Qlobal Media Forumunda panel müzakirələr

post-img

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu iyulun 22-də işini sessiyalarla davam etdirib.

Medianın İnkişafı Agentliyinin (ME­DİA) təşkilatçılığı ilə keçirilən Forumun ikinci gününün birinci sessiyasında əvvəlcə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiya­sının Xarici siyasət məsələləri şöbəsi­nin müdiri Hikmət Hacıyev çıxış edib. O, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan mediasının maarifçilik prinsipləri əsa­sında böyük tarixi yol keçdiyini, xalqı­mızın ictimai-siyasi fikrinin, həmçinin müstəqillik amallarının formalaşma­sında “Əkinçi” qəzetinin böyük rolunun olduğunu bildirib. 

Beynəlxalq xəbər aparıcısı, jurna­list Maria Ramosun moderatorluğu ilə keçirilən “Medianın gələcəyi: Rəqəm­sal dövrdə jurnalistika və kommunika­siyada yeni alətlər və medianın rolu” adlı sessiyada medianın gələcəyi, ənənəvi media üçün növbəti addım­lar, rəqəmsal transformasiya məsələsi diqqət mərkəzində olub.

“Global Policy” İnstitutunun pre­zidenti Paolo von Schirach çıxışın­da müasir dövrdə texnologiyada baş verən yeniliklərin xəbərlərin hazırlan­masına mənfi təsirlərindən danışıb. Diqqətə çatdırılıb ki, texnologiya sahə­sindəki inkişaf media qarşısında da yeni çağırışlar yaradır. Bir qrup təşki­latların yalan informasiyaları insanların xəbərlərə olan inamını itirib. 

Media sahəsində dəyişikliklərin çox sürətlə getdiyini deyən kanadalı jurna­list, televiziya, sənədli film, podkast və debat prodüseri Dana Volfe dəyişik­liklərə uyğunlaşmağın zəruriliyini, əks halda, bu sahəni tərk etməli olduqlarını bildirib. 

“Forward Thinking” şirkətinin həmtəsisçisi və direktoru Oliver Mak­ternan qeyd edib: “Xəbərləri əyləncəli təqdim etmək onun əhəmiyyətini itirir. Demək olar ki, xəbərlərdə dəqiqlik yox­dur. Biz bunu daha çox sosial mediada müşahidə edirik. Sosial media sahə­sində problem ondan ibarətdir ki, biz xəstə təfəkkürlü insanların əlinə silah vermişik”.

“Azad Azərbaycan” Teleradio Ya­yım Şirkətinin sədri Azər Xəlilov çıxı­şında informasiyaları əyləncəli təqdim etməklə onların əhəmiyyətini itirdiyini düşünmədiyini, bu xəbərləri yaradan səbəblərin aktuallığını itirdiyini vurğu­layaraq deyib: “Xəbərlər elə hazırlan­malıdır ki, içərisində əyləncə də olsun”.

Sessiyada Forum iştirakçıları, həm­çinin səmərəli kommunikativ əlaqələ­rin inkişafı, ənənəvi medianın rolu və gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin tətbiqinin yaratdığı nəticələri müzakirə edib, su­alları cavablandırıblar.

Forumun ikinci sessiyası isə “Me­diada investisiya və istehlak tendensi­yaları” mövzusuna həsr olunub. Xəbər aparıcısı Caffar Hasnainin modera­torluğu ilə keçirilən sessiyada müasir informasiya mühitində media menec­menti və dayanıqlı media biznes mo­dellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media sa­vadlılığı (dezinformasiya və feyk nyus­la mübarizə üsulları) məsələləri nəzər­dən keçirilib.

Sessiyanın panel müzakirəsində çıxışı zamanı jurnalist, media mene­ceri Bora Bayraktar deyib: “Bir sıra məsələlər var ki, onlara həssas yanaş­mırıq. Jurnalist olaraq vəzifəmiz ondan ibarətdir ki, biz digərlərindən fərqlənək, insanlara zərər verəcək xəbər yayma­yaq. Eyni zamanda, müəyyən regionlar haqqında reportaj hazırlayarkən sosial həyatı, ətraf mühiti nəzərə almalıyıq”.

Strateji Araşdırmalar Forumu­nun təsisçisi və prezidenti, Serbiya parlamentinin sabiq deputatı Neven Cvetiçanin çıxışında vurğulayıb ki, Azərbaycan bütün dillərdə danışma­ğın mümkün olduğu nadir yerlərdən biridir. Prezident İlham Əliyev ötən gün Qoşulmama Hərəkatı barədə danışdı. Mən də elə bu Forumu “Qoşulmama Mediası” adlandıra bilərəm.

“TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixa­il Qusman çıxışında peşəkar, klassik jurnalistikanı sosial və internet-medi­alarından ayırıb. O deyib: “Bunlar iki fərqli fenomendir, hər birinə diqqət və hörmətlə yanaşmaq, lakin bir-biri ilə qarışdırmamaq lazımdır”.

Xəbər jurnalistləri barədə danı­şarkən M.Qusman bildirib ki, onlar üçün yalnız bir qayda mövcuddur – ay­dın, “zəhərlənməmiş”, düzgün məlu­mat. 

Sonra çıxış edən “Economyfirst Limited London” şirkətinin direktoru Klaus Jürgens agentliklərin marke­tinq fəaliyyətindən danışıb. Yaxşı gəlir əldə etmək üçün agentliklərin müasir düşüncəyə malik peşəkar komandaya ehtiyaclarının olduğunu diqqətə çatdı­rıb. 

Yerli və xarici media nümayən­dələrinin, eyni zamanda, ekspertlərin iştirakı ilə keçirilən Forumun ikinci ses­siyada media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri, me­dia savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes mo­dellərinin inkişafı ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablan­dırılıb.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qo­naq, o cümlədən dünyanın 34 ölkə­sinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Forumda, həmçinin 60 yerli me­dia rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaş­dıracaq.

AZƏRTAC

Son xəbərlər