Azərbaycandakı dini konfessiya rəhbərləri iyunun 28-də İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılması ilə bağlı bəyanat yayıblar. Qafqaz Müsəlmanları İdarəsindən redaksiyamıza daxil olan sənəddə deyilir:
“Biz, Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, yəhudi, katolik və alban-udi konfessiyalarının rəhbərləri iyunun 28-də İsveçin paytaxtı Stokholmda, məscidin yaxınlığında polisin himayəsi ilə müsəlmanların müqəddəs Kitabı – Məhəmməd (s) Peyğəmbərlə yanaşı, İbrahim, Musa, İsa və Müqəddəs Məryəm ananın zikr olunduğu Qurani-Kərimin həqarət olunaraq yandırılması aksiyasını islamofobiya təxribatı və vəhşi vandalizm aktı kimi qiymətləndirir və bu iyrənc hadisəni qətiyyətlə pisləyirik.
Qeyd etməliyik ki, görünməmiş islamofobiya təzahürləri özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransadan başlamışdır. Məhz Fransanın çirkin nümunəsindən ruhlanan bir sıra əqidəsiz şəxslərin hərəkətləri nifrətə çağırış, insanların əqidəsinə və ləyaqətinə qarşı mənəvi cinayət kimi inanclı insanlar tərəfindən qınanmışdır”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin, Azərbaycanda Katolik Kilsəsinin Prefekturasının prefekti Yepiskop Vladimir Feketenin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiyin, Bakıdakı Avropa Yəhudiləri İcmasinin rəhbəri Aleksandr Şarovskinin, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobilinin imzaladıqları bəyanatda istər Qurani-Kərimin, istər Tövrat və İncilin və ya hər hansı digər dini kitabın və atributların aşağılanması və təhqir olunması insanlar arasında nifaq və qarşıdurma yaradan cinayət kimi dəyərləndirilir: “Xüsusilə kilsədə, məsciddə, sinaqoqda və digər dini məkanlarda törədilən hər hansı zorakılıq aktları - bütün dünya dinlərinə qarşı yönəldilən cinayət tərkibli təcavüzdür”.
“Xalq qəzeti”