İyunun 4-də “Qlobal köləlik indeksi” üzrə hesabat açıqlanıb. Onu Beynəlxalq Əmək Təşkilatı, “Walk Free” Fondu və Beynəlxalq Miqrasiya təşkilatı birgə hazırlayıblar. Aydınlıq yaransın deyə qeyd edək ki, hesabatda bəhs edilən “müasir köləlik” şərtləri “klassik köləlik”dən fərqlidir. “Müasir köləliyi” “klassik köləlik”dən fərqləndirən əsas məqam budur ki, o, bir insanın başqa bir insan üzərində mülkiyyət hüququnun olmasını deyil, hansısa insanın ağır şəraitin, sosial-iqtisadi vəziyyətin yükünü çəkməsini ehtiva edir. Məcburi əməklə məşğul olanlar, borcla işləyənlər, məcburi nikaha cəlb edilənlər və seksual istismara məruz qalanlar “müasir kölələr” sayılırlar.
Hesabatın nəticələrinə görə, hazırda dünyada 50 milyona yaxın insan “müasir kölə” sayılır. 50 milyonun 27 milyon 600 min nəfəri zorla çalışdırılan şəxslərdirlər. Qalanları isə zorla evləndirilmişlərdir. Yəni, dünya əhalisinin hər 150 nəfərindən biri “müasir kölə” sayılır. Ona görə ki, ya zorla çalışdırılır, ya da zorla evləndirilib.
Hesabat adlandırılan bu sənədin bəlkə də üzərindən keçmək olar. Amma problem ondadır ki, Azərbaycan müxalifəti onu ciddiyə alaraq, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq üçün fürsətə çevirib.
Hesabatda Azərbaycanla bağlı göstəricilərə də yer verilib. Təqdim edilən rəqəmlərə inansaq, ölkəmizdə hər min nəfərə düşən müasir köləlik göstəricisi 10.6-dır. Sənəd müəlliflərinin qənaətinə görə, bu hesabla Azərbaycanda 107 min nəfər insan “müasir köləlik”dən əziyyət çəkir. Müxalifət sözçüləri iddia edirlər ki, Avropa və Mərkəzi Asiya bölgəsindəki toplam 47 ölkə arasında Azərbaycan “müasir köləlik” göstəricisinin ən yüksək olduğu 10-cu ölkədir. Hətta, Ermənistandan da öndədir. Çünki, hesabata əsasən, Ermənistanda əhalinin hər min nəfərinə düşən müasir köləlik göstəricisi 8.9-dur. Yəni, Azərbaycanla müqayisədə 16 faiz azdır.
“Qlobal köləlik indeksi”nin subyektiv mülahizələrlə hazırlandığını və tendensiyalı olduğunu isbatlamaq üçün geniş araşdırma aparmağa zərurət yoxdur. Təkcə Ermənistanın Azərbaycana nisbətən “müasir köləlik” üzrə daha yaxşı durumda olduğunun qeyd edilməsi faktına diqqət yetirmək kifayətdir ki, hesabatın obyektivliyini mübahisələndirmək mümkün olsun. Bu indeksin nəticələrinə istinad edən radikal müxalifət təmsilçilərinin açıqlamalarından belə qənaət formalaşır ki, Ermənistanda əhalinin sosial rifah halı Azərbaycanla müqayisədə yaxşıdır.
Amma dünyanın məşhur analitik mərkəzlərinin və ya obyektiv araşdırma materialları dərc edən KİV qurumlarının hazırladıqları materiallara baxsaq, tamamilə fərqli mənzərənin şahidi olarıq. Məsələn, bu kontekstdə “Jamestown.org” xəbər portalının təqdimatları müqayisə üçün yaxşı nümunədir. Media orqanının analitik yazılarından biri Ermənistanda demoqrafik durumu təsvir edir. “Ermənistanın demoqrafik çöküşü” başlığı ilə təqdim edilən məqalə “data jurnalistikanın” standartları ilə hazırlanıb, rəqəmlərin müqayisəsi verilib. Oxuyarkən aydın olur ki, SSRİ dövründə, İttifaq büdcəsindən dotasiya aldığı zamanlarda Ermənistan əhalisi sürətlə artıb. 1990-cı illərdə, yəni SSRİ-nin dağılması ərəfəsində, təqribən 3 milyon 200 min nəfər civarında əhalisi olub. Hazırda isə ölkənin əhalisinin sayı rəsmi statistikaya görə 2 milyon 951 min nəfər, qeyri-rəsmi məlumatlara görə isə 2 milyon civarındadır. Fərq etməz, hər iki rəqəmdən çıxan nəticə budur ki, müstəqillik dövründə, yəni son 30 il ərzində Ermənistan əhalisinin sayı artmayıb, əksinə, sürətlə azalıb. Analoji məqalədə Azərbaycanın da təsviri var. Göstərilir ki, 1990-cı ildə, yəni müstəqillik qazanmaq ərəfəsində 7 milyon 131 min nəfər əhalisi olan Azərbaycanda 2020-ci ildə əhali sayı 10 milyon nəfəri keçib. Deməli, Ermənistandan fərqli olaraq, son 30 il ərzində Azərbaycan əhalisi azalmayıb, artıb. “Jamestown.org” geniş şərh vermir, mövqe bildirmir, sözlə Ermənistanı pisləmir. Sadəcə rəqəmlərlə hər şeyi izah edir, çox aydın təsəvvür yaradır. Məntiqi nəticə çıxır: əgər Ermənistanda sosial göstəricilər, əhalinin rifah halı Azərbaycandan yüksəkdirsə, onda hansı məntiqlə Ermənistan əhalisinin sayı azalır, Azərbaycan əhalisi isə artır? Axı, beynəlxalq standartlara görə, ölkələrdə sabit demoqrafik artım tempi həm də sosial-iqtisadi inkişafın, rifah halının təzahürlərindən biri kimi qəbul edilir. Əgər Ermənistanda sosial rifah halı “Qlobal köləlik indeksi”ndə göstərildiyi kimi, Azərbaycana nisbətən yüksək olsaydı, məntiqlə Ermənistan əhalisi artmalı idi. Dünyanın məşhur analitik mərkəzlərinin və ya obyektiv araşdırma materialları dərc edən KİV qurumlarının hazırladıqları alternativ hesabatları oxuyarkən, buna bənzər 100-lərlə təzadlı fakt görürük. Həmin faktlar Ermənistanda sosial standartların acınacaqlı durumda olması, ən azı Azərbaycandan pis vəziyyətdə olması barədə təsəvvür formalaşdırır. Qeyd etdiyimiz kimi, bunu rəqəmlərlə, faktlarla sübuta yetirirlər.
Təzadlı hallardan biri də odur ki, adları “Qlobal köləlik indeksi”nə düşən ölkələrdən 6-sı G20 təşkilatının üzvləridir. Türkiyə də bu sırada yer tutur. Yəni, belə çıxır ki, dünyanın inkişaf etmiş 20 ölkəsindən 6-sı sosial rifah halına görə Ermənistandan geridədir. Gülünc deyilmi?
Bəs “Qlobal köləlik indeksi”ni hazırlayanlar hansı məntiqlə Ermənistanı önə çəkirlər? Bu suallar verilməlidir, təhlillər aparılmalıdır, real nəticələr ortaya qoyulmalıdır. Amma təəssüf ki, erməni şəbəkəsinin təbliğatçısına çevrilmiş Azərbaycanın radikal müxalifət təmsilçiləri bu məqamın üzərindən sükutla keçirlər, yanlış təbliğat aparır, insanların fikirlərini qarışdırır, onların reallıqları görmələrinə mane olurlar. Bunun da öz səbəbləri vardır.
Qeyd etmək zərurdir ki, 44 günlük müharibədəki İkinci Qarabağ savaşındakı məğlubiyyətdən sonra erməni şəbəkəsinin Azərbaycana qarşı informasiya təxribatları şiddətlənib. Daxildəki “5-ci kalon” təmsilçilərinin bu şəbəkəyə dəstəyi isə durumu ağırlaşdırır.
Bəli, Azərbaycan əhalisini çaşdırmaq, qalibiyyət ruhunu öldürmək üçün çeşidli mövzular tapılıb gündəmə gətirilir. Bu kontekstdə, guya, “Ermənistanda sosial təminatların Azərbaycandan yüksək olması” qismində qondarma iddialar da yer tutur. Belə təbliğatlar yalançı, qondarma faktlar üzərində qurulur, reallığı əks etdirmir. Qısaca deyə bilərik ki, “Qlobal köləlik indeksi” üzrə təbliğat qurub Azərbaycanı gözdən salmağa çalışanlar özləri “köləlik sindromu”ndan əziyyət çəkənlərdir.
Müşfiq ƏLƏSGƏRLİ,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti

