Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Prezident İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdəki çıxışına reaksiya verib. O, dövlətimizin başçısının Qarabağdakı separatçı rejimin başçılarının təslim olacaqları təqdirdə onlara amnistiya şamil oluna biləcəyinə dair fikirlərini alqışlayıb.
Separatçıların isə Millerin mövqeyinə münasibətdəki hiddəti keçmək bilmir. “Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən şadıq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülh əldə edilə bilər. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyini alqışladıq və Prezident İlham Əliyevin amnistiyanı müzakirə etmək istəyi ilə bağlı son bəyanatlarını alqışlayırıq”, – deyə mayın 29-da ABŞ xarici siyasət idarəsinin sözçüsü bildirmişdi.
Ötən yazımızda da qeyd etdiyimiz kimi, bu bəyanat, son həftələr ərzində separatçıların necə deyərlər, yuxuların ərşə çəkilməsinə səbəb olub. Bu da səbəbsiz deyil. Çünki haylar Meytu Millerin amnistiya ilə bağlı fikirlərinin onun şəxsi düşüncəsi olmadığını aydın dərk edirlər. Bu, müasir dünyanın superdövləti hesab olunan ABŞ-ın mövqeyidir. Üstəlik, nəzərə almaq lazımdır ki, hazırda Birləşmiş Ştatlarda Demokratlar Partiyası hakimiyyətdədir. 2020-ci il noyabrın 3-də keçirilmiş prezident seçkisinin nəticəsinə görə, Co Bayden prezident, Kamala Harris vitse-prezident seçilib. Eyni gündə Konqresə seçkilərdə demokratlar Nümayəndələr Palatasında və Senatda çoxluq əldə ediblər. Düzdür, 2022-ci ilin noyabrın 8-dəki seçkidə Respublikaçılar Partiyası Nümayəndələr Palatasında üstünlük qazanıb, amma demokratlar Konqresin yuxarı palatasına nəzarəti öz əllərində saxlayıblar. Dövlət Katibi Antoni Blinken də demokratdır. Demokratlar hər zaman respublikaçılarla müqayisədə daha ermənipərəst mövqedə olmaları ilə seçiliblər. Bu istiqamətdə saysız-hesabsız nümunələr gətirmək mümkündür. Ancaq onlardan yalnız ikisini qeyd etsək, zənnimizcə, mənzərə tam aydın olar. ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən bədnam 907-ci düzəliş 1992-ci ildə demokratların təşəbbüsü ilə qəbul edilib. Onun müəllifi sonralar (2013–2017-ci illərdə) dövlət katibi olmuş Con Kerridir. Digər məqam demokratların uydurma “erməni soyqırımı” ilə bağlı məsələyə hər zaman xüsusi canfəşanlıqla yanaşmalarıdır. Təsadüfi deyil ki, ABŞ prezidentləri arasında 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri ilk dəfə “soyqırımı” adlandıran demokrat Co Bayden olub. O, 2021-ci ilin aprelin 24-də bu sözü deməklə həm də Azərbaycanla müharibədə məğlubiyyətə uğramış “qədim və əzabkeş xalqın” könlünü alıb. İndi belə bir administrasiyanın Azərbaycan Prezidentinin separatçı ünsürlərin təslim olacaqları təqdirdə, onlara amnistiyanın şamil olunması məsələsinə baxılacağına dair fikirlərini alqışlaması haylar arasında böyük əndişə yaradıb.
Onu da nəzərə almaq lazımdır ki, ABŞ-da tarixən güclü erməni diasporu mövcud olub. Erməni diasporu Amerika Erməni Milli Komitəsinin timsalında İrəvan–Vaşinqton münasibətlərini tənzimləyir.
Separatçı rejimin ünsürləri narazıdır
“Azadlıq Radiosu”nun erməni xidmətinə açıqlama verən Xankəndi sakini Qayane Arstamyan deyib ki, artıq onun nə Qərbdən, nə də Şərqdən heç bir gözləntisi yoxdur. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Azərbaycan Prezidentinin Qarabağ erməniləri ilə bağlı bəyanatını alqışlaması isə onu əməlli-başlı qəzəbləndirib: “Əgər Amerika özünü dünyada demokratiyanın lideri kimi təqdim edirsə, onda qoy nə danışdığını düşünsün”.
Qarabağdakı separatçı rejimin “deputatları” da okeanın o tayından verilən açıqlamadan narazı qalıblar. Özünü separatçı rejimin “deputatı” adlandıran və “parlament”dəki çoxluğun rəhbəri Artur Arutyunyan ABŞ-ın amnistiya ideyasını alqışlamasını qəbuledilməz sayır: “Sülh danışıqlarında faktiki vasitəçi olan bir ölkənin bunu rəsmən bəyan etməsi qınaq doğurur. Burada cinayətkar yoxdur, insan öz hüquq və azadlığı uğrunda (?) mübarizə aparırsa, o, cinayətkar deyil”.
Qarabağdakı separatçı “parlament”in müxalifətdə olan üzvü David Qalstyan isə ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar prosesindən heç nə gözləmədiyini bildirib. Deyib ki, Nikol Paşinyan harda varsa, Qarabağ məsələsində bir addım geriyə gedirlər: “Hər dəfə bu cür görüşlərdən sonra bizdə böhran daha da dərinləşir. Bu, vasitəçi ölkələrlə yox, ermənilərin maraqlarını təmsil edən, amma onun maraqlarını dəstəkləmək və təbliğ etmək iqtidarında olmayan şəxslə bağlıdır”.
Erməni diasporu Blinken əleyhinə məqalə yazdırdı
Erməni diasporu da sakit oturmayıb. Amerika Sahibkarlıq İnstitutunun baş elmi işçisi Maykl Rubin “Vaşinqton Eksaminer” jurnalı üçün yazdığı məqalədə Antoni Blinkenin Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətindəki mövqeyini sərt təndiq edib. Qeyd edib ki, xəbərdaredici qırmızı işıqlar yanıb-sönsə də, A.Blinken Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında israrlıdır: “Dövlət katibi sülh sazişini bu vəzifədə digər nailiyyətlər əldə etmədiyi fonda müvəffəqiyyətli hesab edə bilər, lakin Blinkenin hərəkətlərinin nəticələri çox böyük olacaq. Ola bilsin ki, o, Nobel Sülh Mükafatını istəyir. Norveç Nobel Komitəsi buna çətin ki, razılaşsın. Blinkenə bu mükafatın verilməsi Nobel Komitəsinin 2019-cu ildə Efiopiyanın Baş naziri Abiy Əhmədə verdiyi mükafat kimi humanitar fəlakətdən xəbər verəcəkdir. Blinkenin sülh planı ilə bağlı problemlər çox böyükdür”.
Məqalədə qeyd olunur ki, Azərbaycan erməni keşişlərinin Xudavəng (ermənilər “Dadivank” deyir-S.H) monastır kompleksini tərk etməsini tələb edəndə (?) Blinkenin susması onun mədəni məhvə (?) biganəliyindən xəbər verir: “Bununla belə, qeyd etmək lazımdır ki, Blinkenin susması istisna deyil, qaydadır. İstər Nigeriya, istər uyğurlar, istərsə də Cənubi Qafqaz olsun... Blinken, Holokost yaxınlaşanda yəhudilərin nasist Almaniyasına geri göndərilməli olduğunu iddia edən Kordell Halldan (1933-44-cü illərdə ABŞ Dövlət Katibi) sonra ən pis dövlət katibidir”.
Açıq-aşkar ermənipərəst mövqedən yazılan məqalədə Dövlət Departamentinin məlum açıqlamasının təəccüb doğurduğu bildirilir. “Mənəvi ekvivalentliyə son qoymağın vaxtıdır. Demokratiya sülhün xəbərçisi olmalıdır”, – yazan müəllif Azərbaycan dərsliklərində və kütləvi informasiya vasitələrində milli ədavətin qızışdırılmasına (?) son qoyulmasına çağrış edib. “Obama administrasiyası dövründə Ceyk Sallivanın təkəbbürü, sadəlövhlüyü və ambisiyası İranın xeyrinə oldu və islam respublikasını nüvə silahı hazırlamaq həddinə çatdırdı. Blinkenin eqosunun, sadəlövhlüyünün və ambisiyasının bədəli on minlərlə erməninin həyatı bahasına ödəniləcək”, – məqalə bu cür təxribatçı fikirlərlə yekunlaşır.
Metyu Brayza: “Erməni xalqı müharibədən yorulub, Bakı ilə sülh istəyir”
Ancaq ermənilərin və onların havadarlarının nə deməsindən, yazmasından asılı olmayaraq, Vaşinqtondan müsbət impulslar gəlməkdə davam edir. Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunda həmsədr olmuş Metyu Brayzanın bu günlərdə verdiyi müsahibədə səsləndirdiyi fikilər bu baxımdan diqqəti cəlb edir. O qeyd edib ki, erməni əhalisi müharibədən yorulub, Bakı ilə sülh istəyir və Paşinyanı dəstəkləyir: “Sülh müqaviləsinin imzalanmasının alternativi yoxdur. Ermənistan ordusu Azərbaycan tərəfindən məhv edilib. Ermənistan Azərbaycanla müharibə apara bilməz. Hazırda onların çıxış yolu yoxdur. Əgər ermənilər normal yaşamaq istəyirlərsə, onlara “Böyük Ermənistan” haqqında tarixi miflər yox, sülh, çörək, pul, investisiya lazımdır və bu olacaq. Onların lideri Paşinyan da, Prezident İlham Əliyev də sülh istəyir. Mən hesab edirəm ki, bu, son 30 ilin ən gözəl anıdır”.
ABŞ səfiri Zəngəzurdan sülh mesajı verdi
Bu arada ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn Azərbaycanla sərhədə gedib. O, Zəngəzur (Sünik) vilayətinə səfər zamanı Gorus rayonunun Dığ (ermənilər “Teq” deyir – S.H.) icmasına baş çəkib və burada “sərhəddəki gərgin vəziyyətin birbaşa şahidi olub”. ABŞ-ın Ermənistandakı səfirliyinin səfərlə bağlı yaydığı məlumatında deyilir: “Davamlı və ədalətli sülhün gətirəcəyi müdafiə və təhlükəsizliyə hər kəs layiqdir”. Kristina Quinn, həmçinin Zəngəzurda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri və sakinlərlə görüşüb, onlar təhlükəsizlik mühiti ilə bağlı dərin narahatlıqlarını (?) bildiriblər.
Qeyd edək ki, bu, ABŞ səfirinin Azərbaycanla sərhədə getməsinə dair ilk hal deyil. Xanım səfir martın əvvəlində Zəngəzur qubernatoru Robert Qukasyanla Laçın–Xankəndi yolunun başlanğıcında olmuşdu. Bununla bağlı səfirliyin yaydığı rəsmi məlumatda Laçın–Xankəndi yolu “Laçın dəhlizi” adlandırılmışdı. Həmçinin yolun 3 aya yaxındır nəqliyyatın hərəkəti üçün bağlı olduğu vurğulanmışdı.
İlyas HÜSEYNOV,
politoloq:
– ABŞ Dövlət Departamentinin cənab İlham Əliyevin məlum fikirlərini alqışlamasından sonra biz zəncirvarı şəkildə erməni lobbisinin, həmçinin Ermənistan daxilində revanşistlərin aktivləşməsini müşahidə edirik. Erməni diaspor və lobbisinin əsas istəyi regionda gərginliyin, problemlərin, eskalasiya risklərinin güclü olaraq qalması ilə bağlıdır. Çünki bu zaman erməni lobbisi problemləri ABŞ-a, belə demək mümkünsə, sataraq böyük maliyyə əldə edir. Ona görə də erməni lobbisi iki ölkə arasında sülhün əldə olunmasına qarşı çıxır. İstənilən halda sülhə və birgəyaşayışa dair verilən mesajlar ABŞ tərəfindən bu cür yüksək qiymətləndirilibsə və dünya erməniləri arasında problemlərə yol açıbsa, bunun özü sülh yolunda böyük irəliləyiş kimi qiymətləndirilməlidir. Eyni zamanda erməni lobbisinin regional sülhə vurduqları zərbə onu deməyə əsas verir ki, onların daxilində sülhlə bağlı yekun mövqe yoxdur. Monolit olmayan bu toplum sülhün onlara nə dərəcədə lazım olduğunu və sülhə qarşı çıxmağın hansı nəticələrə gətirib çıxara biləcəyini hələ özləri üçün müəyyənləşdirə bilməyib.
Səxavət HƏMİD,
“Xalq qəzeti”


