Cənubi Qafqaz regionunda dağıdıcı rol oynayan, Azərbaycan torpaqlarını təxminən 30 il ərzində işğal altında saxlayan Ermənistan bu müddətdə ərazilərimizdə, sözün əsl mənasında, ağır cinayətlər törədib. Bu cinayətlərə mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin dağıdılması, saxtalaşdırılması və talan edilməsi (kultursid), ətraf mühitə və bio müxtəlifliyə zərər vurulması (ekosid), mülki əhalimizə, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törədilən əməllər... daxildir. Rəsmi İrəvan postmüharibə dövründə oxşar hərəkətləri başqa formada davam etdirir. Necə deyərlər, forma dəyişsə də, məzmun dəyişməyib.
Ermənistanın törətdiyi ekosid cinayətləri Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda iyulun 5-6-da Bakıda keçirilən nazirlər görüşündə toxunulan məsələlərdən biri oldu. Görüşdə çıxış edən Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bildirdi ki, işğal dövründə altmış min hektar meşəlik məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib. Dövlət başçımız qeyd etdi ki, Ermənistan indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir: “Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Bu konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir”.
Bəli, Ermənistan nəinki Azərbaycanın Naxçıvanla sərhədində transsərhəd ekoloji fəlakət törədir, həm də, bütövlükdə, onun dağ-mədən sənayesi Cənubi Qafqaz regionunda ekoloji sabitliyi ciddi şəkildə pozur. Məhz bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıblar. Məktubda baş nazirdən beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertləri, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açmaq, yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə və monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaratması tələb edilib.
“Həmçinin tövsiyə edirik ki, güvən, inklüzivlik və ortaq məsuliyyəti gücləndirmək istiqamətində dialoq və məsləhətləşmələr üçün əlverişli müvafiq platformalar yaradasınız. Mədən sənayesində şəffaflıq və hesabatlılığı təmin edərək, zəruri islahatlar həyata keçirib və hasilat sənayesi ilə bağlı vaxtında, etibarlı və hərtərəfli məlumatların açıqlanmasını təmin etmək üçün siyasi iradə və liderlik nümayiş etdirəsiniz”, – deyə məktubda vurğulanıb.
Vətəndaş cəmiyyəti təşkilatları Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionda, planetə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırıblar.
Məktuba imza atanlardan biri – “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov “Xalq qəzeti”nə açıqlamasında bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti mənsubları ötən ilin dekabr ayından Ermənistanın ekosid cinayətləri əleyhinə fəaliyyətlərini gücləndiriblər. Onun sözlərinə görə, 2022-ci dekabrından 2023-cü ilin aprelin 28-dək Laçın–Xankəndi yolunda etiraz aksiyası keçiriblər: “Bunun ardınca iyunun əvvəlində Ermənistanın iqtisadiyyat nazirliyi bizim tarixi torpağımız olan Arazdəyəndə (haylar Yerasx adlandırır-S.H.) böyük metallurgiya zavodu inşa etdirmək istəyirlər. Bunu da onlar beynəlxalq konvensiya üzrə öhdəliklərini pozmaqla həyata keçirirlər. 1991-ci ildə Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası (Espoo Konvensiyası) qəbul edilib. Onlar bu konvensiyaya uyğun olaraq, müəssisənin tikilməsi zamanı məsələni mütləq Azərbaycanla da razılaşdırmalı idilər. Ancaq, təəssüf ki, bunu etməyiblər. Həm buna etiraz olaraq, həm də ümumiyyətlə, Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlığımızı ifadə edən açıq məktubu Nikol Paşinyana ünvanladıq.
Məktubda Ermənistan rəhbərliyini regionda ekosistemi ciddi şəkildə korlayan 11 müəssisənin fəaliyyətini dərhal dayandırmağa çağırdıq. Bunlar Qacarandakı mis-molibden kombinatı, Qafandakı dağ-mədən kombinatı, Əkərək (Aqarak) mis-molibden kombinatı, Azərbaycanla sərhəddə yerləşən Zod yatağı, Göyçə mahalındakı Daşdəm (Daşdam) qızıl mədəni, Lori vilayətindəki Axtala mədəni, Qafan manqan zavodu, Ellərdə (Kotayk) mis, sink və qurğuşun istehsal edən metallurgiya zavodu, Göyçə misəritmə zavodu, Amuldağ (Amulsar) qızıl yatağı və Arazdəyəndə ekoloji normaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisidir. Bu zavodların bir çoxu müxtəlif Qərb dövlətlərinin investisiyası ilə inşa olunub. Məktubda bu zavodların Cənubi Qafqaz regionunun ətraf mühitinə necə mənfi təsir göstərdiyi ilə bağlı faktları qeyd etmişik. Eyni zamanda, bu müəssisələrin fəaliyyətinin monitorinqinə azərbaycanlı ekspertlərin də cəlb edilməsini, yaxud başqa ölkələrdən bitərəf qurumların mütəxəssislərinin orada monitorinq keçirməsinə razılıq verməsini tələb etmişik. Ümid edirik ki, tələbimiz nəzərdən keçiriləcək və bununla bağlı mövqe bildiriləcək”.
Amin Məmmədov qeyd edib ki, onlar hələlik N.Paşinyana açıq məktub ünvanlayıblar. Əgər müvafiq tədbir görülməsə, Ermənistanın öhdəliklərini yerinə yetirmədiyi konvensiyaların katibliklərinə də müraciət edəcəklər: “Bizə dəstək olmaları üçün digər ölkələrin qeyri-hökumət təşkilatlarının diqqətini bu məsələyə cəlb etməyi planlaşdırırıq”.
***
Açıq məktubun müəlliflərindən olan “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, burada məqsəd Ermənistanda dağ-mədən sənayesində aparılan işlərdə ətraf mühitə ciddi ziyan vurulması hallarına diqqəti yönəltməkdir. Bu ölkədə aparılan dağ-mədən sənayesi işləri heç bir hesabatlılığa malik deyil və şəffaflıq gözlənilmir: “Qeyri-şəffaf şəkildə işlər aparılır və eyni zamanda, ekologiya ilə bağlı bütün beynəlxalq norma və standartlar pozulur. Bu da Cənubi Qafqaz bölgəsi əhalisinin hüquqlarının pozulması deməkdir. Dağ-mədən sənayesi işləri həm Cənubi Qafqaz dağlarına təsir göstərir, aşınmaya səbəb olur, həm də buradan keçən çayları çirkləndirir. Belə ki, dağ-mədən sənayesində işlər nəticəsində kombinatlardan atılan ağır metal tullantılar çayları zəhərləyir. Bunlar transsərhəd kontekstə malik çaylardır. Eyni zamanda, Ermənistanın dağ-mədən sənayesi Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur”.
Pərvanə Vəliyeva qeyd edib ki, sadalanan faktlar hələ törədilmiş ekoloji fəlakətlərin görünən hissəsidir, ictimaiyyətdən gizlədilən faktlar daha çoxdur: “Təsadüfi deyil ki, bir müddət öncə Ermənistanda fəaliyyət göstərən 60-dan çox vətəndaş cəmiyyəti təşkilatı Paşinyana müraciət ünvanlayaraq xəbərdarlıq ediblər ki, Amuldağ (Amulsar) mədəninin işi ətraf mühitə böyük ziyan vuracaq və buna görə də Ermənistan hakimiyyəti onun fəaliyyətini bərpa etmək qərarını ləğv etməli, prokurorluq isə mədənin ətraf mühitə təsiri ilə bağlı ekspertizanın nəticələrini yoxlamalıdır. Lakin Ermənistan hökuməti regionun şirin su ehtiyatına təsir göstərə biləcək dağ-mədən sənayesinin təşkilində qonşu kəndlərdə yaşayan gürcü, azərbaycanlı və o cümlədən ermənilərin bu günədək rəylərini, fikirlərini nəzərə almayıb və onları ətraf mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib”.
Əlbəttə, hələlik Ermənistan baş nazirinin Azərbaycan QHT-lərinin bu açıq məktubuna necə reaksiya verəcəyi məlum deyil. Amma müraciətin özü ən azı beynəlxalq ictimaiyyətin diqqətini Hayastanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ciddi ekoloji fəlakət yaratmasına çəkmək baxımından mühüm əhəmiyyət daşıyır. Bəyanatın ruhundan hiss olunur ki, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları da hayların çoxdan qana bulaşmış əllərini içməli su mənbələrindən çəkmələrini tələb edirlər. Və bu tələb elə saf suyun özü qədər təbiidir.
Səxavət HƏMİD,
“Xalq qəzeti”