Gürcüstan azərbaycanlılarının böyük və unudulmaz himayədarı

post-img

Bu ölkədəki soydaşlarımız həmişə millət atası Heydər Əliyevə güvəniblər 

Azərbaycanın Qafqaz regionunda ən yaxın müttəfiqlərindən olan Gür­cüstan keçmiş SSRİ dağılandan sonra ölkəmizlə oxşar bir tale yaşama­ğa məcbur oldu. Düşmən qüvvələri qədim qonşuları milli münaqişəyə çəkmək istəsələr də arzuolunmaz hallar qətiyyətlə rədd edildi. Hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiya­si maraqların üst-üstə düşməsi və digər amillər tarixi qonşuluq münasi­bətlərinin daha da möhkəmlənməsinə zəmin yaratdı. 

Dövlətlərarası diplomatik münasi­bətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət davamlı olaraq ortaq mövqedən çıxış etməyə üstünlük verdilər. Prezi­dent Heydər Əliyev 1996-cı il martın 8-də Gürcüstana rəsmi səfəri zamanı Azərbaycan və Gürcüstanın böyük ta­rixi əlaqələrinin olduğunu xüsusu vur­ğulamış, bu ölkə ilə olan münasibətlərə xüsusi əhəmiyyət verdiyini belə bəyan etmişdi: “Gürcüstan bizim üçün yaxın qonşu və dost ölkədir. Çox böyük tarixi əlaqələrimiz var”. 

Müsahibimiz Gürcüstan parla­mentinin keçmiş deputatı, energe­tika nazirinin müavini olmuş, Gür­cüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov bu tarixi reallıqlar barədə qəzetimizə açıqlamasında bildirdi: 

– Mən bu hadisələrin təkcə şahi­di deyil, həm də çox yaxın iştirakçısı, bir çox halda mərkəzində olmuşam. Azərbaycan Respublikası ilə Gürcüs­tan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də ya­radılıb. 1995-ci ilin fevral ayında Bakı­da Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı çoxəsrlik münasibət­lərimiz baxımından tarixi hadisə oldu. Bu diplomatik missiyalar müstəqillik şəraitində ikitərəfli əlaqələrin inkişafına xidmət etməyə başladı, bir çox prob­lemlər sürətlə yoluna qoyuldu.

Bunu ona görə xüsusi qeyd edirəm ki, o vaxta qədər başımıza çox oyun gəlmişdi, keçməkeşli və çətin yollar­dan keçməli olmuşduq. Bunları unut­maq, yada salmamaq mümkün deyil. O dövrdə Azərbaycandakı hakimiyyət böhranı, Qarabağ problemi vəziyyəti son dərəcə mürəkkəbləşdirmiş, ölkə qanlı müharibəyə sürüklənmişdi. Bu, Gürcüstanda yaşayan azərbaycanlı­ların yerli çətinliklərinə əlavə olunub onları talenin ümidində qoymuşdu. O vaxt Gürcüstan Respublikasının Pre­zidenti seçilən Zviad Qamsaxurdiyanın rəhbərliyi altında “çiçəklənən gürcü millətçiliyi” yerli azərbaycanlılara qarşı çevrilmişdi. 

Erməni və gürcü millətçiliyinin belə azğın həddə çatması Qafqaz xalqları­nın, ilk növbədə, azərbaycanlıların öz torpaqlarında milli mövcudluğuna qarşı yönəlmişdi. 1993-cü ildə Azərbaycan­da Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi hər iki qonşu ölkənin həya­tında yeni dövrün başlanğıcı oldu və Cənubi Qafqazda bütün ziddiyyətlərin tədricən aradan qalxmasına kömək etdi. 

Təəssüf ki, Ermənistanda nə onlar kimi bir şəxsiyyət hakimiyyətə gəldi, nə də belə siyasət yeridildi. Nəticədə erməni millətçiliyi Qafqazı qan çana­ğına çevirdi. Azərbaycanla Gürcüsta­nın çoxəsrlik dostluq münasibətləri­nin qorunub saxlanması hər iki ölkəni qarşıdurma və gözlənilən faciələrdən qorudu. Bu ənənə indi regionda əmin-amanlığın, sülhün, dostluq mü­nasibətlərinin ictimai qarantına çevrilib.

– İsak müəllim, həm Azərbaycan, həm də Gürcüstan cəmiyyəti sizi dediyiniz bu ənənənin – iki xalqın tarixi dostluğunun qorunub inkişaf etdirilməsinə önəmli töhfələr verən verən bir ziyalı kimi tanıyır. İstərdik ki, oxucularımıza sizi daha yaxından təqdim edək.

– Mən tarixən Qaratəpə, sovet za­manında 1947-ci ilədək Qarayazı ad­landırılan indiki Qardabani rayonunda doğulmuşam. Bizim Böyük Armudlu kəndini Tiflisdən cəmi 17 kilometrlik məsafə ayırır. Bu yaxınlığa görə orta məktəbi də Tiflisdə bitirmişəm. Tiflisin zəngin paytaxt həyatı və burda müəy­yən qədər qorunub saxlanan Azərbay­can mədəni mühiti mənim həyatımda ciddi rol oynayıb. Gürcü dilini yaxşı bil­məyim həmişə gərəyim olub. Ali təhsil aldığım vaxt uzun illər anamın direk­toru olduğu ibtidai məktəb səkkizilliyə çevrildi. 21 yaşımda, hələ III kursda oxuyanda məni bu məktəbə direktor təyin etdilər. 

Sonralar ictimai fəallığımı nəzərə alan rayon rəhbərliyi məni komsomol komitəsinə dəvət etdi. Əvvəlcə III, sonra II və İ katib seçildim. 1982-ci ilin may ayından isə Qardabani şəhəri­nin meri və rayon partiya komitəsinin katibi vəzifəsini tutdum. SSRİ-nin if­lasından sonra Gürcüstanda ifrat mil­lətçi Qamsaxurdiya hakimiyyətə gəldi. Kommunist partiyası kadr kimi işsiz qaldım və özəl müəssisə yaratdım. 1992-ci ildə Eduard Şevardnadze ha­kimiyyətə gələndən sonra Qardabani rayonunda icra başçısının müavini tə­yin olundum. 

1995-ci ilin oktyabrında Gürcüs­tan parlamentinin deputatı seçildim. İctimai-siyasi fəaliyyətim daha da genişləndi, mənəvi dayağımız, mil­li dövlətimiz olan Azərbaycanla rəs­mi əlaqələrim yarandı. Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfərləri zamanı həm heyətin üzvü, həm də parlamentin azərbaycan əsil­li millət vəkili kimi Heydər Əliyevlə dəfələrlə görüşdüm. Ulu öndərin təşəb­büsü ilə təkbətək görüşlərimiz də oldu. Bu böyükinsan Gürcüstanda yaşayan azərbaycanlı əhalinin problemlərini də­rindən öyrənməyə çalışır, davamlı ola­raq diqqətdə saxlayırdı. 

– Bundan əvvəl Heydər Əliyevlə tanışlığınız olmuşdumu?

– Bəli, xoş bir təsadüf nəticəsində Ulu öndərlə sovet dövründə görüşüb tanış olmuşdum. Bu görüş mənim ta­leyimdə sonralar da olduqca mühüm rol oynadı. Keçən əsrin 80-ci illərinin əvvəlində Gürcüstanda yeni salınan komsomol şəhərciyi Qardabani rayo­nunun ərazisində yerləşirdi. Bu böyük və zərbəçi tikintiyə bütün Gürcüstan səfərbər olmuşdu. Mən o dövrdə rayon komsomol təşkilatının rəhbəri oldu­ğumdan işimi burada başlayıb, burada da bitirirdim. Demək olar ki, hər gün Tiflisə, rəhbərliyə tikintinin gedişi barə­də məlumat verirdim. 

Komsomol şəhərciyinin açılış mə­rasiminə Gürcüstanın o zamankı rəh­bəri Eduard Şevardnadze özü gəl­mişdi. Dəvət olunmuş fəxri qonaqlar sırasında Azərbaycan lideri, Moskva­dan Siyasi Büronu təmsil edən Heydər Əliyev də var idi. Deyim ki, ən hörmətli və mötəbər qonaq kimi də o qarşılandı. Ulu öndərin belə yüksək nüfuzu yerli azərbaycanlılarda böyük fəxarət his­si doğururdu. Yadımdadır ki, mərasim başlayan kimi Eduard Şevardnadze Heydər Əliyevi xüsusi bir səmimiyyətlə baba olmağı münasibəti ilə təbrik etdi. İlk nəvəsi dünyaya gəlməsi münasibə­tilə səslənən bu təbrik gurultulu alqış­larla qarşılandı və sürəklə davam etdi. Bu, həm də tədbir iştirakçılarının, eləcə azərbaycanlıların Heydər Əliyevə sev­gisinin ifadəsi idi. 

Şəhərcikdə xatirə olaraq ağacək­mə mərasimində Heydər Əliyevə mən yardım etdim, daha doğrusu, Gürcüs­tan komsomolunun o vaxtkı rəhbərinin təqdimatı ilə bu iş rayon komsomol təşkilatının rəhbəri kimi mənə havalə edildi. Ulu öndərlə ilk tanışlığımız da o vaxt oldu. Elə o mərasimdə də onun qayğı və diqqətini dərhal hiss etdim. Qısa təmas zamanı bəzi məsələlərlə maraqlandı, dil öyrənməyi, Gürcüsta­nın siyasi həyatına fəallıqla qoşulmağı tövsiyə etdi. Mən sonrakı görüşlərimiz­də Heydər Əliyevin bu söhbətləri unut­madığının şahidi oldum.

– Maraqlıdır, həmin görüşü necə xatırladınız?

– O görüşü nə mən, nə də digər azərbaycanlı iştirakçılar unuda bil­məzdik, çünki burada Heydər Əliyevin iştirakı, təntənəli qarşılanması onun Gürcüstanda yaratdığı Azərbaycana olan üstün münasibət idi. Gürcüstan parlamentinin nümayəndə heyətinin Azərbaycana səfərində mənimlə xüsu­si maraqlandı, şəxsi söhbət əsnasın­da ağacəkmə mərasimindəki söhbəti yada saldı. 

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı təkcə Azərbaycanın həyatında yox, Gürcüs­tan azərbaycanlılarının həyatında da xilaskarlıq oldu. Heydər Əliyev haki­miyyətdə olsa idi nə Azərbaycanda, nə də Gürcüstanda o müsibətlər başımıza gəlməzdi. Heydər Əliyev xilaskarlıq missiyası ilə milləti səfərbər etdi, dövlət müstəqilliyini qorudu. Bizi də Gürcüs­tanda bəlalardan xilas etdi.

1996-cı il yanvarın 5-də mən, Gür­cüstanın sabiq deputatları Ramiz Bə­kirov və Hidayət Hüseynov Heydər Əli­yevlə görüşdük. Bu bizim üçün tarixi, həm də çox məsuliyyətli görüş oldu. Heydər Əliyev Gürcüstanda olan hər şeyi incəliklərinə qədər bilirdi. Hiss et­dik ki, bizimlə görüşündə bəzi faktları dəqiqləşdirmək niyyətində olub. 

Sonra Gürcüstana səfərə gələn­də Rustaveli adına Opera və Balet Teatrında azərbaycanlılarla görüşdü. Burada Azərbaycan liderinin söylədiyi və mühüm tarixi əhəmiyyət kəsb edən fikirlər bizi daha da ruhlandırdı, arxasız olmadığımıza inandıq. O, bizə müra­ciət edərək dedi: “Siz diaspor deyilsi­niz. Siz Gürcüstanda aborigen xalq­sınız və Gürcüstan sizin vətəninizdir. Siz də bizim soydaşlarımızsınız, tək deyilsiniz”. 

Biz bu həqiqəti bilsək də nə söy­ləməyə, nə də sübuta imkanımız var idi. Buradakı azərbaycanlıların qədim tarixi, mədəniyyəti, adət-ənənələri var. Azərbaycanlıların kompakt yaşadıqları Marneuli, Bolnisi, Dmanisi, Qardabani­nin qədimliyi bir yana, Telavi rayonunun Qaracala kəndinin 500 ildən çox yaşı var. Laqodexinin Qabal kəndinin də tarixi çox qədimdir. Kaspi rayonunda 10-dan artıq belə kənd var. Ulu öndər də bunları yaxşı bilirdi. Ona görə də Gürcüstan prezidentinin və hökumət nümayəndələrinin də iştirak etdiyi təd­birdə azərbaycanlıların aborigen xalq, Gürcüstanın isə onların vətəni olduğu­nu çox böyük cəsarətlə söylədi. 

Ümummilli lider Heydər Əliyev daim çalışırdı ki, Gürcüstanda – qə­dim Borçalı obalarında soydaşlarımız öz mədəniyyətlərini, ana dili və digər milli keyfiyyətlərini unutmasınlar və Gürcüstanda onun göstərişi ilə həyata keçirilən bütün layihələrin mərkəzində də məhz bu amal dayanırdı.

– Görüşləriniz sonra da davam etdimi?

– Davam etdi, çox maraqlı və yad­daqalan, həm mənim taleyimdə, həm də Azərbaycan – Gürcüstan əlaqələri­ni dərinləşdirən görüşlər bir neçə dəfə də oldu. Gürcüstanın rəsmi heyətləri­nin bütün Bakı səfərlərində iştirak et­mişəm və hər dəfə də Heydər Əliyev məni xüsusi hörmətlə qəbul edib. Bir dəfə görüşlərin birində mən ulu öndərə yanacaq məsələsi ilə bağlı olduqca vacib məlumatlar çatdırdım. Bildirdim ki, Azərbaycandan Gürcüstana göndə­rilən yanacaq bəzi düşmən qüvvələrin əli ilə Ermənistana ötürülür. Heydər Əliyev ani sükutdan sonra təmkin­li, həm də diplomatik bir cavab verdi: “Bakı məhz azərbaycanlılara görə, Gürcüstana yanacaq verir”.

Amma onu da anladım ki, Heydər Əliyevin də bu xəyanətdən xəbəri var. Odur ki, məndən də sübut üçün sənəd istədi. Mən bildiyim və əlimdə olan lazımi sənədləri Heydər Əliyevə təq­dim etdim. O, bu məsələni çox ciddi araşdırdı və məlumatların təsdiqindən sonra bu “xəyanətkar alverə” son qo­yuldu. Bundan sonra mənə olan mü­nasibət və inamının daha da artdığını gördüm.

Ulu öndər Gürcüstan azərbaycan­lılarının həyatı və məişəti ilə çox ma­raqlanırdı, hər şeyə diqqət edirdi, ən adi saydığımız detalları belə maraqla soruşurdu. 1998-ci ildə yenidən Azər­baycan Respublikasının Prezidenti se­çilməsi Gürcüstanda da böyük sevinclə qarşılandı. Bu, Gürcüstanda yaşayan azərbaycanlılar üçün də bayram idi. Hər yerdə bu hadisə ilə əlaqədar ola­raq qurbanlar kəsilir, bayram təntənəsi davam edirdi. Həm deputat həmkarla­rım, həm də ətrafımdakı adamlar və seçicilər Heydər Əliyevlə danışmağı və onların təbriklərini çatdırmağı məndən xahiş edirdilər. 

Gərgin iş qrafikinə görə telefonla danışa bilməsəm də ünvanına təbrik teleqramı göndərdim. Səhərisi mənə təşəkkür məktubu göndərmişdi. Bu, Heydər Əliyevin nə qədər diqqətcil, hər şeyi həssaslıqla dəyərləndirən bir şəxsiyyət olduğunu təsdiqləyirdi. Ulu öndər heç kəslə müqayisə edilməyən nadir şəxsiyyət idi.

– Heydər Əliyev heç vaxt Gür­cüstan azərbaycanlılarının prob­lemlərini Azərbaycanın taleyindən ayrı təsəvvür etməyib. Məhz bunun nəticəsidir ki, düşmən qüvvələr Bor­çalını azərbaycanlılarsız qoya bilmə­dilər.

– Haqlısınız, Ümummilli lider Heydər Əliyev Azərbaycanda haki­miyyətdə olduğu istər birinci, istərsə də ikinci dövrdə qonşu Gürcüstanla əlaqələrin inkişafına və orada yaşayan azərbaycanlıların problemlərinin həl­linə xüsusi diqqət göstərirdi. 

1969-cu ildə Heydər Əliyev Azər­baycan Kommunist Partiyası Mərkə­zi Komitəsinin birinci katibi işləməyə başlayandan onun neqativ hallara – rüşvətxorluğa, korrupsiyaya və digər cinayətkar əməllərə qarşı mübarizəsi xalq arasında böyük razılığa səbəb oldu. O zamankı sovet rejimində gö­rünməmiş bir hal kimi Heydər Əliye­vin bu cür fəaliyyətə başlaması nəinki Azərbaycanda, sovetlər birliyində qey­ri-adi hadisə sayılırdı. 

Sonralar onun bu fəaliyyətini Gür­cüstan prezidenti Eduard Şevardnad­ze belə qiymətləndirirdi: “1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommu­nist Partiyasının I katibi seçilməsi, xü­susilə də onun fəaliyyəti Sovet İttifaqın­da böyük əks-sədaya səbəb oldu. O, ilk növbədə, neqativ hadisələrə – rüşvətə, korrupsiyaya və digər cinayətlərə qarşı mübarizəyə başlaması ilə tanındı. Ha­mının öz vəziyyətindən çox razı oldu­ğu və əlavə heç bir problem yaratmaq istəmədiyi bir vaxtda, dondurulmuş bir əhatədə onun bu cür fəaliyyətə başla­ması böyük partlayış idi. Əliyevin fəa­liyyəti, hay-küylü məhkəmə prosesləri, onun açıq çıxışları bir çoxlarını dəh­şətə gətirdi. Amma əhali bütün bunları alqışlayırdı”.

Görkəmli ictimai-siyasi xadim, uzun illər Ulu öndərlə çiyin-çiyinə yüksək dövlət vəzifələrində çalışmış Həsən Həsənov isə çıxışlarının birində deyidi: “Heydər Əliyev Gürcüstanı çox sevirdi. Sovetlər dönəmində ölkələr arasında əlaqələr Moskvanın icazəsi ilə quru­lurdu. Amma Heydər Əliyev deyirdi ki, bunun Azərbaycan ilə Gürcüstan ara­sında əlaqələrə heç bir aidiyyəti yox­dur. Heydər Əliyev hakimiyyətə qayıt­dıqdan sonra Gürcüstan ilə əlaqələrə böyük önəm verib. Bunun nəticəsidir ki, bu gün ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksə­lib”.

Namiq ƏHMƏDOV
XQ 

Bakı–Tbilisi–Bakı





Müsahibə