Azərbaycan Prezidentinin beynəlxalq ünvanlı mesajları

post-img

İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonra Ermənistana yaxın­lığı ilə seçilən ölkələr öz ermənipərəst mövqelərini daha gizlədə bilmədilər, yaxud da bunu istəmədilər... Ancaq bu o demək deyil ki, bu, əbədi belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni, mərhələ açılacaq. Əsas odur ki, sənin gündəliyin olsun. Biz postmüharibə dövründə hər şeyi ardıcıl­lıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi. Biz hədəfə doğru ge­dirdik, gedirik və bir çox hədəflərə çatmı­şıq. Bəzi hədəflər var, onlara çatmamışıq, amma onlara da çatacağıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti 

Şuşa, 21 iyul 2023-cü il

 

Cənab Prezidentin bütün çıxış və nitqləri kimi, iyulun 21-də Şuşadan səsləndirdiyi bəyanatlar da dünya mətbuatı tərəfindən maraqla qarşılandı. Təbii ki, beynəlxalq mətbuatı təmsil edən jurnalistlərin, ekspert və politoloqların dövlət başçımıza verdiyi sualların cavablandırılması təkcə Azərbaycan reallıqlarını əks etdirmirdi, həm də regionda və beynəlxalq aləmdə gedən proseslərə rəsmi Bakının münasibətinin öyrənilməsi baxımından da əhəmiyyətli idi. Diqqətlə izlədiyimiz məqamlardan biri də o idi ki, tədbir iştirakçılarının əksəriyyəti dövlət başçımızdan eşitdiyi fikirləri dərhal öz redaksiyalarına və lazımi ünvanlara ötürürdülər. Müasir informasiya texnologiyaları hər şeyi asanlaşdırıb. 

Söhbət Prezident İlham Əliyevin iyu­lun 21-də “4-cü Sənaye İnqilabı dövrün­də Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışından və sualla­rı cavablandırmasından gedir. Preziden­tin tapşırığına əsasən, “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbu­atının 148-ci ildönümü ilə bağlı keçirilən bu forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təş­kilat və media qurumu təmsil olunurdu. Bundan başqa, tədbirdə 60 yerli media rəhbəri və nümayəndəsi də iştirak edirdi.

Şuşada keçirilən forumda yaddaqa­lan və maraqlı olan məqamlar çox idi. Cənab Prezident dedi ki, biz işğalçı döv­lət üzərində qələbə çalsaq da, əraziləri­mizi düşmən tapdağından azad etsək də, arxayınlaşıb oturmur, ordu quruculuğunu daha prinsipial şəkildə davam etdiririk. Bu isə yeni çağırışlara lazımi cavab ver­diyimizin göstəricisidir. Bu gün Azərbay­canın daxili işlərinə qarışmaq istəyənlər də var, erməniləri revanşa ruhlandıranlar da, yeni qarşıdurmalar yaradaraq “bula­nıq suda balıq tutmaq istəyənlər” də. Ona görə də Azərbaycan Ordusu indi daha güclü olmalıdır. 

Əslində, bizim ordu quruculuğumuz ötən əsrin 90-cı illərində ulu öndər Hey­dər Əliyev tərəfindən başlanmış və ölkə­mizdə mükəmməl nizami ordu formalaş­dırılmışdır. Prezident İlham Əliyev isə həmin ordunu dünyanın qabaqcıl silahlı qüvvələri sırasına qaldırmışdır. Ona görə də bu gün söhbət Azərbaycan Ordusu­nun maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, arsenalının müasirləşdirilməsindən və şəxsi heyətin peşəkarlığının artırılmasından gedir. Qə­tiyyətlə deyə bilərik ki, Silahlı Qüvvələri­mizin bu istiqamətlərin hamısında möh­təşəm uğurları var. 

Mənim üçün maraqlı olan digər məqam isə Azərbaycanda sənaye is­tehsalının yeni istiqamətinin yaradılması barədə eşitdiklərim oldu. Dövlət başçımız dedi ki, Ermənistan ordusu işğal dövrün­də ərazilərimizdə bir milyondan çox mina basdırmışdır ki, bu da Azərbaycan xalqı­na qarşı törədilmiş çoxsaylı terror aktla­rının davam etdirilməsidir. O qədər mi­naların hamısının təhlükəsizləşdirilməsi üçün çox sayda müvafiq texniki vasitələr lazımdır. 

Prezident xatırlatdı ki, biz həmin tex­niki vasitələri həm xaricdən alırıq, həm də artıq özümüz istehsal etməyə başlamı­şıq. Əlavə edim ki, əvvəllər Azərbaycan­da belə istehsal müəssisəsi yox idi. Yəni biz artıq yeni silahlar istehsal etməklə yanaşı, yeni minatəmizləyən texnikalar da hazırlayırıq. Təbii ki, ölkə ərazisində minatəmizləmə prosesi başa çatdıqdan sonra biz həmin texnikaları həm sata, həm də müttəfiqlərimizə göndərə bilərik.

Başqa bir məqam isə İkinci Qara­bağ müharibəsi dövründə bəzi ölkələrin Ermənistanı dəstəkləməsinin, hətta ona hərtərəfli yardım etməsinin unudulmasına çağırış idi. Dövlət başçımız əminliklə söy­lədi ki, biz həmin tarixə qayıtmaq istəmi­rik. Yeni mərhələ açılacaq və Azərbaycan öz məqsədlərinə nail olacaq. Necə ki, in­diyədək nail olub. 

Xüsusilə xatırladılmalı məsələlərdən biri də dövlət başçımızın rusiyalı poli­toloq Sergey Markovun sualını cavab­landırarkən nümayiş etdirdiyi qətiyyət idi. Doğrudur, cənab Prezident bütün məqamlarda özünəməxsus qətiyyət nümayiş etdirir, ancaq Şuşada, bilava­sitə Rusiya təmsilçisinin sualını cavab­landırarkən (mən bu məqamda həmin cavabın yayılacağı ərazinin miqyasını xatırlatmağa çalışıram) nümayiş etdirdi­yi qətiyyət qürurverici idi: “Hazırda danı­şıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Onlar bunu şifahi şəkildə ediblər, bu, onların mövqeyidir. Biz onu qəbul etdik. Onların baş naziri dedi, “Qarabağ Azər­baycandır”. Kaş ki, o, bunu 2019-cu ildə deyəydi. Amma o, Xankəndidə tamamilə başqa bir söz demişdi. Ancaq o, bu gün həmin sənədə öz imzasını qoymalıdır. Bi­zim sülh sazişimizin layihəsində belə bir bənd var ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Çünki hazırda onların mövqeləri qeyri-müəyyəndir. Bir tərəfdən deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma digər tərəf­dən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ müm­künsüzdür”. 

Bu arqumentləri eşitmək xoşdur. İnanırıq ki, ermənilər də bu xəbərdarlığı unutmayacaqlar. Ancaq İrəvan rəhbərliyi cənab Prezidentin təxminən, üç ay əvvəl səsləndirdiyi fikirləri də yadda saxlamalı­dır: “Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Or­dusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə – ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bü­tün məsələlər əsas vəzifədir”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət