Bakı bəyan edir: Ankara tamhüquqlu tərəfdir

post-img

İki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi isə Azərbaycanın bütün ərazisində Türkiyəni hüquqi tərəfə çevirib

Kənar qüvvələrin, üçüncü tərəfin bu məsələyə necə yanaşmasından asılı olmayaraq həqiqət bundan ibarətdir: Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanla Türkiyə arasında 44 günlük müharibədən sonra imzalanan müttəfiqlik barədə Şuşa Bəyannaməsi bizim ərazimizlə bağlı məsələlərdə Ankaranı hüquqi tərəfə çevirib. 

Əslində, Türkiyə təkcə siyasi yox, həm də hüquqi baxımdan tərəfdir. Ona görə də Ankaranın Qarabağ iqtisadi rayonumuzda müvəqqəti yerləşdiril­miş Rusiya sülhməramlı kontingentinin qalma müddəti başa çatanda Qara­bağdan çıxmasını istəməsinin hüquqi əsasları var.

Sülhməramlılar hansı tərəfin tələbatını ödəyir?

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə Prezidenti Rə­cəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs Zirvə toplantısından sonra mediaya ver­diyi Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağdan çıxmasına dair açıqla­masına “Ankara üçtərəfli bəyanatın tərə­fi deyil” formasında münasibət bildirib. Rəsmi Moskva bununla Ankaraya öz me­sajını çatdırmış oldu: “Yəni, Türkiyə Qa­rabağ məsələsinə qarışmamalıdır”. 

Amma postmüharibə dövrünün ya­ratdığı reallıqlar və ortada olan hüquqi və hərbi əsaslar Zaxarovanın dediyin­dən fərqli həqiqəti diktə edir. Rusiya XİN rəsmisinin açıqlamasında istinad etdiyi 2020-ci il 10 noyabr Bəyanatının 5-ci bəndində qeyd olunur: “Münaqişə tərəflərinin razılaşmalara əməl etmə­sinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülh­məramlı mərkəz yaradılır”. Məhz həmin razılaşmaya əsasən, Ağdamda Türkiyə–Rusiya Birgə Monitorinq Mərkəzi təşkil edildi, türk əsgəri də qarşılıqlı razılaş­maya uyğun olaraq, bölgəyə daxil oldu. İndi monitorinq mərkəzinin konkret əməli fəaliyyətinin nə qədər səmərəli və effek­tiv olub-olmaması məsələsini kənara qo­yaq. Fəqət üçtərəfli razılaşmaya əsasən, Ağdama əsgər göndərən Türkiyə bu razılaşmanın hüquqi (de-yure) tərəfidir. Qarabağda fəaliyyət qiymətləndirməsinə baş vursaq, onda gərək iki il dörd aydan sonra bölgəni tərk edəcək Rusiya sülh­məramlı kontingentinin öz funksiyasını, həmin üçtərəfli bəyanatla boynuna düşən öhdəliyi yerinə yetirmə əmsalına gərək “iki” yazaq. Amma Rusiya XİN-in rəsmi nümayəndəsi brifinqdə bildirir ki, sülhmə­ramlılar regionda mühüm sabitləşdirici rol oynayırlar. Onların əsas funksiyası atəş­kəs rejimini qorumaqdır: “Bölgədə gərgin vəziyyətin davam etdiyini nəzərə alsaq, onların fəaliyyətinə daha çox tələbat var. Cənubi Qafqazda sülhün qorunması İrə­van və Bakının, o cümlədən, Ankaranın da daxil olduğu regional oyunçuların ma­raqlarından irəli gəlir”.

Sülhməramlıqları müəmmalı görünən rus hərbçilərinə kimin “tələbat” hiss etdiyi­ni, ya da onların kimin “tələbatını” ödədiyi artıq şübhəli görünür. Xüsusilə son aylar Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə, eləcə də sülhməramlıla­rın nəzarətində olan Qarabağda erməni separatçılarının törətdiyi hərbi təxribatlar bu şübhələrə əsas verir. 

Ankara konkret sözünü deyir

Türkiyənin rus sülhməramlıların za­manı çatanda Qarabağdan çıxmasını səsləndirməkdə tam hüquqi əsası var. 2020-ci il 10 noyabr Bəyanatının 4-cü bəndində qeyd olunur ki, üçtərəfli razı­laşmanı imzalamış tərəflərdən hər hansı biri sülhməramlı missiyanın bitmə müd­dətinə 6 ay qalmış buna xitam verilmə­si üçün müraciət edə bilər. İndi bölgədə hadisələrin dinamikası, sülh danışıqları ətrafında cərəyan edən proseslər məhz bu sonluğa doğru inkişaf etməkdədir. Bu məqamda Ankaranın konkret mövqe sər­giləməsini də həmin reallıq şərtləndirir. Təbiidir ki, bu yerdə Moskva arsenalın­dakı bütün “diplomatik hücum vasitələri­ni” işə salmağa məcburdur. Ona görə də narazılıqlarını büruzə verir. Onu da qeyd etməyi zəruri sayırıq ki, hazırda regional və beynəlxalq müstəvilərdə müşahidə edilən ziddiyyətli geostrateji gəlişmələr fonunda Türkiyə–Azərbaycan strateji müttəfiqliyinin önəmi daha aydın şəkil­də nəzərə çarpır. Zəfərimizlə başa çatan 44 günlik Vətən müharibəsindən sonra bu müttəfiqlik çoxvektorlu xarakter aldı. Müxtəlif platformalarda aparılan sülh danışıqlarında, zirvə görüşlərində Bakı daim yanında Ankaranın mənəvi və si­yasi dəstəyini görür, doğma nəfəsini hiss edir. Bu mənada Türkiyə bizim ən yaxın və sadiq müttəfiqimiz, eyni zamanda böl­gədə icraçısı və iştirakçısı olduğumuz bütün layihələrdə tərəfdaşımızdır. 

Bu da danılmaz həqiqətdir ki, Xəzər və Qara dəniz hövzələrini əhatə edən böyük bir coğrafiyada siyasi proseslə­rin gedişatını, bölgənin iqtisadi cəhət­dən inkişafını, xüsusilə də təhlükəsizlik məsələlərini Azərbaycan-Türkiyə əmək­daşlığından kənarda təsəvvür etmək qeyri-mümkündür. İki qardaş ölkənin öz tərəfdaşları ilə birlikdə həyata keçirdiyi nəqliyyat, enerji layihələri artıq qlobal əhəmiyyət daşıyır, Avropanın enerji təh­lükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Dünyada bu tərəfdaşlığın analoqu yoxdur

Azərbaycan və Türkiyə arasındakı siyasi, iqtisadi, mədəni, eləcə də başqa sahələrdə əlaqələr dünya ölkələri üçün bir örnəkdir. Aybaay, günbəgün inten­sivləşən bu münasibətlər dostluğun, qardaşlığın zirvə nöqtəsi sayıla bilər. İki ölkə arasında dostcasına, qardaşcası­na formalaşmış qarşılıqlı münasibətlərin anatomiyası hələ XX əsrin əvvəllərində Türkiyənin böyük dövlət xadimi, Qazi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədə­ri kədərimizdir”, XX əsrin sonlarında isə dünya şöhrətli siyasətçi, ulu öndərimiz Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamlarda öz əksini tapıb.

Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin aşağıdakı sözləri isə iki ölkə arasındakı çağdaş əlaqələ­rin xarakterini tam mənasında ehtiva edir: “Həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bü­tün ölkələr üçün örnəkdir. Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz – iki qar­daş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”. 

“Bir millət, iki dövlət” prinsipinə söy­kənərək tərəqqi edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıq­lı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını xüsusi olaraq vurğulayır: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Son iyirmi ilə yaxın müddətdə Tür­kiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir.".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğanın Azərbaycana son səfəri zama­nı keçirdiyi görüşlərdə hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması üçün verilən qərar da Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən və ikitərəfli münasibətlərdə atılan mühüm addımlar­dan biridir.

Türkiyə Azərbaycan üçün bütün döv­rlərdə və bütün məsələlərdə güvənilən tərəf olub. Necə ki Qarabağ münaqişəsi­nin həllində də tərəf olaraq qəbul edilib. Bölgədə Türkiyə–Azərbaycan əməkdaş­lığı, işbirliyi və tərəfdaşlığı olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçi­rilə bilməz. Bunu Cənubi Qafqaza gözlə­rini zilləmiş heç kəs unutmamalıdır. 

Fərid ŞƏFİYEV,
beynəlxalq münasibətlər üzrə ekspert

Türkiyə Ağdamda Rusiya ilə Birgə Monitorinq Mərkəzində tərəf­daşdır. Bəyanat üç ölkə arasında imzalanıb və Türkiyə orada yoxdur, – demək qətiyyən doğru deyil. Türkiyə orada var. Hətta adı üçtərəfli sənəd­də keçməsə belə, onda niyə Monito­rinq Mərkəzində fəaliyyət göstərir? Sadəcə aydındır ki, Rusiya Ermənis­tan və Azərbaycan arasında məhz postmünaqişə mərhələsini qəbul etmək istəmir. Onun üçün hələ də Ermənistan–Azərbaycan münaqişə­si öz qüvvəsində qalır. Bununla da Kreml Cənubi Qafqazda özünün təsir imkanlarını saxlayacağını dü­şünür. Amma faktiki olaraq bölgədə cərəyan edən hadisələr onu göstərir ki, Ermənistanın özündə də Rusiya­nın təsiri xeyli zəifləyib. Yəni, mü­naqişə üzərində idarəetmə prinsipi, konsepsiyası artıq işləmir. Moskva həm də ona görə çox narahatdır ki, Azərbaycan və Ermənistan arasın­da sülh müqaviləsi imzalana bilər və bu faktın özü onun üçün münaqişə­nin arzuedilən sonluğu deyil. Çünki tərəflər arasında sülh sazişi imza­lananda Rusiyanın burada mövqeyi zəifləyəcək, təsir rıçaqlarının effekti də sıfıra enəcək. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət