Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində törətdiyi cinayətlərdən biri də 30 ilə yaxın davam edən işğal dövründə torpaqlarımızı minalarla çirkləndirməsidir. Bu, əslində, insanlıq, bəşəriyyət əleyhinə cinayət kimi qiymətləndirilməyə layiq hərəkətdir. Çünki söhbət yaş kateqoriyasından asılı olmayaraq, günahsız, dinc insanların qətlə yetirilməsindən gedir.
Bəşəriyyət bu gün nasist Almaniyasının törətdiyi müharibə cinayətlərini lənətləyir. Buraya İkinci Dünya müharibəsinin başladılması, o cümlədən bu çərçivədə “yəhudi məsələsinin birdəfəlik həlli”, Avropa yəhudilərinin üzləşdikləri fəlakətlər (Holokost), SSRİ-nin dinc əhalisinə qarşı müharibə cinayətləri, Hans Günter adlı psevdoalimin irqçilik nəzəriyyəsi, qaz kameraları, Osvensim (Auşvits), Buhenvald düşərgələri, insanlar üzərində ağlasığmaz tibbi təcrübələr və sair kimi dəhşətli əməllər daxildir. Nasistlərin başlatdıqları müharibə onların məğlubiyyəti ilə bitdi. Müharibə başa çatandan az sonra – 1945-ci il noyabrın 20-də Nürnberq şəhərində qurulan Beynəlxalq Hərbi Tribunalda Hitler Almaniyasının 24 yüksək vəzifəli şəxsi dörd maddə ilə ittiham olundular. Bu maddələr dünyaya təcavüz, bəşəriyyətin sülh və təhlükəsizliyinə qarşı cinayətlər, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər idi. Hərbi tribunal təqsirləndirilən şəxslərin bəziləri barəsində ölüm hökmü çıxardı, bəziləri uzun müddətə və ya ömürlük azadlıqdan məhrum edildilər. Beləliklə, gec də olsa, haqq-ədalət öz yerini tapdı.
Torpaqlarımızın ermənilər tərəfindən minalarla çirkləndirilməsi ilə bağlı bu məqaləmizdə nasistlərin cinayətlərindən söz açmağımız təsadüfi deyil. Məsələ ondadır ki, Ermənistanda son 35 ildən artıq dövrdə mövcud olan rejimlərin hamısının törətdikləri əməllər Hitler Almaniyasının etdiklərinin eynidir.
Ermənistanda 2018-ci ilin mayında bərqərar olan Nikol Paşinyan rejiminin Azərbaycana qarşı təxribatları nəticəsində 2020-ci ilin sentyabrın 27-də sübh çağı başlayan Vətən müharibəsi hayların baş nazirinin həmin ilin noyabrın 9-dan 10-na keçən gecə gizli şəkildə kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Ancaq, çox təəssüf ki, azərbaycanlılara qarşı soyqırımları törədən, mülki infrastrukturumuzu məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdan, mədəni irsimizi məhv və talan edən, saxtalaşdıran, ətraf mühitimizə və biomüxtəlifliyə sağalmaz yaralar vuran, mülki əhalimizin, girov və əsir götürülmüş vətəndaşlarımızın başına olmazın oyunlar açan, o cümlədən gələcəkdə azərbaycanlıların həlak olması üçün ərazilərimizi minalarla çirkləndirən Ermənistanda mövcud olmuş rejimlərin başçıları hələ də layiqli cəzalarını almayıblar. O cümlədən mina terroru hələ də həmvətənlərimizi həyatdan məhrum etməyə davam edir, yaxud onların ağır xəsarət almalarına səbəb olur.
***
Ermənistanın mina terroru iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılışında çıxış edən Prezident İlham Əliyevin toxunduğu əsas məsələlərdən biri olub. “Yaxın Şərq” xəbər agentliyinin təmsilçisi Məcid Şalkinin minaların insanların gündəlik həyatına necə təsir etməsi, həm də inkişaf layihələrinə necə mane olması ilə bağlı sualını cavablandıran dövlət başçımız deyib: “Bəli, siz ən vacib məsələyə toxundunuz. Çünki minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl onlar ən yüksək səviyyədə Ermənistan baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi. Yəni, bunun heç bir mahiyyəti yox idi. Bu, çox mənasız xəritələr idi”.
Göründüyü kimi, dövlətimizin başçısı 49 ölkədən 150 qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun iştirak etdiyi forumda Ermənistanın törətdiyi ağır müharibə cinayətlərini diqqətə çatdırıb.
***
Prezident İlham Əliyev qeyd edib ki, biz minalardan azad olmaqla bağlı ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Biz özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. Bizim dövlət minatəmizləmə agentliyimiz ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Ancaq bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, onlar etiraf etdilər ki, 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır. Biz beynəlxalq şirkətlərdən bir neçə təklif almışıq ki, onlar bu sahədə işləsinlər. Təəssüf ki, qiymət çox yüksək idi. Mən təfərrüata varmaq istəmirəm, ancaq bu rəqəm bizdə olan rəqəmlərlə müqayisədə 8-10 dəfə artıq idi. Yəni, bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8 və ya 10 dəfə ucuz həyata keçirir.
Prezident minatəmizlə prosesində dronlardan fəal şəkildə istifadə edildiyini vurğulayıb. Qeyd edib ki, bizim bəzi parlaq zəkaya malik insanların sayəsində artıq belə dronlar var: “Bu, bizə böyük yardım olur. Ancaq biz dərk edirik ki, bu, çox uzun bir prosesdir. Təəssüflər olsun, bilməliyik ki, gələcəkdə də qurbanlar olacaqdır, ermənilərin bizə qarşı terroru davam edir. Minalardan təmizlənməmiş əraziləri biz təcrid etmişik və azad olunmuş ərazilərə hələ də giriş məhduddur. Bu, bizə imkan verir ki, itkilərin qarşısını alaq. Ancaq keçmiş məcburi köçkünlər kütləvi şəkildə qayıdanda çox ehtiyatlı olmalıdırlar. Mən buradan onlara müraciət edirəm ki, icazə olmayan ərazilərə səfər etməsinlər. Bu, olduqca təhlükəlidir. Bu, ən böyük təhlükələrdən biridir. Təəssüf ki, bizi qarşıda uzun illər belə bir təhlükə gözləyir”.
Prezident İlham Əliyevin minaların sayının 1 milyona yaxın olması ilə bağlı açıqlaması Ermənistanın faşist dövləti olduğunu, işğal dövründə torpaqlarımızda insanlığa sığmayan əməllər törətdiyini bir daha göstərir. Belə çıxır ki, 30 ilə yaxın davam edən işğal dövründə onların işi-gücü ancaq mina basdırmaqdan ibarət olub. Bu hərəkət, eyni zamanda, hayların azərbaycanlılara necə dərin nifrət hissi bəslədiklərinin daha bir nümunəsidir.
Heyrət doğuran əsas məsələ isə bu nifrətin səbəbsiz olmasıdır. Yəni, azərbaycanlılar hayların bu nifrətinə səbəb olmaq üçün heç nə etməyiblər. Əksinə, onlarla hər zaman xoş davranıblar. Bu xoş davranış qarşılığında hayların etdikləri onların xəyanətkar xislətindən xəbər verir. Ancaq onlar bilməlidirlər ki, müdrik, namuslu və zəhmətkeş Azərbaycan xalqı bu çətinliyin də öhdəsindən gələcək, tarixən cənnət adlandırılan, məhsuldar, barlı-bərəkətli Qarabağ torpağı yenə əvvəlki günlərinə qayıdacaq. Bu gözəl diyar minalardan tam təmizlənəcək, yenə insanlarla dolub-daşacaq. Xain hayların etdiyi pisliklər isə insanlıq adına utanc olmaqla bəşəriyyətin tarixində qara ləkə kimi qalacaq.
İlqar VƏLİZADƏ,
siyasi şərhçi
– Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi fikirlər, əslində, çox vacib çağırışlardır. Çünki işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi çox aktualdır. Təəssüf ki, bu məsələ öz aktuallığını hələ bir müddət saxlayacaq. Bu, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesini xeyli ləngidir. Bu baxımdan onlar ehtiyatlı olmalıdırlar. Aydın məsələdir ki, işğaldan azad olunmuş ərazilərə yurd-yuva həsrəti ilə yaşayan yaşlı nəslin nümayəndələri ilə yanaşı, yeni həyat qurmaq, əkin-biçin, quruculuq məqsədilə gənclər də qayıdacaqlar. Bu çağırışlar onların ehtiyatlı davranmaları üçündür.
Hazırda həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında geniş tikinti-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 10 min kvadratkilometri əhatə edən ərazidə durmadan gecə-gündüz işlər gedir. Azərbaycan ictimaiyyəti də həm planlar, həm də görülmüş işlər haqqında vaxtaşırı məlumatlandırılır. Şəhərlərin baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınıb. Dövlətimizin başçısı şəhərlərin bərpasının təməlqoyma mərasimini keçmiş məcburi köçkünlərlə birlikdə həyata keçirib. Bu onu göstərir ki, dövlət otuz il ərzində mənəvi və fiziki əzablar çəkmiş insanlar ən yaxşı şəraitlə təmin olunmalarını istəyir.
Səxavət HƏMİD, “Xalq qəzeti”



