Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın tələbini rədd etdi

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarı ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, 6 iyul 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsi irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini yekdilliklə rədd edib.

XİN-in məlumatında qeyd edilir: “Biz məhkəmənin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın sərhəd nəzarət- buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən qərarını alqışlayırıq. Beləliklə, Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi çıxılmaz vəziyyətdən fikri yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycanın Laçın yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur. Qeyd edilən çərçivədə, bu qərar Azərbaycanın təhlükəsizliyini və sülh perspektivlərini təhdid edən Azərbaycanın suveren ərazisinə qeyri-qanuni olaraq silah, hərbi texnika və hərbçilərin axınının dayandırılması zərurətindən irəli gəlirdi”.  

Azərbaycan XİN-in məlumatında daha sonra deyilir ki, sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılandan bəri erməni əsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda sərhəd nəzarətinin ayrı-seçkilik olmadan həyata keçirildiyi sərhəd buraxılış məntəqəsindən keçməkdədirlər.   

Məlumat bu sözlərlə yekunlaşır: “Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməkdədir. Azərbaycan Ermənistanın beynəlxalq hüququn davamlı şəkildə və tarixi ağır pozuntularına görə məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək”.

“Xalq qəzeti” 

 

Siyasət