Azərbaycan XİN ölkəmizə qarşı qərəzli ittihamları rədd edir

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin Azərbaycana qarşı qərəzli ittihamlarla dolu bəyanatı şiddətlə qınayıb və rədd edbr. 

XİN-in bununla bağlı dünənki şər­hində bildirilib ki, həmin bəyanat ATƏT sədrliyinin mandatına açıq şəkildə ziddir. Azərbaycanın ATƏT-in möv­cud öhdəliklərinə uyğun olaraq ardıcıl çağırışlar etməsinə baxmayaraq, onil­liklər ərzində bu təşkilatın ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasını və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıt­maq hüququnu təmin etmək üçün öz mandatını yerinə yetirməsinə maneə törədilib. Münaqişədən sonrakı bərpa və quruculuq səylərində, o cümlədən minalardan təmizlənmə proseslərində müsbət rol oynamasına dair ATƏT-ə ünvanlanmış çağırışlarımıza da məhəl qoyulmayıb. Təşkilatın fəaliyyətdə olan sədrinin müstəqil beynəlxalq müşahidə missiyasına istinadları anlaşılan deyil.

Açıqlamada Helsinki Yekun Aktında təsbit olunmuş güc tətbiq edilməməsi prinsipi də daxil olmaqla, bütün prin­siplərin birbaşa olaraq Ermənistan tərəfindən pozulduğu, habelə BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həm diplomatik, həm də hərbi baxımdan öz ərazilərinin işğalına son qoymağın hər zaman Azərbaycanın legitim hüququ olduğu da bir daha xatırladılır. 

Bundan əlavə, milli azlıqlara mən­sub şəxslərdən dövlətlərin suverenli­yi və ərazi bütövlüyünü pozmaq üçün alət kimi istifadənin qadağan edildiyi də nəzərə çatdırılır: “Bu baxımdan, biz bütün tərəfləri bu öhdəliyə ciddi riayət etməyə və Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərindən çəkin­məyə çağırırıq. Azərbaycan öz Kon-stitusiyasına və müvafiq beynəlxalq öh­dəliklərinə uyğun olaraq, regionda sülh və Qarabağ bölgəsində yaşayan ermə­ni sakinlərin bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyasına nail olmaq əz­mində olduğunu bir daha təsdiqləyir”.

***

Azərbaycan XİN növbəti açıqlama­sında Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbayca­na qarşı səsləndirdiyi əsassız iddiaları da qətiyyətlə pisləyib və rədd edib. 

Bu barədə XİN-in şərhində bildiri­lib: “Fransa Prezidentinin Qranadada Azərbaycanın və Türkiyənin iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiala­rı riyakarlıq nümunəsidir. Tədbir iştirak­çılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Fransa Prezi­dentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır”. 

Açıqlamada daha sonra qeyd edilir ki, tarixdə özünün soyqırımı siyasəti ilə yadda qalan, Avropa İttifaqına üzv ölkələr arasında Milli Azlıqların Mü­dafiəsi haqqında Çərçivə Konvensi­yasına qoşulmayan yeganə ölkə olan Fransanın çoxsaylı etnik xalqların sülh və əmin-amanlıq şəraitində yaşadı­ğı, multikultural və multietnik dəyərləri ilə nümunə təşkil edən Azərbaycana azlıqların hüquqları barədə dərs keç­məyə cəhd etməsi qəbuledilməzdir: “Azərbaycanlıların yaşadığı kütləvi qır­ğınlara, onlara qarşı zor tətbiq edilərək düşdükləri məcburi köçkün və qaçqın həyatına, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin gözardı edilməsinə, şəhər və kəndlərin yer­lə-yeksan edilməsinə, Ermənistanın öhdəliklərinə zidd olaraq Azərbaycan­dan erməni silahlı qüvvələrini çıxarma­masına, davam etdikləri hərbi-siyasitəxribatlara heç bir əhəmiyyət ver­məyən Fransanın bitərəf və neytral va­sitəçi olduğunu iddia etməsi bu ölkənin niyyətindən xəbər verir”. 

XİN-in şərhində Azərbaycana təz­yiq edilməsinə çağıran Fransaya xa­tırladılır ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir: “Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə məkrli siyasətinə son qoyması daha faydalı olardı. Azərbaycan erməni sakinlərin reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirir və bölgəmizdə sülh quru­culuğunda ən maraqlı tərəfdir”.

XQ

Siyasət