Azərbaycanın qeyri-hökumət təşkilatları Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin baş naziri Nikol Paşinyana müraciətində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlıq ifadə olunur.
Ölkəmizin ekologiya və sağlamlıq sahəsində fəaliyyət göstərən 24 vətəndaş cəmiyyəti qurumu rəhbərinin imzaladığı sənəddə bildirilir ki, davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir: “Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır. Biz beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dərhal dayandırılmasını tələb edirik. Biz Ermənistandakı mədənlərdə hasilat ilə məşğul olan bütün maraqlı tərəfləri, xarici şirkətləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və onları əməliyyat təcrübələrinə inteqrasiya etməyə çağırırıq”.
Müraciətdə Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyduğu vurğulanır, bu ölkənin regionda ekosistemi ciddi şəkildə korlayan 12 müəssisənin fəaliyyətini dərhal dayandırması tələb olunur: “Biz Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza, planetimizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırırıq”.
“Xalq qəzeti”