Müdafiə sənayesi müstəqilliyin strateji hədəflərinə xidmət edir

post-img

Bu il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin təntənəli surətdə istifadəyə verilməsi ölkə müdafiə sənayenin və muxtar respublikanın iqtisadi həyatında əlamətdar hadisə oldu. 

Mərasimdə qardaş ölkələrin liderlə­rinə bu müasir strateji istehsalat barə­də ətraflı məlumat verildi. Bildirildi ki, burada müxtəlif növ tank, zirehli döyüş maşını və transportyorların, artilleriya qurğu və sistemlərinin, hava hücumun­dan müdafiə vasitələrinin, atıcı silahla­rın, mühəndis texnikasının, rabitə ava­danlıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin təmirini və stend üzərində yoxlanılmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək müm­kün olacaq. 

Qeyd olundu ki, 1 mərkəz, 8 təmir müəssisəsi və 10 sahədən ibarət olan kompleksdə müxtəlif növ texnikaların təmiri və bərpası üçün 300-dən çox avadanlıq quraşdırılıb. Eyni zamanda kompleksdə digər zəruri tədbirlər də həyata keçirilib, zirehli və avtomobil texnikaları parkında texniki nəzarət məntəqəsi, texniki qulluq və təmir məntəqəsi binaları, 284 yer texnika tutumu olan 4 saxlanc, yanacaqdol­durma, yuma və gündəlik texniki qulluq məntəqələri inşa olunub. 

Hərbi texnikaların təmiri və bərpa­sı ölkələr üçün çox böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dün­ya ölkələri arasında hərbi texnika və silah-sursat satışında ən çox diqqət edilən məsələlərdən biri də ehtiyat his­sələrinin təminatı məsələsidir. Digər tərəfdən, hərbi təyinatlı məhsullar da­vamlı olaraq yenilənməyə məcburdur. Təbii ki, burada da əsas məsələlərdən biri kimi ehtiyat hissələri ön planda du­rur. Bütün bunlar isə dövlət və hərbi müdafiə təşkilatları üçün böyük maliyyə vəsaiti deməkdir. Bu baxımdan hər bir ölkə özünün müdafiə strategiyasında bu həllivacib məsələləri diqqət mərkə­zində saxlayır. 

Dünya təcrübəsində maraqlı məqamlardan biri odur ki, harada baş verməsindən asılı olmayaraq adətən hərbi əməliyyatlar müdafiə sənayesinin inkişafına təkan verir. Məsələn, Türkiyə 1974-cü ildə Şimali Kiprdə baş verən müharibədən sonra öz NATO müttə­fiqlərinin silah embarqosuna məruz qal­dı. Bu isə rəsmi Ankaranı milli müdafiə sənayesini inkişaf etdirməyə vadar etdi. Və yaxud 2008-ci ildə Rusiya ilə müha­ribədən sonra qonşu Gürcüstan eyni taleyi yaşamağa məcbur oldu. 

Moskvanın təzyiqləri ilə 2000-ci illərin əvvəllərində Gürcüstana külli miqdarda silah və texnika satışı real­laşdıran ölkələr müharibədən itkilərlə ayrılmış Tiflisə hərbi texnika satışından imtina elədilər. Çıxılmaz vəziyyətdən xi­las olmaq üçün Gürcüstan özünün milli hərbi sənaye kompleksini yenidən qur­mağa başladı. Azərbaycan nümunəsin­də isə mənzərə tamamilə fərqli idi. Çün­ki ölkəmiz müstəqilliyinin ilk illərindən Ermənistanın təcavüzü ilə üzləşmişdi və uzun illər müharibə vəziyyətində idi. Buna görə də bizdə ordu quruculuğu məsələlərində hərbi sənayenin inkişafı əvvəlcədən düşünülmüş hərbi-siyasi strategiya idi.

Bir az da keçmişə getsək, hələ SSRİ dövründən Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda hərbi-sənaye komplek­sinin əsası qoyulmuşdur. Həmin dövrdə Azərbaycanda olan demoqrafik artımı və mövcud elmi potensialı nəzərə alan görkəmli dövlət xadimi SSRİ-nin ağır maşınqayırma və hərbi sənaye komp­leksi müəssisələrinin respublikada ya­radılması məsələsini Sov.İKP MK-nın Siyasi Bürosu qarşısında qaldırmışdır. 

Müdrik və uzaqgörən liderin təklifi və qətiyyəti sayəsində Azərbaycanda radiotexnika və cihazqayırma sənayesi üzrə üç yeni müəssisənin - Radio Ma­şınqayırma zavodunun (“Robot” zavo­du), Tərtərdə Lionozov Elektromexa­nika zavodunun filialının və Elektron Hesablama Maşınları zavodunun ikinci növbəsinin tikintisi, elektron sənayesi üzrə dörd zavodun - Gəncədə “Billur” zavodunun, Xaçmazda, Siyəzəndə və Lənkəranda “Kondesator” zavodlarının tikilməsi, müdafiə sənayesi üzrə Azov Optika-Mexanika (“Alov”) zavodunun filialının yaradılması, Alunit zavodunun tikintisi, gəmiqayırma sənayesi üzrə Bakı Elektro-Mexaniki İnstitutunda yeni istehsal sahələrinin yaradılması, avi­asiya sənayesi üzrə istehsal sahələri­nin genişləndirilməsi və sair məhz bu təşəbbüsün nəticəsi idi. 

Müstəqilliyimizin bərpasından son­rakı dövrdə isə, xüsusilə neft gəlirlərinin artması nəticəsində ölkəmizdə ordu qu­ruculuğu prosesi daha geniş vüsət aldı. Bu prosesin mühüm tərkib hissəsi olan müdafiə sənayesinin inkişafı ilə bağlı mütərəqqi addımlar atıldı. Təsadüfi de­yildi ki, II Qarabağ müharibəsində Azər­baycan digər ölkələrdən alınmış hərbi texnikalarla yanaşı, öz istehsalı olan silah-sursatlardan da istifadə etmişdir. II Qarabağ müharibəsi, eyni zamanda hərbi sənayenin müasir dövrün tələblə­rinə uyğun şəkildə qurulması və inkişaf etdirilməsinin yolunu göstərmişdir. 

Naxçıvanda yeni fəaliyyətə başla­yan Bərpa-İstehsalat Hərbi Komplek­sinə də bu prizmadan baxmaq lazım­dır. Əvvəldə də qeyd etdiyimiz kimi bu kompleksdə silahların, avtomobil texni­kalarının, artilleriya və hava hücumun­dan müdafiə vasitələrinin, zirehli tank texnikalarının, elektron və rabitə ava­danlıqlarının, mühəndis texnikalarının və aqreqatlarının təmiri, mexanikləşdi­rilmiş emal sexləri fəaliyyət göstərəcək. Silahların təmiri sexində ən son texno­loji avadanlıqlarla atıcı silahların qumla təmizlənməsi və kimyəvi üsulla yenidən rənglənməsi işləri aparılacaq. 

Elektron və rabitə avadanlıqlarının təmiri sexində xüsusi antistatik otaq­larda elektron avadanlıqların və optik gecəgörmə cihazlarının təmiri və sı­naqdan keçirilməsi mümkün olacaq. Bütün bunlar isə ordumuzun texniki təchizatında mühüm rol oynayacaq. Bunu da nəzərə alaq ki, hərbi texnika­ların təmir və bərpası işində daşınmalar uzaq olduqca, xərclər də çox olur, vaxt itkisi də. Bu isə müharibə vəziyyətlərin­də istənilən ordu üçün arzuolunmazdır. Digər tərəfdən, yeni hərbi kompleks zamanla bu sahədə ixtisaslaşmış kadr-ların sayını artıracaq ki, bu da müdafiə sənayesinin inkişafı üçün mühüm amil­dir. 

Ümumilikdə isə strateji baxımdan böyük əhəmiyyət daşıyan muxtar res­publikada belə hərbi kompleksin yara­dılması gələcəkdə müdafiə sənayesi­nin inkişafına da töhfə olacaq.

 

Səbuhi HƏSƏNOV 
XQ

Naxçıvan



Ordu