Mövzumuz Qarabağın erməni əhalisi üçün qaz nəqli barədədir. Məlumdur ki, Ermənistandan Xankəndiyə qazın verilməsi ilə dayandırılması bir oldu. İndi bölgənin separatçı rejimi, eləcə də İrəvandakı ayrı-ayrı siyasilər məsələ ətrafında ajiotaj yaradırlar.
Humanitar fəlakət və sair bu kimi ağlaşmalarını yenə də bir-birinə calamaqdadırlar. Yeri gəlmişkən, bu “prosesə” xaricdən də dəstək var. Söhbət Avropa Parlamentinin fransalı deputatı Natali Luazonun qopardığı qara-qışqırıqdan gedir. Qeyd edək ki, xanım Luazo bu istiqamətdə xeyli püxtələşmiş kadrdır. O, əvvəllər də Azərbaycan-Ermənistan münasibətləri, o cümlədən Qarabağ kontekstində aşkar ermənipərəstlik nümayiş etdirib. İndi də özünü ermənilərə “qaz buraxmaqda” sınamaq qərarına gəlib.
Xanım Luazonun “məqsədini” reallaşdırmaq üçün “qazı” o qədər çox olub ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı ittiham etmək qərarına gəlib. O, cənab Klaara nə deyib, bu barədə söz açacağıq. Hələlik Klaarın avropalı parlamentarini özündən çıxaran fikirlərinə diqqət yetirək.
Ancaq əvvəlcə haşiyə çıxaq ki, T.Klaar son vaxtlar çalışdığı sahədə, bir növ, var-gəl etməklə məşğuldur. Adam özünü təmizlik işi görərkən dağıtdığı hörümçək yuvasının şəklini çəkib sosial şəbəkə hesabında paylaşan evdar xanımlar kimi aparmaqdadır. Bakıya və İrəvana səfərlərini, eləcə də bölgə ilə bağlı hər hansı durumu “Twitter” hesabında elə göstərir ki, sanki nəyisə həll edəndir, yaxud hansısa məsələnin həlli ondan asılıdır. Halbuki, farmazonluq edir. İndi də Ermənistandan Xankəndiyə qaz nəqlinin bərpasında Klaara aid heç nə yoxdur. Adam sevinib və sevincini bölüşüb: “Bu səhər Xankəndi/Stepanakert şəhərinə qazın verilişinin bərpa olunduğunu oxumaq xoş oldu”.
“Əminsiniz, Toivo Klaar? Siz əminsiniz ki, Dağlıq Qarabağa qaz nəqli stabildir və hələ də davam edir? Laçın dəhlizi tam blokadada olduğu halda, oxumaq xoşdurmu? Xankəndi adı işlədilməlidirmi? Avropa Parlamenti xəbərləri oxumaq yox, hərəkətə keçməyinizi istəyir. Onlar blokadaya düşmüş mülki şəxsləri dəstəklədilər və bu dəhşətli vəziyyətə görə məsuliyyət daşıyanları sevindirmək üçün hərəkət etmədilər”. Bu fikirlərin müəllifi olan ermənilərin “nənəsi” Luazonun Klaarı, necə deyərlər, ağ yuyub qara sərdiyi aşkardır. Əlbəttə, bunu özünəxas həyasızlıqla edir.
Sən demə, Luazonu Klaarın Xankəndini öz adı ilə yazması qıcıqlandırıb. Əlbəttə, qoca ləçərin əsəbləşib ağzına gələni danışmasında təəccüblü heç nə yoxdur. Əsl məsələ T.Klaarın yaratmaq istədiyi balansdadır. Guya, “Xankəndi/Stepanakert” yazmaqla tərəfsizlik edir. Təkcə xüsusi nümayəndə yox, bölgədə sülh yaratmaq üçün səy göstərdiklərini, iş gördüklərini bildirən, bunu Azərbaycanın və Ermənistanın ictimai rəyinə sırımaq istəyənlər anlamırlar ki, belə balans yaratmalar yekun nəticədə erməni avantürizminə qol-qanad verir, ümumən, erməni siyasi dairələrinin və iqtidarının illüziyalara qapılmalarına, reallıq hissini itirmələrinə gətirib çıxarır.
Əlqərəz, Klaar Xankəndiyə qaz verilməsinin bərpasını “əsl Bakı–Stepanakert/Xankəndi dialoqu” ilə əlaqələndirib. Onun məntiqini anlamaq həm çətindir, həm asan. Asandır ona görə ki, adam beynəlxalq hüququ saymazdan gəlir. Nəzərə almır ki, Azərbaycan ərazisində Stepanakert adlı şəhər yoxdur. İkincisi, Klaar Azərbaycanın gündəmində Qarabağ ermənilərinin reinteqrasiyası məsələsinin olduğunu unudur. Yəni, onun dialoq məntiqi yersizdir. Həm də o səbəbdən yersizdir ki, nəzəri baxımdan dialoq iki tərəf arasında aparılır. Bakı Qarabağ ermənilərini tərəf yox, vətəndaş kimi görür. Əlbəttə, onlar da özlərini vətəndaş sayırlarsa...
Digər tərəfdən, ölkəmiz Qarabağın hay əhalisinin uzun müddət mərkəzi hakimiyyətdən kənarda qaldığını, separatçılara görə bölgəyə vətəndaş sahibliyindən uzaq düşdüyünü, fikirlərinin nəzərə alınmadığını, real problemləri gördükləri halda, həmin problemlərin həllinə yaxın buraxılmadığını düşünür və bu əhalinin köməyi, təklif və təşəbbüsləri ilə ərazinin dirçəldilməsi imkanlarını öyrənmək istəyir. Əslində, reinteqrasiya Qarabağ erməniləri üçün insan olaraq yaşamaq şansıdır, dəyərdir. Klaar və qeyri-klaarlar bilməlidirlər ki, bu, ölkəmizin şans şkalası üzrə irəli sürdüyü ən böyük göstəricidir.
Ancaq Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsinin söylədiklərinə başqa rakursdan da baxaq. Əslində, onun Xankəndiyə qaz nəqlinin bərpası ilə, hətta qəbuledilməz olduğu halda belə, irəli sürdüyü dialoq məntiqi arasında paralellər aparmasında müsbət məqam var. Klaar fikrini belə ifadə etməklə göstərmək istəyir ki, Qarabağ ermənilərinin bölgədə yaşamaları sosial təminatdan keçir. Deməli, qaz varsa, həyat var. Müvafiq olaraq, qaz yoxdursa, həyat da yoxdur. Həyatı təmin edən, daha doğrusu, etməli olan isə Azərbaycandır, Ermənistan yox.
Klaarın günün məyusluqla bitdiyini bildirməsi müsbət haldır. Çünki əvvəldə də vurğuladığımız kimi, Xankəndiyə qaz verilişinin ömrü cəmi bir gün çəkdi. Ancaq nə separatçılar, nə də Qarabağ erməniləri bundan nəticə çıxarmadılar. Əvəzində toy-bayram etməyə, məsələni Bakının, guya, geri çəkilməsi xüsusunda tirajlamağa başladılar. Klaarın məyusluq ifadəsi fonunda dialoqdan söz açması isə o deməkdir ki, Qarabağ erməniləri yaşamaq istəyirlərsə, Bakının prinsipləri ilə ayaqlaşmalıdırlar. Görünür, fransalı parlamentari xanım Luazo da Aİ təmsilçisinin bu subliminal mesajını anladığından, ona əsəbləşib.
Ancaq o da görünür ki, məsələnin mahiyyətini Luazodan başqa kimsə dərk etmək istəmir. Yəni, söhbət Qarabağ erməniləri və bölgənin separatçı rejimindən gedir. Onlar anlamırlar ki, Azərbaycan heç bir halda Ermənistanın Qarabağ bölgəsini qazla və digər sosial məsələlərlə davamlı təminatına icazə verə bilməz. Bir halda ki, Qarabağa qaz axınının krantı, ölkəmizin əlindədir, deməli, bundan siyasi təzyiq vasitəsi kimi yararlanmaq da mümkündür. Axı, separatçı rejim və havadarları hələlik Bakının Xankəndiyə qaz təchizatının reallaşdırmasını, habelə digər zəruri ehtiyaclarının qarşılanmasını əngəlləyirlər. Özlərinin sarsaq məntiqlərinə söykənib bölgənin, guya, blokadada olduğunu bildirirlər. Bir halda ki, blokada vay-şüvəni onsuz da gündəmdədir, o zaman daha yaxşısı odur ki, separatçı rejimə əsl blokadanın necə olduğu göstərilsin.
Bəli, bir halda ki, Azərbaycanın adını onsuz da bədnam göstərirlər, deməli, ölkəmizin bu ada uyğun hərəkət etməsində problem yoxdur. Belə görünür, Bakı əlini bala batırıb Qarabağ ermənilərinin ağzına dürtsə də, separatçı rejim bunu zəhər kimi qarşılayacaq. O zaman gerçək zəhəri dadmaları daha doğru deyilmi? Dadsınlar və məcbur olub düz yola gəlsinlər, yaxud da bölgədən rədd olub getsinlər. Necə ola bilər ki, Bakı Qarabağın təminatına şərait yaratsın, separatçılar isə bundan yararlanıb təxribatlar törətsinlər? Halbuki bunu edir və Qarabağın sadə ermənilərinin həyatlarını düşünməyəcək qədər azğınlaşırlar.
Deməli, Azərbaycan Qarabağ ermənilərinə başa salmalıdır ki, onların insan kimi yaşamalarına maneçilik törədən kimlərdir. Məlumdur ki, Bakının yurisdiksiyasının qəbulu problemlərin aradan qalxmasıdır. İndiki halda ölkəmizin suverenliyinə təhdid var və onun qarşısı mümkün vasitələrlə alınmalıdır. Təhdid müharibədir, müharibədə isə bütün rıçaqlardan istifadə keçərlidir. O cümlədən, qaz nəqlini dayandırmaq da...
Bəli, Qarabağ erməniləri vəziyyəti tam dərk etməlidirlər. Bilməlidirlər ki, hazırkı durumda onlar separatçıların əlində alətə çevriliblər. İkincilər birincilərin yaşam hüquqları üzərində manipulyasiya edir ki, avantürizmlərini sürdürsünlər. 1988-ci ildə də erməni millətçiləri eyni qaydada davranmışdılar. O zaman sadə ermənilər buna qarşı səslərini çıxarsaydılar, özlərini kütlə kimi aparmasaydılar, nə Azərbaycan torpaqlarının işğalı yaşanardı, nə müharibə, nə də hazırkı durum.
İndi ədalətin təntənə anı yetişib. Qarabağ ermənilərinin şansı var ki, o anın tərkib hissəsi olub tarixə çevrilsinlər. Separatçılar isə cidd-cəhdlə onları özlərinin avantürizminin bir hissəsinə çevirmək niyyəti güdürlər. Bu, baş tutmasa, erməni xəstə təfəkküründəki saxta niskil ssenarisi işə düşə bilər. Soyqırımı, etnik təmizləmə kimi məsələlərin ortaya atılması isə “ermənilərsiz Qarabağ” formulunu reallaşdırmaq niyyətindən irəli gəlir. Erməni avantürizminə görə, əgər Qarabağda Azərbaycanın yurisdiksiyası bərpa olunacaqsa, o zaman bölgədə erməni qalmamalıdır. Onları fiziki cəhətdən məhv etmək isə haqqında söz açdığımız niskili yaratmaq üçündür. Məhz buna görə də etnik təmizləmə və soyqırımı məsələlərindən söz açırlar. Gerçəkliyə doğru addım atmaq istəyənlər isə Avropa Parlamentinin fransalı üzvü N.Luazo kimi ermənipərəstlər tərəfindən süngü ilə qarşılanır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

