Haylar yenə Kremldən imdad diləyirlər

post-img

İyulun 4-də Moskvada Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndiriləcək hadisə baş verib. Həmin gün Erməni Apostol Kilsəsinin Rusiya və Novo-Naxiçevan (?) yeparxiyasının şəhərdəki məbəd kompleksində erməni diaspor təşkilatlarının rəhbərləri və nümayəndələrinin, həmçinin erməni əsilli Rusiya Federasiyası vətəndaşlarının yığıncağı keçirilib. Yığıncağa Erməni Apostol Kilsəsinin yeparxiyasının rəhbəri, arxiyepiskop Ezras sədrlik edib.

İclas iştirakçıları Laçın–Xankəndi yolunun girişində iyunun 15-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırıl­ması, sərhəd nəzarət-buraxılış məntəqə­sinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq təd­birləri öz xislətlərinə uyğun şəkildə şərh ediblər. Hadisənin məsuliyyətini Azər­baycanın üzərinə qoymağa çalışan hay­lar Qarabağda yaranmış “kritik vəziyyəti” pisləyiblər. Onlar bölgədə humanitar böh­ranın (?) hər ötən gün daha da ağırlaşdı­ğını, Ermənistandan Qarabağa qazın və elektrik enerjisi verilişinin kəsilməsinin (?)beynəlxalq hüquq baxımından müharibə­nin bir forması olduğunu bildiriblər.

Həmçinin qeyd olunub ki, iyunun 28-də Rusiya sülhməramlılarının məsuliyyət zonasında artilleriya və pilotsuz uçuş apa­ratlarının tətbiqi ilə baş vermiş və 4 Qa­rabağ hərbçisinin ölümü ilə nəticələnən “təcavüz aktı” Azərbaycanın Qarabağ məsələsini hərbi yolla həll etmək niyyətini bir daha təsdiqləyib. Bu şərtlər daxilində iclas iştirakçıları Vladimir Putinə müra­ciət etmək qərarına gəliblər. Müraciətdə Rusiya Prezidenti Qarabağ ermənilərini müdafiə etməyə, həmçinin Qarabağın blokadasının (?) aradan qaldırılması üçün səy göstərməyə və bölgə əhalisinin təhlükəsizliyinin və azad sosial-iqtisadi fəaliyyətinin təmin edilməsi üçün tədbirlər görməyə çağırılıb. Müraciəti imzalayanlar Putini əmin ediblər ki, onlar bu məsələlə­rin həlli üçün əllərindən gələni etməyə ha­zırdırlar (?).

Qeyd olunub ki, faşizmə qarşı Böyük Vətən müharibəsində kiçik “Qarabağ xalqı” (?) özünü qəhrəmancasına aparıb, on minlərlə oğul və qızını döyüş mey­danlarına göndərib, sovetlər ölkəsinə 34 Sovet İttifaqı Qəhrəmanı, 7 nəfər “Şöhrət” ordeninin tam kavalerini, minlərlə zabit, onlarca general və 5 marşal verib. Bildi­rilib ki, “neonasistlər” (?) bu gün “qəhrə­man xalqı” aclıqla, soyuqla, yoxsulluqla məhv etməyə çalışır, bütün ağlagələn və ağlasığmaz insan haqlarını tapdalayır, onları öz vətənlərini tərk etməyə məcbur etməyə, torpaqlarına sahib çıxmağa, “Art­saxın minillik xristian sivilizasiyasını məhv etməyə” çalışırlar. “Biz, bu müraciəti im­zalayan Rusiya vətəndaşları Sizdən xahiş edirik ki, 2020-ci ilin noyabrında Rusiya­nın könüllü olaraq qəbul etdiyi öhdəliklərə uyğun olaraq tarixi vətənimizi, Qarabağ ermənilərini qoruyasınız”, – müraciət bu sözlərlə bitir. Müraciəti 42 diaspor təşki­latı və 22 erməni əsilli Rusiya vətəndaşı imzalayıb.

***

Ermənilərin bütün tarixinin miflər üzə­rində qurulduğu heç kim üçün sirr deyil. Bəlkə də dünyada özünün keçmişini bu qədər bəzəyən, nağıllar, əfsanələr uy­duran, hər yerdə özünün izini axtaran başqa bir xalq yoxdur. “Dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan, hətta Nuh peyğəmbəri də az qala erməni çıxaran, onun gəmisinin Ağrı dağına yan alması ilə əsatirlər düzüb-qoşan hayların bu davranışı artıq bizi təəccübləndirmir. Buna baxmayaraq, onların yalanlarını cavabsız buraxmaq bu yalanları qəbul etmək demək olardı. Odur ki, gəlin, ermə­nilərin V.Putinə müraciətindəki yalanlara cavab verək.

Əvvəla, qeyd etmək lazımdır ki, Azər­baycan elə ermənilərin V.Putinə müra­ciətdə haqqında bəhs etdikləri sərhəd nəzarət-buraxılış məntəqəsini beynəlxalq hüquqa uyğun olaraq öz ərazisində yara­dıb. Bu məntəqədən erməni əsilli Azər­baycan vətəndaşlarının Qarabağ iqtisa­di rayonuna və Ermənistana giriş-çıxışı normal məcrada baş tutub. İyunun 15-də baş verən hadisədən sonra bu təxribatın səbəblərinin araşdırılması, sərhəd nə­zarət-buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən müva­fiq tədbirlər həyata keçirilir. Bu tədbirlərin blokada kimi qələmə verilməsi əsassızdır, Azərbaycana böhtan atmaqdır. Üstəlik, ermənilər beynəlxalq hüquqdan danışır­larsa, beynəlxalq hüquqa görə, Qaraba­ğın dağlıq hissəsi də, aranı da Azərbayca­nın ərazisidir. Bütün dünya Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyır. Hətta, Ermənistanın baş naziri Nikol Pa­şinyan da may ayında Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazidə suverenli­yini tanıdığını, bura Qarabağın da daxil olduğunu bildirib. Belə olan təqdirdə er­mənilərin beynəlxalq hüquqdan danışma­sı riyakarlıqdır.

Ermənilərin digər yalanı iyunun 28-də baş verən hadisələrlə bağlıdır. Məsələ ondadır ki, rəsmi İrəvan Qarabağda ordu­sunun olmadığını iddia edir. Ancaq həmin gün məhv edilən yaraqlılardan ikisi Ermə­nistan vətəndaşı idi və onların meyitləri Laçın yolundakı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçirilməklə Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri ilə İrəvana aparıldılar. Bununla bağlı inter­netdə videogörüntülər də var. Məlumata görə, onlar İrəvanda döyüşlərdə həlak olanların dəfn edildikləri Yerablur qəbiris­tanlığında torpağa gömülüblər.

***

Müraciət müəllifləri yalançı olduqları qədər hiyləgərdirlər. Onların Prezident V.Putin, bütün Rusiya xalqı və iqtidarı üçün həssas olan Böyük Vətən mühari­bəsi, faşizm-nasizm və neonasizm möv­zusundan sui-istifadə etməyə çalışmaları bu hiyləgərliyin göstəricisi sayıla bilər. Bu məsələdə də onlar yalan danışıblar. Bö­yük Vətən müharibəsində Azərbaycan vətəndaşı olan 23 erməni əsilli şəxs So­vet İttifaqı Qəhrəmanı adına layiq görü­lüb. Onlar təkcə Qarabağda yaşamayıb­lar. Bakıda, Gəncədə, Şamaxıda və digər bölgələrimizdə yaşayıblar. Üstəlik, onlar Azərbaycanın siyahısı ilə bu ada layiq gö­rülüblər. Yəni, beynəlmiləl Sovet İttifaqın­da onların erməni kimliyi əsas məsələ deyildi. Qarabağdan 5 nəfərin marşal rütbəsinə layiq görülməsi iddiası isə non­sensdir. Azərbaycanda yaşayan ermə­nilərdən 3 nəfər marşal, 1 nəfər isə admi­ral rütbəsinə layiq görülüb. Onlardan biri də şəxsiyyəti ilə bağlı ziddiyyətli məlumat­lar mövcud olan aviasiya marşalı Sergey Xudyakovdur (Armenak Xanferyants). Bu həmin Xudyakovdur ki, Mancuriyadan Moskvaya göndərilən bir təyyarə qızılın oğurlanmasında ittiham olunaraq 1945-ci ilin dekabrın 14-də Çitada həbs edilib. O, Moskvaya aparılıb dövlətə xəyanətdə itti­ham olunub. Məhkəmə 1950-ci ilin aprelin 18-də Xudyakovu əmlakı müsadirə olun­maqla edam cəzasına məhkum edib və elə həmin gün güllələnib. İndi ermənilər V.Putini aldatmağa cəhd edə bilərlər, ancaq əminik ki, Rusiya Prezidenti köməkçilərin­dən bu barədə məlumat istəsə, həqiqətlər ona çatdırılacaq.

Neonasizm mövzusu da ruslar üçün çox həssasdır. Ancaq Rusiya rəhbərliyi onu da çox yaxşı bilir ki, müharibə illə­rində nasistlərə əlaltılıq edən Qaregin Nj­deyə İrəvanın mərkəzində qranitdən hey­kəl məhz “qədim və sivil xalq” tərəfindən ucaldılıb.

Qarabağın “qədim erməni torpağı” olması iddiasına gəldikdə isə yalnız bir faktı qeyd etmək lazımdır. Ermənilərin Qarabağa köçürülməsini sübut edən ta­rixi mənbələrdən biri “Marağa–150” abi­dəsidir. Tərtər rayonunun Şıxarx qəsə­bəsindəki “Marağa–150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Ma­rağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərə­findən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Bu baxımdan əminik ki, ermənilərin yalan­larla dolu daha bir müraciəti havada qa­lacaq. Qarabağla bağlı bütün məsələlər, burada baş verən hər şey Azərbaycanın daxili işidir və ona qarışmaq yolveril­məzdir. Qarabağdakı, Ermənistandakı, Rusiyadakı, eləcə də dünyanın digər yer­lərindəki bütün ermənilər bunu birdəfəlik yadda saxlamalıdırlar.

Aydın QULİYEV, 

politoloq

– Azərbaycan 44 günlük Vətən mü­haribəsində dünya erməniçiliyinə, er­məni separatizminə və lobbiçiliyinə elə zərbə vurub ki, onlar bu gün güclü hesab etdikləri dövlətlərin paytaxtlarında hər qapıya baş vurub ölkəmizin qələbəsinin təsirindən çıxmağa çalışırlar. Bugünlərdə Rusiyadakı erməni diaspor təşkilatları­nın Vladimir Putinə etdiyi, başdan ayağa böhtan və iftiradan ibarət olan bəyanatına bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Eləcə də ABŞ-dakı erməni təşkilatları Prezident Co Baydenə müraciət ediblər. Ermənilərin bu iki dövlət başçısına ün­vanladıqları müraciətlər mahiyyətcə və məzmunca oxşardır və sanki bir yerdə hazırlanıb. Sadəcə olaraq, sözlər və bəzi cümlələr fərqlidir. Hər iki halda Azərbay­canın 44 günlük müharibədə Ermənista­na vurduğu zərbələrin təsirini zəiflətmək cəhdindən, ölkəmizin müharibədən sonra yaratdığı yeni reallıqların inkarından söh­bət gedir. Bu müraciətlərdə söhbət erməni xalqının mənafeyindən getmir, təcavüz­kar erməniçilik ideologiyasının maraq­ları çərçivəsində müəyyən hədəflərə nail olmaqdan gedir. Rusiyada və ABŞ-da erməni diasporu, erməni xalqının adın­dan danışmaq istəyən dini konfessiyalar eyni yoldadırlar. Məqsədləri Azərbayca­na böhtan atmaq və müharibədə uduzaraq bu gün Cənubi Qafqazda və dünyada ifşa olunmuş sifətlərini yenidən bərpa etmək, itirdikləri mövqeləri geri qaytarmaqdır. Ancaq bunların heç bir perspektivi yox­dur.

 

Səxavət HƏMİD,

“Xalq qəzeti”



Siyasət