Azərbaycan–Ermənistan sülhü: Kişineudan Brüssel üçün nikbin ovqat

post-img

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi, Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə beştərəfli qeyri-rəsmi görüşü başa çatdı. 

Bəribaşdan bildiririk ki, “Avropa si­yasi birliyi”nin ikinci Zirvə toplantısı çər­çivəsində reallaşmış görüşün müsbət atmosferdə baş tutduğu məlumdur. Hal­buki, əvvəldən nikbinliyin hasil olacağı­na ümid az idi. Çünki Cənubi Qafqaz liderlərinin Bakı–İrəvan nizamlaması üzrə Rusiya formatı çərçivəsində ger­çəkləşmiş 25 may təması kifayət qə­dər gərgin mənzərə formalaşdırmışdı. Deməli, Qərbin sülh missiyası Kremlin vasitəçiliyindən daha effektivdir. Hər halda, bunu söyləmək üçün əsaslar var. 

Əvvəla, Azərbaycan–Ermənistan münasibətləri baxımından Qərb formatı­nın davamlılığı görünür. Ən azından, bu formatın özünü Moskva vasitəçiliyinin bədbinlik ruhunun təsirindən sığortala­dığı aşkardır. Gələn ayın 21-də Brüssel­də tərəflər üçtərəfli formatda (Prezident İlham Əliyev, Aİ Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan – red.) yenidən bir araya gələ­cəklər ki, bu isə dünənki qeyri-rəsmi görüşdə xeyli məqamlara nəzər salın­dığını, gələcək müzakirə gündəliyinin dəqiqləşdirildiyini söyləmək üçün yetərli sayıla bilər. Deməli, 21 iyul 2023-cü il tarixindən sülh yolunda minimum irəlilə­yiş gözləmək mümkündür. Əlbəttə, ciddi irəliləyişin baş verməsi daha yaxşı olar. 

Kişineuda əldə edilmiş razılaşma­lardan biri də liderlərin 21 iyul görü­şünədək, hər iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda növbəti dəfə bir araya gəlmələri ilə bağlıdır. Bu isə ondan xəbər verir ki, kollektiv Qərb ni­zamlamasının ABŞ xətti də aktivdir və Ağ Ev danışıqlar prosesində fəallığını qorumaqdadır. Mövcud xüsusda yada düşən Azərbaycan və Ermənistan XİN başçılarının ötən ayın əvvəlində dörd gün davam etmiş müzakirələridir. O mü­zakirələr ki, onun nəticəsi kimi Azərbay­can və Ermənistan rəhbərlərinin mayın 14-də Ş.Mişelin vasitəçiliyi ilə reallaş­mış təması müsbət nəticələndi – Bakı və İrəvan konkret ərazi hüdudları daxi­lində bir-birilərinin suveren hüquqlarını tanıdıqlarını açıqladılar. Belə görünür, liderlərin növbəti Brüssel görüşünədək, başlıca yük yenə xarici siyasət idarələ­rinin üzərinə düşəcəkdir. Bu məqam da 21 iyul görüşü zamanı masaya daha konkret məsələlərin çıxarılacağına ümid yaratmaqdadır. 

Onu da vurğulayaq ki, ümumən, Ş.Mişelin vasitəçiliyi ilə aparılan danışıqlar daha çox koordinasiya xarakteri daşı­maqdadır. Fransa və Almaniya liderlə­rinin dünənki iştirakçılığı isə prosesin qeyri-formal xarakterini vurğulamaqda­dır. Yəni, əsas müzakirələr Aİ-nin üç­tərəfli formatındadır. Bu isə onun göstə­ricisidir ki, Qərb başlanılmış təşəbbüsün kənar təsirlərdən qorunmasına ciddi səy göstərir. Nəzərə alaq ki, ümumən, Almaniya Azərbaycan–Ermənistan mü­nasibətlərindəki gərginliyə münasibətdə neytrallığını qorusa da, Fransa barədə eyni sözü söyləmək mümkünsüzdür. Ən azı ötən ilin xoşagəlməz oktyabr təcrü­bəsi var. Bu mənada Aİ-nin öz təşəb­büsünün üstündə, necə deyərlər, əs­məsi prosesin məntiqi yekuna çatması nöqteyi-nəzərdən xüsusi vurğulanmalı məqamdır. 

Məntiqi yekundan söz düşmüşkən, beştərəfli qeyri-rəsmi görüşdə bir daha sülh müqaviləsi üzrə danışıqların in­tenstivləşdirilməsinin vacibliyi qeyd olundu. Hesab edirik ki, intensivlik mən­tiqini təsdiqləyən cəhət həm liderlərin cəmi bir ay iyirmi gündən sonra yenidən bir araya gəlmələrinin, həm də həmin müddətdə XİN rəhbərlərinin müzakirələr aparacaqlarının bildirilməsidir. 

“Xalq qəzeti”nin analitik qrupu

Siyasət