Dünya bir daha əmin oldu ki, Azərbaycan tək deyil

post-img

Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq, qətiyyətli bəyanat­ları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilmə­si üçün önəmli rol oynayır.”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün dünyada gedən ictimai-siyasi proseslər, ədalətli-ədalətsiz müharibələrin davam etməsi, mövcud münaqişələrin həllinə münasibətdə ikili standartın fəsadları, yeni münaqişə ocaqlarının yaradılması vəziyyəti daha da mürəkkəbləşdirir. Politoloq və konfliktoloqlar açıq şəkildə narahatlıq ifadə edirlər ki, hegemonluq etmək istəyənlərin hikkələri planetimizi ağır qarşıdurmalara doğru aparır. Ona görə də hər bir dövlət özünün təhlükəsiz sabahı üçün lazım olan addımları atır, daha mükəmməl variantlar üzərində işləyir. 

Biz məmnunuq ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar öz müsbət nəticələrini verməkdədir. Bizim xarici siyasətimiz ona görə birmənalı şəkildə uğurlar qazanır ki, dövlətimiz işğalçılıq, ilhaqçılıq, separatizm, terrorçuluq, təx­ribatçılıq, haqsızlıq, ədalətsiz mövqe tutmaq kimi bəd əməllərdən uzaqdır. Ona görə də dövlətimizin nüfuzu, lide­rimizin reytinqi gündən-günə artır. Yük­sək nüfuzlu ölkələrin dostları isə hə­mişə çox olur. Geridə qalan ay yarımda Bakıda səfərdə olmuş onlarca xarici ölkə siyasətçilərinin hamısı bəyan et­mişdir ki, Azərbaycan bizim sınanmış müttəfiqimiz, sədaqətli dostumuzdur. Bu qısa yazıda həmin çoxsaylı siyasət­çilərin üçünün Bakı səfəri zamanı mü­zakirə edilən məsələlərdən söz açmaq istəyirik. 

Türkiyə hər zaman Azərbaycanın yanındadır 

Bu il iyunun 13-də dövlət başçı­mızın Bakıda dost və qardaş ölkənin rəhbəri – Türkiyə Cümhuriyyətinin Pre­zidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında əmin olduğunu bildirdi ki, bu seçkilərdən sonra Tür­kiyə–Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır: “İki gündən sonra biz Şuşa Bə­yannaməsinin ikinci ildönümünü qeyd edəcəyik. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müt­təfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması, təbii ki, rəmzi xa­rakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olun­ması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bil­dirmək istəyirəm”.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatında da müdafiə məsələləri gündəlikdəki əsas istiqamətlərdən biri idi. Qardaş ölkənin lideri xatırlatmışdı ki, bizim müdafiə sənayesi sahəsində atılacaq addımlarımız da böyük əhə­miyyət kəsb edir: “Bu sahədə atacağı­mız addımlarla birlikdə bu işin müda­fiə sənayesi hissəsi ilə yanaşı, təhsil məsələsində də üzərimizə düşən və­zifələr var. Bu vəzifələri bu günə qədər necə yerinə yetirmişiksə, bundan sonra da eyni qaydada həyata keçirməkdə da­vam edəcəyik”.

Ancaq cənab Ərdoğanın həmin mətbuat konfransında səsləndirdiyi başqa bir məqam da var idi ki, onu dün­ya azərbaycanlıları heç zaman unuda bilməyəcək: “Şuşa Bəyannaməsinin müddəalarını da, İnşallah, bundan son­ra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik”. Doğrudan da Azərbaycan tək deyil və qardaş ölkənin dövlət başçısı bir daha xəbərdarlıq edir ki, biz Azərbaycanla müttəfiqlik zəminin­də üzərimizə götürdüyümüz öhdəlikləri heç kəsə, heç bir güzət etmədən yerinə yetirəcəyik.

Şahbaz Şərif: Mən dövlət bayrağımızı Bakının küçələrində də gördüm 

Azərbaycanın haqq işini, ərazi bü­tövlüyünü və ədalətli mövqeyini təkcə 44 günlük İkinci Qarabağ müharibəsin­də deyil, ümumiyyətlə, daim dəstək­ləyən ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Bu ölkənin rəsmiləri daim, heç kəsdən çəkinmədən, qətiy­yətli şəkildə bəyan ediblər ki, İslama­bad istənilən anda, istənilən məsələdə Bakıya kömək etməyə hazırdır. Əslində, bu fikirlər Azərbaycanla təhdid dilində danışmaq istəyənlərə ünvanlanmış xə­bərdarlıq kimi qəbul edilməlidir. 

Bu il iyunun 15-də – Azərbaycan xalqının Qurtuluş günü Bakıda, Azər­baycan Prezidenti İlham Əliyevlə bir­likdə mətbuata bəyanatla çıxış edən Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif xatırlat­mışdır ki, Pakistan hər zaman Azərbay­canın ərazi bütövlüyünü dəstəkləmişdir: “Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstək­ləmişik. Sizin Ordunuz çox cəsarətlə döyüşərək, Qarabağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa et­mişdir. Pakistan Azərbaycanı hər za­man dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və biz bunu həyata keçirdik”.

Azərbaycan əhalisi dost ölkənin Baş nazirinin Ermənistanla münasibətlər barədə səsləndirdiyi fikirləri müasir ta­riximizin dəyərli səhifələrindən biri kimi qəbul edir: “Məmnunam ki, Ermənistanla sülh sazişi üzərində artıq danışıqlar ge­dir. Bildiyiniz kimi, Pakistan Ermənistan­la diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir. Siz yalnız Ermənistanla sülh sazişini imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yeni­dən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəklə­yirik”. Eşq olsun! – deməkdən başqa bir söz tapmaq olmur. 

Ancaq dövlət başçımızın sözü hə­mişə var. Azərbaycan Prezidenti pakis­tanlı qonağa xatırlatmışdır ki, bu, qardaş mövqeyidir, buna görə biz minnətdarıq: “Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siya­si dəstək nümayiş etdirdi”.

Dövlət başçımız əlavə etmişdir ki, Azərbaycanla Pakistan arasında mü­dafiə sənayesi sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərin sayının artırılması məsələsi müzakirə edilir və buna ehti­yac var: “Çünki dünyada vəziyyət dəyi­şir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”.

İsrail Azərbaycanın təhlükəsizliyinə xüsusi töhfələr verir

Zaman sübut edib ki, nəinki birba­şa hərb meydanlarında, hətta gündəlik həyatda, mülki məsələlərdə də müasir texniki vasitələrsiz keçinmək mümkün deyil. Hətta indi kiber müharibələr, kiber müdaxilələr və kiber təhlükəsizlik kimi anlayışlar dövlətlərin gündəlik həyatın­da ən çox müzakirə olunan məsələlər­dən birinə çevrilib. Azərbaycanın bu sahədəki tələbatının ödənilməsinə yaxından kömək edən ölkələrdən biri də İsrail Dövlətidir. İllərin təcrübəsi sübut edib ki, heç bir dövlət Azərbaycan – İs­rail münasibətlərinin inkişaf etməsinə mane ola bilmir. 

Bu il mayın 30-da Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İshak Her­soq Bakıda mətbuata bəyanatlarla çıxış edərkən dövlət başçımız xatırlatmışdır ki, bu yaxınlarda əməkdaşlığa başladı­ğımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq: “Bu gün ar­tıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin tə­limi və tədrisi də məqsədlərimizə nail ol­maq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”.

Dövlət başçımız təhdidlərdən da­nışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istədiyini bildirib: “Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyə­timizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”.

Sonda bir daha xatırladaq ki, ötən ay Türkiyə, Pakistan və İsrailin dövlət baş­çıları növbəti dəfə bəyan etdilər ki, Azər­baycan beynəlxalq aləmdə tək deyil. 

 

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti”

Siyasət