Bakı–İrəvan münasibətlərinin tənzimlənməsi üzrə rəqabət, vasitəçilik missiyası və bəşəri maraqlar
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusundakı Şuşa Qlobal Media Forumunun açılış mərasiminə qatıldı. Dövlətimizin başçısı bu mötəbər toplantının iştirakçılarının suallarını cavablandırarkən fikirlərini kifayət qədər əhatəli formada açıqladı. Cənab Prezidentin toxunduğu bütün məqamlar müstəsna əhəmiyyətə malikdir. Bu yazıda onlardan birinin üzərində dayanacağıq. Söhbət Azərbaycan-Ermənistan münasibətlərindən və mövcud xüsusda cərəyan edən proseslərdən gedir.
“Biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq”. Prezident İlham Əliyevin nitqindəki ilk məqam budur və onun məsələyə diqqət yetirməsi məntiqidir. Çünki dövlətimizin başçısı həmin revanşist qüvvələrin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə mənfi təsirini hesablayır.
Nəzərə alaq ki, bu təsir bütövlükdə Cənubi Qafqazda sabitliyin və əmin-amanlığın formalaşmasına təhdid törədən ciddi faktordur. Təhdid inkişafa maneədir. Azərbaycan isə regionun inkişafında maraqlı tərəfdir. Həm maraqlı tərəfdir, həm də inkişafın qarantıdır. Deməli, ölkəmiz Ermənistanla münasibətləri də təminat altına almalıdır ki, inkişafın əngəllənməsi potensialı aradan qalxsın.
Bəli, hər bir halda İrəvan sülhə gəlməlidir. Yalnız ona görə yox ki, mahiyyətini dərk etməsə də, bu onun üçün vacibdir. Eyni zamanda, o səbəbdən ki, Cənubi Qafqazda sülhün olması dünyaya lazımdır. Hətta, o qədər lazımdır ki, ona əngəl törədən qüvvələri belə sıradan çıxarmaq prioritet sayılır.
Deməli, hazırda sülhə gəlməkdən boyun qaçıran Ermənistan, necə deyərlər, odla oynamaqdadır. Prezident İlham Əliyev isə erməni avantürizminin mənfi təmayülünü hiss edəcək qədər tədbirlidir. İkinci Qarabağ müharibəsi bitən kimi ölkəmizdə müdafiə sahəsində dərin islahatlara başlanmasında da məqsəd tədbirli davranmaqdır: “Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür”.
Bəli, Azərbaycan güclü olmağa məhkumdur. Ona görə ki, tarixin bizə verdiyi acı dərslər var. O dərslərdə ölkəmizə, xalqımıza qarşı ədalətsizliklər yer alır. Prezident İlham Əliyev bunlardan da geniş bəhs etdi. Ermənistan tərəfindən torpaqlarımızın işğalını, mövcud müstəvidə beynəlxalq hüquqa əhəmiyyətsiz yanaşmaları, BMT-nin qətnamələrinin saya salınmamasını, işğalın leqallaşdırılması istiqamətindəki cəhdləri vurğuladı. Dövlətimizin başçısı, həmçinin ölkəmizin belə mənfi hallara mətanətlə sinə gərdiyinə, çətinlikləri aradan qaldırdığına dair ayrı-ayrı epizodlara aydınlıq gətirməklə, 44 günlük müharibədəki Zəfərimizin əhəmiyyətini xüsusi vurğuladı.
***
Ölkə rəhbərinin fikirləri zəfərimizin verdiyi üstünlüklərin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin hazırkı dinamikasını xarakterizə edir. Bilavasitə həmin prosesə gəldikdə isə Prezident İlham Əliyev ona vasitəçilik baxımından müxtəlif qütblərin mövcudluğu üzərində dayanır: “Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesdə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur. Çünki düşünürəm ki, Ermənistan son addımını atmalıdır”.
Əlbəttə, dövlətimizin başçısı “nəticə yoxdur” deyərkən, heç də sülh prosesinin səmərəsizliyini vurğulamır. Sadəcə olaraq, haqlı maksimalist mövqedən çıxış edir. Bu mövqe qazanılmış müsbət nəticələrin rəsmiləşməsi zərurətini əsas götürməkdədir. Digər tərəfdən, “nəticə yoxdur” məntiqi həm də ona görə dövriyyəyə girir ki, Ermənistan hakimiyyəti sülh yoluna öz xoşu ilə gəlmir, buna məcbur qalır: “Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nə məna daşıdığı onlara kifayət qədər aydındır”.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi qəbul edib. İndi qalır bu qəbullanmanın kağız üzərinə köçürülməsi. Dövlətimizin başçısının bildirdiyi kimi, bu, sonuncu mühüm məqamdır və ona çatmaq həm də regional sabitliyin və təhlükəsizliyin qərarlaşması prizmasında başlıca şərtdir. Hazırda Azərbaycan və Ermənistan arasındakı vasitəçilik institutu həmin şərtin ödənməsinin təminatı baxımından mühüm platformadır. Azərbaycan Prezidenti bu platformanın üç tərəfi üzərində dayanır – ABŞ, Rusiya və Avropa İttifaqı.
Mövcud xüsusda diqqətçəkən məqam cənab İlham Əliyevin tərəfləri fərqləndirməməsidir. Bu isə o deməkdir ki, Bakı üçün sülh yolunda hansı vasitəçiliyin uğur qazanmasının elə bir əhəmiyyəti yoxdur. Əsas olan Ermənistanın razılaşması, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi və 2023-cü ilin sonunadək sülh müqaviləsinin imzalanmasıdır: “Lakin, bu olmasa, biz onları məcbur edə bilmərik. Biz 28 il onları məcbur edə bilməmişik ki, beynəlxalq hüquqa riayət etsinlər. Yalnız bunu güc hesabına məcbur etdik. Lakin, bu halda sülh olmayacaq. Bu, bölgə üçün heç də yaxşı ssenari deyil, sabitliklə, təhlükəsizliklə nəticələnməyəcək. Lakin, eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alsaq, gələcəkdə də çətinliklər yaradacaq. Beləliklə, bildiyiniz kimi, üç vasitəçi var. Bunların hər biri kifayət qədər beynəlxalq səviyyədə mexanizmlərdən istifadə edə bilər ki, müstəqil olaraq fəaliyyət göstərsin. Biz ümid edirik ki, bu üçündən birində təkamülü, irəliləyişi görəcəyik”.
Azərbaycan Prezidentinin indi diqqətə çatdırdığımız iqtibasdakı fikirləri bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, Cənubi Qafqaz platforması rəqabət meydanı olmamalıdır. İkincisi, vasitəçilər nüfuzludurlar və təsir imkanlarına malikdirlər. Onların bu imkanlardan maksimum yararlanması şərtdir. Həm də ona görə ki, beynəlxalq hüquq və ona əsaslanan mexanizmlər var. Üçüncüsü, əgər vasitəçilər nəticəyə gəlməyəcəklərsə, Azərbaycanın öz bildiyi yol var…
***
Cənab İlham Əliyev Ermənistanla sülh prosesindən söz açarkən, əsas vasitəçi qismində Rusiya və ABŞ-ı görür. Halbuki, əvvəllər bu sırada Fransa da var idi. İndi, o, prosesdən uzaqdır. Bəs düşünmək olarmı ki, Fransanın yerini Avropa İttifaqı tutur? Azərbaycan lideri qurumu rəsmi vasitəçi qismində görməsə də, onun səylərinin səmərəliliyini vurğulayır: “Ancaq Avropa İttifaqı rəsmi vasitəçi olmasa da, mən onu müəyyən təzyiqləri azaldan, iki liderin bir-biri ilə danışıqlar aparmasına və mövqelərini daha yaxşı başa düşmələrinə imkan verən amil adlandırardım”.
Hesab edirik ki, Azərbaycan Prezidenti yuxarıdakı fikirləri səsləndirərkən, kifayət qədər diplomatik yanaşma ortaya qoyur, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə vasitəçiliyə münasibətdə, belə demək mümkünsə, mühafizəkarlıq nümayiş edirir. Bəs, mühafizəkarlıq nə üçündür?
Dövlətimizin başçısı, ilk növbədə, vasitəçilik uğrundakı rəqabət mühitini yumşaltmaq yolu tutur. Hərçənd, Prezident İlham Əliyev bu rəqabəti təbii də sayır: “…Bəli, biz vasitəçilər arasında bu rəqabəti görürük. Bu isə qlobal rəqabətin bir parçasıdır, hətta o rəqabətin harada olmadığını tapmaq çətin olardı, yəni, Cənubi Qafqaz və Azərbaycan istisna deyil”.
İkincisi, dövlətimizin başçısı ABŞ və Rusiyanın adını çəkməklə, vasitəçilik missiyasına qloballıq qazandırır. Üçüncüsü, Fransanın Aİ-yə ehtimal edilən təsirini hesablayır və sülh prosesini həmin təsirdən sığortalayır. Dördüncüsü, Aİ-dəki Fransa amili səbəbindən artıq keçmiş olan ATƏT-in Minsk qrupu formatının bərpası ilə bağlı nəzəri məqamları uzaqlaşdırır. Beşincisi, Cənubi Qafqazdakı münasibətlərin tənzimlənməmiş qalması müstəvisində məsuliyyət çevrəsini yığcam saxlayır ki, kənardan mümkün müdaxilələr qeyri-leqal xarakter daşısın.
Minsk qrupundan söz düşmüşkən, Azərbaycan lideri Şuşada keçirilmiş Qlobal Media Forumunda bu qrupun bərpası ilə bağlı səslənən iddialara da özünəməxsus diplomatikliklə cavab verdi. Əlbəttə, əvvəlcə hazırkı mərhələdə qurumun lazımsızlığını da əsaslandırdı və 2007-ci ilin “Madrid prinsipləri” adlandırılan sənədin bir çox müddəalarının artıq həllini tapdığını bildirdi. Daha sonra isə elə məqamları vurğuladı ki, onların reallaşdırılması, ATƏT-in Minsk qrupunun, necə deyərlər, yemi deyil. “…Mən hesab etdim ki, onlar fəaliyyətini davam etdirəcəksə, etimad, quruculuq tədbirləri həyata keçirə bilərlər və 10 noyabr 2020-ci il Bəyannaməsinin müddəalarının tam həyata keçirilməsinə nail olsunlar. Bildiyiniz kimi, iki müddəa hələ də həllini tapmayıb. Bunun birincisi, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, ikincisi isə Naxçıvana çıxışın təmin edilməsidir. Ermənistan hələ də bu iki müddəanı təmin etməyib. Bu, bir növ geosiyasi toqquşma nəticəsində Minsk qrupu artıq fəaliyyətinə son qoydu”, – deyən cənab İlham Əliyev Minsk qrupunun yenidən canlandırılmasının qəbuledilməzliyini də əsaslandırmış oldu.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi, sülh gündəliyi və vasitəçi tərəflər arasında rəqabət mühiti barədə fikirlərini səsləndirərkən, Rusiya amilinin üzərində dayanması da vacib məqamlardan biridir. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Moskvanın təşəbbüsü öz üzərinə götürdüyünü deməklə, onun 10 noyabr Bəyannaməsinin hazırlanmasındakı rolunu qabartsa da, habelə Rusiyanın Azərbaycan və Ermənistanla bağlarını xatırlatsa da, mətləbi Kremlin vasitəçiliyinin uğur qazanmaması üzərinə gətirdi. Əlbəttə, bunu da özünəməxsus diplomatiliklə etdi, mövcud müstəvidə də haqqında söz açdığımız qlobal rəqabətin Azərbaycan üçün həlledici faktor olmadığını önə çəkdi: “Daha sonra biz, əlbəttə, gördük ki, Rusiyanın digər məsələlərə bir balaca başı qarışdı və rəqiblər belə demək olarsa, fürsətdən istifadə etdilər. Bu rəqabətin Cənubi Qafqaza hansı təsiri olacağını demək çətindir. Mənim üçün Prezident olaraq hər zaman vacib olub, hətta işğal dövründə də vacib olub ki, Azərbaycan rəqabət meydanına çevrilməməlidir. Bu, bizim üçün və istənilən ölkə üçün ən pis ssenaridir”.
Bəli, Azərbaycan özünü hansısa qüvvələrin rəqabət meydanı qismində görmür və buna yol verməməkdə israrlıdır. Ancaq eyni sözləri Ermənistan barədə söyləmək mümkünsüzdür. İrəvanın aydın siyasi xətti yoxdur və buna görə özünü rəqabət üçün təklif edən ampluasındadır. Əlbəttə, bu, son dərəcə təhlükəlidir. Prezident İlham Əliyev aşağıdakı fikirləri ilə, əslində, Ermənistan hakimiyyətinin ölkəni təhlükəli sularda üzməyə sövq etdiyini diqqətə çatdırmış oldu: “Biz bu gün görürük ki, məhz bu, Ermənistanda baş verir. Ermənistan elə bir ölkəyə çevrilir ki, orada ciddi rəqabət gedir və bu, ciddi problemlər yarada bilər. Təkcə Rusiya və Amerika deyil, digər ölkələr də bu prosesə fəal surətdə qoşulurlar. Hesab edirəm ki, Ermənistan hökumətinin hazırda aydın xarici siyasət strategiyası yoxdur. İkinci Qarabağ müharibəsinə qədər müəyyən strategiyaları var idi. Bu gün isə bu, yoxdur və bu da onlar üçün ciddi nəticələr yaradacaq”.
Ermənistan iqtidarının qeyri-ciddi obrazından söz düşmüşkən, Prezident İlham Əliyev Şuşadakı Qlobal Media Forumundakı çıxışında bunun Bakı–İrəvan münasibətlərinin hazırkı trayektoriyası baxımından mühüm əhəmiyyət daşıyan bir cəhətinə də toxundu. Söhbət Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistanın sülh sazişinə Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi ilə bağlı müddəa əlavə etmək cəhdlərindən gedir. “Bizim sülh sazişimizin layihəsində belə bir bənd var ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur. Çünki hazırda onların mövqeləri qeyri-müəyyəndir. Bir tərəfdən deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, amma digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür. Mətnlə bağlı müəyyən təkliflər var. Onlar milli azlıqların hüquqları və təhlükəsizliyi ilə bağlıdır və bu, hər iki ölkəyə aiddir”, – deyən Azərbaycan Prezidentinin mövcud xüsusda Qərbi Azərbaycan məsələsini qabartması tam məntiqidir. Dövlətimizin başçısı vurğulayır ki, Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır.
Sonda bir məqamı da vurğulayaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla münasibətlər müstəvisində nikbinliyini də ifadə etdi. Bu nikbinliyin danışıqlarla bağlılığını qabartdı. Yekun mərhələyə çatılacağına ümidli olduğunu vurğuladı. Ancaq dövlətimizin başçısının sözlərindən bu da anlaşıldı ki, nəticə üçün nikbin deyil, real olmaq lazımdır. Reallıq isə proqnozlaşdırıla bilən təbiətə malikdir. Ermənistan hakimiyyəti qeyri-ciddi davranırsa, deməli, onun bundan sonrakı hərəkətlərinə dair proqnoz vermək də çətinləşir. Həm də ona görə ki, erməni iqtidarı reallıq hissindən uzaqdır. Bu uzaqlıq ölkəni hansı perspektivə daşıyacaq, gedişatı əlahəzrət zaman göstərəcək.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”


