“Paşinyan Ermənistanı inadla Ukraynanın gününə qoymaq istəyir”

post-img

Dünən Türkiyədə ingilis dilində nəşr olunan nüfuzlu “The Daily Sabah Newspaper” qəzetində Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsini Ukrayna ilə anoloji vəziyyətə sala biləcəyi barədə analitik yazı dərc olunub. Mövzunun aktuallığını və yazıdakı dərin mühakimələri nəzərə alaraq, onu kiçik ixtisarlarla hörmətli oxuculara təqdim edirik.

Beləliklə, qəzetin əməkdaşı, tanınmış siyasi şərhçi Məlik Altınok yazır: “Ermə­nistan 2020-ci ildən bəri davamlı olaraq ərazilərini Azərbaycanın xeyrinə itirir. Azərbaycan Ordusu bu yaxınlarda Qara­bağ üzərində tam nəzarətə nail olub”.

Burada dərhal kiçik bir dəqiqləşdir­məyə ehtiyac var. Müəllif belə bir faktı qeyd etməyi unudub ki, son üç ildə Er­mənistanın “itirdiyi” torpaqlar bu təca­vüzkar dövlətin 30 il əvvəl havadarları­nın dəstəyi ilə işğal etdiyi Azərbaycan əraziləridir. Azərbaycan bu əraziləri beynəlxalq hüquqa əsaslananarq azad edib və orada öz suverenliyini tam tə­min edibdir. Məqalədə sonra vurğulanır: “Bu hadisələrin fonunda Ermənistanın ənənəvi müttəfiqi olan Rusiyanın passiv, yaxud bitərəf qaldığı suallar doğurur. Er­mənistanın baş naziri Nikol Paşinyan da, şübhəsiz, belə düşünür. O, Rusiyanın Qarabağdakı erməni əhalisini qorumaq­da “aciz qaldığını” iddia edir. Paşinyan hesab edir ki, Ermənistanın təhlükəsiz­liyini yalnız Rusiyanın ixtiyarına vermək strateji səhvdir və ermənilər Qərb döv­lətləri ilə daha geniş tərəfdaşlıq barədə düşünməlidirlər.

Bununla belə, Kreml Ermənistanın Qərblə “işvəkarlığı”nı sərt ritorika ilə rədd edir, “bizim regiondan çəkilmək niyyəti­miz yoxdur” kimi bir-birinin ardınca qətiy­yətli bəyanatlar səsləndirir.

Maraqlıdır ki, Qərbin özü də Ermə­nistanın xeyrinə İrəvanın arzu etdiyi qə­dər qətiyyətli və cəsarətli görünmür. Bu yaxınlarda Ermənistana birgə təlimlər üçün çox az sayda hərbçilər göndərilib. Bu, ona dəlalət edir ki, Qərb Rusiyanın “əsəbləri ilə oynamaq üçün” özündə cəsarət tapa bilmir”. 

Burada bir məqamı da aydınlaşdır­mağa ehtiyac duyuruq. Əslində, Qərb təkcə Rusiya amilini deyil, eyni zaman­da, Türkiyə və Azərbaycan ittifaqını da nəzərə almaya bilməz. Azərbaycan Or­dusu hazırda regionun ən güclü ordula­rından biri olduğunu artıq sübut edibdir. 

Məqalə müəllifi sonra yazır: “Görünən odur ki, Paşinyan iddialı hərəkətləri ilə Moskvanı Qərblə üzbəüz qoymağa cəhd edir. Hər halda İrəvan Kremli qıcıqlandı­ran addımlar atır. Bu yaxınlarda Ermə­nistan parlamentində Roma Statutunun təsdiqlənməsi bu istiqamətdə atılan son təxribatçı addımlardandır”.

Məlum olduğu kimi, Roma Nizam­naməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) üçün əsas sənəddir. Roma Sta­tutunu ratifikasiya etmiş ölkələr BCM qərarlarını icra etməyə borcludur, imzası olmayan dövlətlər isə xüsusi cinayətlər üzrə məhkəmə qarşısında iddia qaldıra bilərlər. Bir müddət əvvəl BCM ukraynalı uşaqların “qanunsuz deportasiyası” sə­bəbi ilə Rusiya Prezidenti Vladimir Puti­nin həbsinə order vermişdir. 

Paşinyan Ermənistan parlamentin­də qəbul etdirdiyi son qərarla Rusiyanın dövlət başçısına belə bir sərt mesaj ve­rir: O, Ermənistana səfər etdiyi təqdirdə həbs ediləcək. Bu ismarıcın sadə açıqla­ması belədir. Bunu Kremldə gözəl anla­yırlar və Paşinyanın “qırmızı xətti” keçdi­yinin fərqindədirlər. 

Müəllif soruşur: “Qeyri-ənənəvi” gö­rünən bu addımın arxasında, Ukrayna­da baş verənlərə bənzər Moskvanı mü­daxiləyə məcbur etməkdən başqa, hansı motiv dayana bilər?

Buna baxmayaraq, Vladimir Putin, hətta qlobal müxalifətlə qarşılaşanda belə səliqəli qərarlar qəbul etmək bacarı­ğı ilə tanınan təcrübəli və əyilməz liderdir. Onu çətin vəziyyətə salmaq asan məsələ deyil”.

Yazı müəllifi öz ehtimallarını belə sı­ralayır: “Ola bilsin, Paşinyan hesablayır ki, Putinin diqqətinin Ukraynaya yönəl­məsi onu Ermənistanda yeni cəbhə aç­maqdan çəkindirə bilər.

Halbuki Ermənistan Ukraynadan başqa, Afrika, Sakit okean və Suriyada ABŞ-la “şahmat oynayan” Putin üçün “ağır yük” deyil. O, müdaxilə etməyə, hətta bunu etiraf etməyə də meyilli gö­rünmür”. 

Müəllifin sonrakı mülahizələri də ma­raqlıdır: “Kremlin “passiv” (əslində, bey­nəlxalq hüquqa hörmət nümayiş etdirən –müəllif) mövqeyindən bəhrələnən Azər­baycan Ordusu Ermənistan sərhədlərinə tərəf irəliləyir. Üstəlik, üç onillikdən bəri davam edən Qarabağ münaqişəsinin həlli qeyrəti və sədaqəti ilə xalqının dərin inamını qazanan Ali Baş Komandan cə­nab İlham Əliyevin peşəkar idarəçiliyində Azərbaycanın silahlı qüvvələri həmişə olduğu kimi güclüdür. Hamıya məlum­dur ki, onlar Türkiyə tərəfindən sarsılmaz dəstək alırlar. Ermənistan ordusu gücsüz görünür və bu, heç kim üçün sirr deyil ki, onlar İrəvanı bir güllə belə atmadan Azər­baycana təslim edə bilərdilər”.

Yenə də vurğulamaq istərdik ki, Azər­baycan xalqı və dövləti heç bir ölkənin ərazisinə və torpaqlarına iddia etmir.

Müəllifin məqalənin sonunda gəldiyi nəticələr də düşündürücüdür: “Bu dina­mikanı bir kənara qoysaq, ABŞ-ın, xü­susən də bu ölkədə növbəti prezident seçkiləri ərəfəsində münaqişə ocaqlarına maliyyə yatırmaq niyyəti azdır. Bu yaxın­larda Ağ ev hətta bəyan etdi ki, ABŞ-ın Ukraynaya uzunmüddətli hərbi yardım üçün resursları yoxdur.

Afrikadan kənarlaşdırılan Fransanın prezidenti Emmanuel Makronun Ermə­nistana vəd etdiyi hərbi yardıma gəlincə, bu, Paşinyanın mövqeyini təmin etmək üçün qeyri-adekvat görünür”.

Türkiyəli şərhçi hesab edir ki, Qər­bin maliyyə vəsaitləri və zəmanətləri ilə idarə olunan Ukrayna prezidenti Vladimir Zelenskinin yolu ilə gedərkən baş nazir Paşinyan bir daha düşünməlidir. Belə bir yanlış kurs erməni xalqına yaxşı heç nə vəd etmir, üstəlik, bölgədə arzu olunan sülh və sabitliyin bərqərar olunmasına mane olur. 

 

Təqdim etdi:
Məsaim ABDULLAYEV
XQ

Siyasət