maddələrin becərilməsi və daşınması ilə məşğul olub. Ölkə mafioz qruplaşmalarla əlbir fəaliyyət göstərib. Azərbaycana qarşı ərazi iddiasında olduğu və Qarabağı 30 il ərzində işğal altında saxlayan separatçı-daşnak “çete”si soydaşlarımıza qarşı misli görünməmiş cinayətlər törətməklə yanaşı, eyni zamanda, ekoloji terrora əl atmaqdan çəkinməyib.
Qarabağımızın bütün yeraltı, yerüstü təbii sərvətlərini talan edən, içməli su hövzələrini zəhərli kimyəvi maddələrlə çirkləndirən haylar, bu, azmış kimi, əkinə yararlı torpaqlarımızda narkotik plantasiyaları da salıblar. Otuz il davam edən işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda nəzarətdən kənarda qalmış torpaqlar sadəcə narkotikanın becərildiyi ərazi deyil, həm də narko-tranzit rolunu oynayıb. Qarabağdan keçən narkotik vasitələr ilk növbədə Avropaya, Uzaq Şərqə, Yaponiyaya qədər daşınıb. Separatçı-daşnak rejimi Qarabağda narkotik maddələrin satışından əldə etdiyi vəsaitdən silahlanmaq, mövqelərini möhkəmləndirmək və torpaqlarımızın işğal altında saxlanılmasını uzatmaq siyasətini aparmaq, ələlxüsus da, terror aktlarını həyata keçirmək üçün istifadə edib. Elə bu amili nəzərə alaraq əminliklə deyə bilərik ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması təkcə ölkəmiz üçün deyil, eyni zamanda, region üçün böyük təhlükə mənbəyi olub.
Dünən yerli çap və elektron mediamız Daxili İşlər Nazirliyinə istinadla erməni işğalından azad edilmiş Ağdamın Sırxavənd kəndində çətənə plantasiyasının aşkarlandığı barədə məlumat yaydı. Məlumatda Sırxavənd kəndinin ərazisində 10 hektara yaxın kultivasiya üsulu ilə yetişdirilən çətənə plantasiyasından söhbət gedirdi. Həmin ərazi son vaxtlara qədər Xankəndidəki separatçı xunta rejimi tərəfindən mühafizə olunurmuş. Narkomafiya burada gözətçi qülləsi də quraşdırıbmış. Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı ərazidən 4 ədəd avtomat silahı tapıblar. Qeyd edək ki, Sırxavənd kəndi Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni silahlı quldurlardan təmizlənib.
“Qarabağda narkotikin becərilməsi ilə bağlı cinayət işləri açılıb”. Bu barədə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyev bildirib. DİN rəsmisinin sözlərinə görə, Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi lokal antiterror tədbirlərindən sonra Qarabağın bütün ərazisində müvafiq yoxlama-axtarış işləri həyata keçirilir: “Hələlik, ümumilikdə, 30 hektar sahədə narkotik plantasiyası aşkarlanıb. Plantasiyalardan biri Ağdamda, ikisi isə Xocalıdadır. Bu istiqamətdə işlərimiz davam edir”.
E.Hacıyev, həmçinin onu da söyləyib ki, terrorçular Qarabağın işğalı dövründə narkotik vasitələrin əkin-biçini ilə fəal məşğul olublar: “Biz həmin dövrdə beynəlxalq ictimaiyyəti daim məlumatlandırırdıq. Ermənilər isə əməllərini danırdılar. Artıq onların bu əməlləri sübut olunub. Separatçılar narkotik maddələri daha çox yaşayış yerlərinə yaxın ərazilərdə əkib-becərirdilər. Çünki bu əməllərindən həm də gəlir mənbəyi kimi istifadə edirdilər. İstisna deyil ki, yerli əhali də bu işlərə cəlb olunub”.
DİN rəsmisinin sözlərinə görə, sözügedən əməllərlə bağlı artıq cinayət işləri açılıb: “Hazırda əraziyə mütəxəssislər cəlb olunub. İlkin hesablamalara görə, narkotik maddələrin istehsalına on milyonlarla dollar sərf olunub”. E.Hacıyevin sözlərinə görə, ərazi hələ də təhlükəlidir: “Ermənilər ərazini ciddi şəkildə minalayıblar. Xüsusi sürpriz minalara da rast gəlinir”.
* * *
Bəli, Azərbaycanın işğal edilmiş ərazilərindən narkotikin həm daşınması, həm də əkib-becərilməsi üçün yararlanan, dünyaya “ağ ölümü” ixrac edən ermənilər utanmadan aşkar faktları təkzib edir, ağ yalan danışırlar. Əslində, Ermənistanda dövlət məmurlarının narkotika alveri ilə məşğul olması, yaxud həmin mafiyanı himayə etməsi heç kəsə sirr deyildi. Onların Azərbaycanın işğal altındakı torpaqlarında geniş narkotika plantasiyaları salmaları, bu yolla külli miqdarda qazanmaları da məlum idi. Hətta əldə edilmiş təkzibolunmaz fakt və sübutlarla əlaqədar rəsmi Bakı BMT qarşısında məsələ də qaldırmışdı ki, qurumun ekspertləri Qarabağda araşdırma aparsınlar. Amma o zaman Ermənistan rəsmiləri buna imkan vermədilər.
Hələ iki il bundan əvvəl Azərbaycan DİN-in operativ qrupu Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən xüsusi qulluq göstərilməklə yetişdirilən narkotik tərkibli çətənə plantasiyası aşkar etmişdi. Ondan bir qədər əvvəl Füzuli rayonunun işğaldan azad edilən ərazilərində narkotik bitkilərin əkildiyi plantasiya da aşkarlanmışdı. Beş gün əvvəl isə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xocalıda 100 hektarlıq ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyası üzə çıxarılıb.
“Wikileaks” saytı: “Nəzarətsiz qalan keçmiş Dağlıq Qarabağ ərazisində aparılan narkoticarətdə Ermənistan siyasi liderlərinin, keçmiş prezident Robert Köçəryanın da payı vardı. Hər il oradan daşınan narkotikdən əldə edilən gəlirin bir hissəsi məhz Robert Köçəryana çatırdı”
Oxuculara bir faktı xatırladaq ki, üç il bundan əvvəl erməni mətbuatı ilə yanaşı, bəzi Qərb nəşrləri maraqlı məlumat yaymışdılar. Həmin məlumatda qeyd olunurdu ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın narkotik alverində əli var. Hətta o da iddia olunurdu ki, Köçəryanın vaxtaşırı İrana səfər etməsinin başlıca məqsədlərindən biri də oradakı narkomafiya başçıları ilə görüşüb, ortaq işlərini nizama salmaq olub. Həmin dövrdə xarici media resurslarında işıq üzü görən məqalələrdə yazılırdı ki, həm siyasi, həm də iqtisadi baxımdan iflasa uğrayan Hayastan hakimiyyəti ölkənin düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün narkoticarəti genişləndirərək, terrorçulara verdiyi dəstəkdən əldə edəcəyi pullara bel bağlayırdı. Bununla birbaşa Ermənistan rəhbərliyinin məşğul olduğu, rəsmi İrəvanın narkoticarəti himayə etdiyi qeyd olunurdu.
* * *
Beş il bundan əvvəl britaniyalı araşdırmaçı-yazıçı Harold Keyn nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyəti təfərrütı ilə qələmə alıb. Olduqca maraqlı faktların yer aldığı kitabda müəllif 18 aylıq çalışması zamanı “fəsadları Qafqaz regionundan çox-çox uzaqlara çıxaraq beynəlxalq birliyə dərin təsir göstərən cinayətlərin tam bir kataloqu”nu aşkar etdiyini yazır. Turist qismində Ermənistana və Qarabağa gələn H.Keyn səfəri zamanı insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz silah alveri, təbii ehtiyatların sənaye miqyaslarında talanması halları ilə qarşılaşdığını bildirir.
Harold Keynin “Narko Qarabağ” kitabından: “Hazırkı statusu üzündən Dağlıq Qarabağ sanki vakuumdadır. Bu hal isə amansız şəkildə istismar olunaraq həmin ərazini beynəlxalq mütəşəkkil kriminalın bir növ hesablama palatasına çevrilməsinə şərait yaradıb”.
İngilis müəllif kitabında erməni mafiyası, əfqan narkobaronları, bütün dünyada tanınan gizli silah qaçaqmalçıları barədə məlumatlar göstərdiyi üçün şəxsi təhlükəsizliyi naminə adını dəyişdirməyə məcbur olub. Araşdırmaları zamanı İrəvanda qaldığı mehmanxanaya gecəyarısı polisin gəldiyini göstərən Keyn Xankəndidə hətta döyüldüyünü söyləyir: “Dağlıq Qarabağın kriminal mərkəzi olduğunu aşkar etdik. Özü də cinayətkar fəaliyyətin çoxu Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanla bağlıdır. Onlar insanların əzab-əziyyəti üzərində özlərinə milyardlarla varidat toplayıblar”.
Bunlar rəsmi İrəvanın narkotik qaçaqmalçılığı ilə məşğul olmasını sübuta yetirən çoxsaylı faktların bir qismidir. Az öncə Almaniyada nəşr olunan “Bild” jurnalında getmiş maraqlı məlumatı da xatırlatmaq yerinə düşər. “Bild” Əfqanıstandan İrana, oradan da Avropaya uzanan böyük bir narkotik tranziti barədə dərc etdiyi məqaləsində işğal altında olan Azərbaycan torpaqlarını mərkəz olaraq göstərir. Həmin məlumatda deyilir ki, Qarabağın işğal altında olması və nəzarətsiz ərazilərə çevrilməsi erməni narkobaronlara sərf edir. Məqalədə o da vurğulanır ki, Qarabağın nəzarətsiz qalmasında maraqlı olan qüvvələr, əslində, bu münaqişənin həll edilməsini istəmirlər. Hətta bu məqsədlə böyük pullar xərcləməkdən də çəkinmədikləri istisna edilmir.
Beləliklə, İrəvanın dəstəklədiyi erməni narkomafiyasının on illər boyu Rusiya və Avropanı “zəhərlədiyi” faktı göz qabağındadır. İndi bundan dünya birliyi də xəbər tutur. Deməli, Ermənistanı təkcə işğalçı kimi deyil, eyni zamanda, insanları “ağ ölüm”ə yoluxduran cinayətkar ölkə kimi də cəzalandırmaq lazımdır. Problemin birinci hissəsini Azərbaycan təkbaşına həll edib. Qalır İrəvanın ikinci cinayət əməlinə görə beynəlxalq məsuliyyətə cəlb olunması. Hazırda Qarabağ ermənilərinin “haqlarının müdafiəsinə qalxan” həmin Beynəlxlaq Cinayət Məhkəməsi Ermənistanın bir dövlət olaraq bəşəriyyətə qarşı törətdiyi cinayətini araşdırıb layiqli cəza tədbiri görməsi daha məntiqli olmazmı?
İmran BƏDİRXANLI
XQ