Putin–Mişel “atışması” – Qarabağla bağlı “günah keçisi” axtarışı

post-img

Rusiya lideri Aİ Şurasının prezidentinə nələri dedi, nələri dilə gətirmədi?

Fransa prezidenti Emmanuel Makron 2022-ci ilin oktyabrında yerli mediaya müsahibəsində bildirmişdi ki, Rusiya öz müttəfiqi olan Ermənistana xə­yanət edib. Bu, həmin ilin sentyabrın­da Azərbaycan – Ermənistan sərhə­dində yaşanmış hərbi eskalasiyanın təsirini özündə ehtiva edən bəyanat idi. 

O eskalasiyanın ki, Ermənistan onun nəticəsində özünün suveren ərazilərinin Azərbaycan tərəfindən işğala məruz qal­dığını iddia etmişdi. İndi isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib ki, Rusiya erməni xalqını satdı. Əlbəttə, biz Rusiya Prezidenti Vladimir Putinin Şarl Mişelə cavabındakı saymazyana məntiqin üzərində dayanmaq niyyətindən uzağıq. Hərçənd, Kreml rəhbərinin işlətdiyi atalar məsələnin Azərbaycan dilindəki qarşılığı maraqlıdır – “Oğru elə bağırdı ki, doğru­nun bağrı yarıldı”. Hər halda, cənab Puti­nin “kimin inəyi böyürsə də, mənim inəyim sakit qaldı” məntiqindən gəlinən başqa nəticə yoxdur. 

Əlbəttə, obrazlı desək, Aİ Şurasının prezidentinə “böyürməyi” yaraşdırmaq mümkün deyil. Bir qayda olaraq, Ş.Mi­şel birləşdirici, konfrantasiyalardan uzaq adam təsiri bağışlamaqdadır. Əslində, onun indiki məqamda erməni xalqının ma­raqları müstəvisində nəyəsə münasibət bildirməsi də anlaşılan deyil. Görəsən, cənab Mişel “erməni xalqı” dedikdə kimi nəzərdə tutur? Hazırda bu deyimin bey­nəlxalq ictimaiyyətə Qarabağ ermənilə­ri formasında sırındığı reallığına diqqət yetirsək, Aİ Şurası prezidentinin ehtiyatı əldən verdiyini söyləmək mümkündür. Gö­rünür, Rusiyaya qarşı hiddət Avropada hər kəsi əndazədən çıxardığı kimi, Mişeli də yerindən oynatmaqdadır. 

Ancaq bir məsələ var. Mişel çox nahaq yerə Rusiyaya hiddəti Azərbaycan – Er­mənistan münasibətlərinə gətirir. Axı, o nəzərə almalıdır ki, bu, obyektiv həqiqətlə­rin dərkini çətinləşdirir. Ən pisi isə odur ki, Aİ-nin ali rəsmisinin hazırda baş vurduğu ritorika onun özünə deyil, E.Makrona məx­susdur. Makronun isə aşkar ermənipərəst mövqe tutduğu danılmazdır. Yəni, Aİ Şura­sının prezidenti öz vasitəçiliyinin oktyabrın 5-nə təyin olunmuş növbəti raundunun nə üçün baş tutmadığını nəzərə almağa, sa­dəcə, borclu idi. Onu da nəzərə almalı idi ki, emosiyalara qapılması Rusiyanın xey­rinədir. Çünki Ermənistanla aşkar konfran­tasiyada olan Rusiya hazırkı dövrdə, necə deyərlər, sandığı açıb, pambığı tökməklə məşğuldur. Putin Mişelə cavab verdiyi “Valday” Diskussiya Klubundakı çıxışında da bunu etdi. 

Bəli, Rusiya hazırda Prezident Pu­tinin şəxsində müəyyən reallıqları dilə gətirməkdədir. Çünki bunu bildirmək ona sərfəlidir. Moskva onsuz da beynəlxalq ictimaiyyətlə ziddiyyətlər içərisindədir. Yəni, ziddiyyətlərin az və ya çox olması əhəmiyyətli deyil. Necə deyərlər, islanmı­şın yağışdan nə qorxusu. Yəni, Kremlin Qarabağ, Azərbaycan – Ermənistan mü­nasibətləri ilə bağlı da dünya ilə konfliktə getməsi anlaşılandır və bu baxımdan Puti­nin dediklərini, irəli sürdüklərini heç də tam anlamda ədalətli mövqe kimi qiymətləndir­məmək lazımdır. Həm də o səbəbdən ki, Rusiyadan üz döndərmiş və tam şəkildə üz döndərmək əzmində olan Ermənistan var. 

Buna görə də Putin “Valday”dakı çıxı­şında sabiq SSRİ-nin dağılmasından son­rakı ilk dövrə diqqət yetirir. Bildirir ki, həmin vaxt Ermənistanla Azərbaycan arasında etnik münaqişə baş qaldırdı. Nəyə görəsə, Rusiya lideri bu konfliktin başlanğıcını Sumqayıtdan götürür. Birincisi, Sumqayıt hadisələri baş verəndə SSRİ hələ dağıl­mamışdı. İkincisi, Sumqayıt hadisələri ermənilərin Qarabağdakı aktivliyinin təsiri olaraq yaşanmışdı və onu edənlərlə Qa­rabağı Azərbaycandan ayırmaq istəyənlər eyni adamlar idilər. Onlar çalışmışdılar ki, Sumqayıtda yaşayan sadə erməniləri məhv etməklə, Qarabağ avantürası üçün ideoloji motiv qazandırsınlar və sair. 

Sözümüz ondadır ki, Putin xronolo­ji ardıcıllığı düz vermir. Onun məntiqini əsas tutsaq, belə düşünmək mümkündür ki, Qarabağ münaqişəsi Sumqayıta ca­vab kimi meydana çıxıb. Halbuki, tarixi reallığı vurğuladıq. Lazım olsa, SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qor­baçovun müşaviri Abel Aqanbekyanın Qa­rabağ avantürizmini qızışdıran və zaman etibarilə Sumqayıt hadisələrindən əvvəlki fikirlərini də diqqətə çatdıra bilərik. Nəzərə alaq ki, Aqanbekyan Qarabağ avantürası­nın ideoloqlarından sayılır. Çox güman ki, Rusiya lideri onu tanımamış deyil. Digər yandan, cənab Putin Sumqayıt hadisələ­rindən sonra Ermənistanın Qarabağı və ətraf əraziləri öz nəzarəti altına aldığını vurğulayarkən, nədənsə İrəvanın ərazi iddiası məsələsini qabartmır. Onun mən­tiqinə köklənən adamda belə təəssürat formalaşa bilər ki, Sumqayıtda baş verən­lər Ermənistanın Qarabağı nəzarət altına almasına səbəb olub. 

***

Əlbəttə, Putin işğal edilmiş torpaqların Azərbaycan ərazisinin 20 faizini təşkil et­diyini də vurğulayır. O bildirir ki, təxminən, 15 il müddətində Rusiya Ermənistana beş rayonun qaytarılmasını, Kəlbəcər və Laçı­nın saxlanılması ilə Qarabağla Ermənis­tan arasında əlaqənin qorunmasını təklif edib. “Ancaq bizim qarabağlı dostlarımız mütəmadi olaraq bildiriblər ki, yox, bu, bi­zim üçün müəyən təhlükələr yaradacaq. Biz isə öz növbəmizdə demişik: Qulaq asın, Azərbaycan güclənir, iqtisadiyyatı inkişaf edir, bu, neft və qaz ölkəsidir. Bun­dan başqa (Azərbaycanın – red.), 10 mil­yondan çox əhalisi var. Gəlin, potensialı müqayisə edək. Hələ ki, imkan var, kom­promis tapmaq lazımdır. Biz öz tərəfimiz­dən əminik ki, BMT-nin Təhlükəsizlik Şu­rası çərçivəsində müvafiq qərarlar qəbul edəcəyik. Təminat verəcəyik ki, Qarabağla Ermənistan arasındakı Laçın dəhlizinin təhlükəsizliyi olsun. Ərazidə yaşayan er­mənilərin təhlükəziliyinə təminat yaransın. Ancaq bizə dedilər ki, yox, biz buna gedə bilmərik. Bəs, nə edəcəksiniz? Döyüşəcə­yik! Yaxşı...” 

Göründüyü kimi, V.Putin Ş.Mişelə ca­vab ruhlu əsaslandırmasına, belə demək mümkünsə, çox uzaqdan başlayır. Nə­hayət, 2020-ci ilə gəlib çıxır və bildirir: “İş yekunda silahlı toqquşmalara gətirib çıxardı. 2020-ci ildə mən o zaman da bi­zim dostlarımız və həmkarlarımıza təklif etdim... Yeri gəlmişkən, Prezident Əliyev, yəqin, məndən inciməz. Hansısa an razı­lıq əldə olundu ki, Azərbaycan silahlı bir­ləşmələri dayansın. Mən, düzünü desəm, düşündüm ki, məsələ həllini tapıb. İrəvana zəng etdim və birdən eşitdim – dedilər, yox, qoy, onlar (Azərbaycan Ordusu – red.) tutduqları yerlərdən geri çəkilsinlər... Dedim, bəs, nə edəcəksiniz? Yenə həmin fikir – Döyüşəcəyik! Dedim, baxın, onlar bir neçə gündən sonra Ağdam rayonun­da sizin qüvvələrin arxasına keçəcəklər və hər şey bitəcək. Siz başa düşürsünüz? Bəli. Bəs nə edəcəksiniz? Döyüşəcəyik! Yaxşı...” 

Əlbəttə, 2020-ci ilin Vətən müharibə­sində bəzi çox qısa müddətli atəşkəslər oldu. Azərbaycan onlarla razılaşdığını bə­yan edirdi. Amma, bu, heç də o demək de­yildi ki, ölkəmiz özünün mövqeyindən geri çəkiləcək. Ox yaydan çıxmışdı və bunu cənab Putin də gözəl bilirdi və bilir də. Yəni, hər bir halda indi Qarabağ müstəvi­sində baş verənlər yaşanacaqdı. Necə ki, 2020-ci ilin üçtərəfli Bəyanatından sonra yaşandı. Elə həmin sənədə əsasən, Ağ­dam, Kəlbəcər və Laçın Azərbaycanın nə­zarətinə keçdi. Məgər Rusiya zamanında atəşi dayandırmaqla, bunun qarşısını ala­caqdı ki, indi vaxtilə etdiklərini Ermənis­tana minnət kimi sırıyır? Əlbəttə, Moskva İrəvana minnət qoymalıdır. O anlamda ki, əgər Ermənistan Putinin indi haqqında söz açdığı təklifi qəbul etsəydi, itkiləri az olar­dı. Amma qəbul etmədi və görək V.Putin başqa nə deyir: “Hər şey gözlənildiyi kimi də alındı. Yekunda (Azərbaycan Ordusu - red) Şuşaya çıxdıqdan sonra biz danış­dıq ki, hərbi əməliyyatlara son qoyulacaq. 2020-ci ilin noyabrında onların dayandırıl­ması və bizim sülhməramlıların (Qaraba­ğa-red.) yeridilməsi barədə müvafiq razı­laşma da imzalandı (10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat – red.). Və növbəti çox vacib məsələ – bizim sülhməramlıların statusu məhz həmin bəyanatla təsdiqlən­di. Sülhməramlıların yalnız bir hüququ var idi – atəşkəs rejiminə nəzarət etmək. Vəs­salam! Sülhməramlıların orada başqa heç bir hüququ yox idi. Ancaq atəşkəsi müşa­hidə etmək. Belə bir vəziyyət davam etdi”. 

***

Bəli, Azərbaycan, Rusiya və Ermənis­tan liderlərinin 10 noyabr 2020-ci il tarix­li üçtərəfli Bəyanatından sonra Moskva hər vəchlə İrəvana göstərməyə çalışdı ki, onun nicat yolu Kremlə bağlılıqdır. Lakin ötən müddətdə baş nazir Nikol Paşinyan administrasiyası bunu anlamaq istəmə­di. Nikol üçtərəfli əsasda Putinin iştirakı ilə görüşlərə qatılsa da, müharibə xofu aradan qalxdıqca, üzünü Qərbə tərəf çe­virməyə başladı və bu proses, paralel şə­kildə, Rusiyaya hörmətsizlik motivləri ilə müşayiət olundu. Eyni zamanda, Ermənis­tan özünün də üzv olduğu və Moskvanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müstəvisində Kremlin rolunu kiçiltməyə girişdi. Bəs, Azərbay­can nə etdi? Səbr və təmkinlə qarşısına qoyduğu məqsədlərə doğru irəlilədi və bu məqsədlərin leqallığını elə Putinin özü də dərk etdi. Əlbəttə, Avropa və dünya da məsələnin mahiyyətindən xəbərdar idi. Yəni, Rusiya liderinin istinad etdiyi 2022-ci ilin Praqa və 2023-cü ilin Brüssel görüşlə­rinin nəticələri labüd idi. 

Kreml rəhbərinin sözlərindən isə belə çıxır ki, vəziyyət Ermənistan üçün belə olmaya bilərdi. Cənab Putinin “Valday”da söylədiklərinin davamına diqqət yetirək: “İndi siz, mənim də hörmət etdiyim, cənab Mişelin fikrini diqqətə çatdırdınız. 2022-ci ilin payızında Praqada cənab Mişelin vasitəçiliyi ilə, sonra Fransa prezidenti Makronun, Almaniya Kansleri cənab Şolt­sun iştirakı ilə Ermənistanın və Azərbay­canın liderləri toplaşdılar. Onlar orada bə­yanat imzaladılar. Başa düşürsünüzmü? O bəyanat ki, oradan belə nəticə hasil olur ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Bununla yanaşı, Ermənistan nümayəndə heyətinin üzvləri birbaşa Azərbaycanın ərazilərini kvadrat­kilometrlə tanıdıqlarını təsdiqlədilər. Bura, sözsüz ki, Qarabağ da daxildir. Və qeyd etdilər ki, onlar Azərbaycanın ərazi bütöv­lüyünü, zamanında SSRİ-yə daxil olmuş Azərbaycan SSR-in əraziləri daxilində, tanıyırlar. Bilirsiniz ki, Azərbaycan SSR-in tərkibinə Qarabağ da daxil idi. Əslində, Qarabağın statusu üzərində olan çox va­cib məsələ həllini tapdı... 

Qarabağ özünün müstəqilliyini elan edəndə, heç kəs bunu tanımadı. Hətta, Ermənistan da. Düzünü desəm, mənim üçün qəribədir. Amma belə bir qərara gə­linmişdi. Onlar Qarabağın müstəqilliyini tanımamışdılar. Ancaq burada – Praqada onlar qəbul etdilər ki, Qarabağ Azərbayca­na məxsusdur. Sonra 2023-cü ilin əvvəlin­də Brüsseldəki analoji görüşdə ikinci dəfə eyni şeyi təkrarladılar. Öz aramızdı, bizə bu barədə heç kəs heç nə deməmişdi. Mən şəxsən bunu mətbuatdan öyrəndim... 

Həmişə hesab etmişəm ki, Qarabağ Azərbaycanın ərazisinin tərkib hissəsidir. Ancaq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi statusunun müəyyənləşdiril­məsi məsələsində Ermənistan öz mövqe­yində dəyişiklik etdi. Görüşlərin birində Prezident Əliyev mənə yaxınlaşdı və dedi ki, bax, görürsünüz, hamı qəbul etdi ki, Qarabağ bizimdir. Sizin sülhməramlılar bi­zim ərazimizdədirlər. Bilirsiniz, bizim sülh-məramlıların statusu Qarabağın statusu müəyyənləşdikdən sonra müəyyən də­yişikliyə məruz qaldı. O (Prezident İlham Əliyev – red.) dedi ki, sizin hərbçilər bizim ərazimizdədirlər və gəlin, indi onların sta­tusu barədə ikitərəfli əsasda danışaq. Baş nazir Paşinyan isə təsdiqlədi: – Bəli, indi siz ikitərəfli əsasda danışmalısınız... Yəni, Qarabağ getdi. Bu status barədə hər şey demək olar. Bu, həlledici sual idi – Qara­bağın statusu. Bunun ətrafında on il ərzin­də hər şey fırlanırdı. Vəssalam, Ermənis­tan onu həll etdi. Qarabağ Azərbaycanın daxilinə rəsmi qaydada keçdi. Ermənistan dövlətinin mövqeyi budur. Bəs, biz nə edək? Bir müddət əvvəl Laçın dəhlizinin tutulması oldu. Bütün bunlar Azərbayca­nın Qarabağ üzərindəki suverenliyinin tanınmasından sonra qaçılmaz idi. Bu, sadəcə zaman söhbəti idi ki, Azərbaycan nə vaxt və necə özünün Konstitusiyasına əsasən, orada konstitusion qayda-qanun yaradacaq. Buna nə demək olar? Necə reaksiya göstərək? Ermənistan tanıyıb, biz nə etməliyik? Yox, biz tanımırıq? Bu ki, nonsensdir... Cəfəngiyyatdır... Mən bizim diskussiyaların nüansları barədə qeyri-korrekt danışmaq istəmirəm. Amma son günlər, yaxud son həftələr baş verən­lər Praqada və Brüsseldə edilmişlər fo­nunda qaçılmaz idi. Buna görə də cənab Mişel və onun həmkarları, bilmirəm hansı pərdə arxasında, harada, hansı kluarda Ermənistanın baş naziri cənab Paşinya­nı bu addımı atmağa razı salmağa cəhd göstərəndə, birlikdə Qarabağın erməni əhalisinin taleyini düşünməli idilər. Heç olmasa, onları gözləyən məsələlər barə­də nəyisə haradasa yazmalı idilər. Qara­bağın Azərbaycana inteqrasiyası ilə bağlı hansısa qayda müəyyənləşdirməli idilər. Onların təhlükəziliyi və hüquqları ilə bağ­lı yazmalı idilər. Orada (Praqa və Brüssel anlaşmaları – red.) bütün bunlar yoxdur. Orada yalnız bu var – Qarabağ Azərbay­canın tərkib hissəsidir. Vəssalam! Əgər Ermənistan özü belə qərar veribsə, biz nə etməliyik? Bəs, biz nə etdik? Biz humani­tar məsələləri həll etdik. Bilirsiniz ki, orada insanlarımız həlak oldular. Yeri gəlmişkən, Qarabağ ermənilərini müdafiə edərkən. Bizim sülhməramlılar. Biz onlara humani­tar yardım göstərdik. Tibbi yardım göstər­dik. Çıxmalarına şərait yaratdıq. Avropalı həmkarlarımıza gəldikdə, indi heç olmasa, başqa cür deyə bilmirəm, Qarabağdakı doğma yurdlarından çıxan o bədbəxt in­sanların saxlanılmasına humanitar yar­dım göstərsinlər. Mənə elə gəlir ki, bunu onlar edəcəklər. Böyük ölçüdə isə onların taleləri barədə uzunmüddətli perspektivdə danışmaq lazımdır”. 

***

Əvvəldə də dediyimiz kimi, V.Putin açdı sandığı, tökdü pambığı. Kreml rəh­bərinin fikirlərindəki qəbuledilməzlikləri vurğuladıq. Ancaq, ilk baxışdan, onun söylədiklərində elə bir təəccüblü məqam yoxdur. Həm də ona görə ki, Rusiya lideri son bir ayda “Valday”da dilə gətirdikləri­ni artıq ikinci dəfədir vurğulayır. Əlbəttə, onun konkret məqsədi var. Bir halda ki, Ş.Mişel Ermənistanın daxili ictimai rə­yinə mesaj verib orada Paşinyana qarşı “süngü çəkmişlərin” mövqeyini, belələri­nin ruspərətsliyini qabardaraq, zəiflətmək istəyir, əlbəttə, cavab olmalıdır. Putin də Qarabağla bağlı erməni avantürizmini kö­rükləyən fikirlər səsləndirir və günahı Qər­bin üzərinə atırsa, atsın. Mövcud durumda udan tərəf isə Azərbaycandır. 

Əvəz CAHANGİROĞLU
XQ

Siyasət